Vətən müharibəsi şəhidinin məzarı ziyarət edilib FOTOLAR

Vətən müharibəsi şəhidinin məzarı ziyarət edilib FOTOLAR

44 günlük Vətən müharibəsində tarix yazan qəhrəmanlarımızdan biri də Solnçyev Dmitriy Aleksandroviç oğludur. O, 1995-ci il aprelin 15-də Bakı şəhərində anadan olub. Milliyyətcə rus idi. Uşaq yaşlarında həm anasını, həm də atasını itirib. Bir bacısı var idi.2001-2012-ci illərdə Nəsimi rayonunda 240 nömrəli tam orta məktəbdə təhsil alıb. 2012-2016-cı illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ali təhsil alıb. Subay idi.

Dmitri Solnsev 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Nəsimi Rayon Hərbi Komissarlığına müraciət edib və Azərbaycan Ordusu sıralarına yazılıb.

Azərbaycan Ordusunun əsgəri olan Dmitri Solnsev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Dmitri Solnsev oktyabrın 24-də Qubadlı döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Dmitri Solnsev ölümündən sonra "Vətən uğrunda", 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə"medalları ilə təltif edilib.

Vətən müharibəsi şəhidi Solnçyev Dmitriy Aleksandroviçin doğum günü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, rayon ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə