Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq! MƏQALƏ

Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq! MƏQALƏ

2018-ci ildə "Biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq" tezisi 2020-ci ildə "Qarabağ Azərbaycandır!" şüarına çevrilərək Azərbaycanın müstəqilliyinin dönməz, əbədi olduğunu bir daha sübuta yetirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ildə yenidən Prezident seçilməsindən 4 il ötür. Dövlətimizin başçısının 2003-cü ildə ilk dəfə Prezident seçilməsindən ötən 15 il ərzində Azərbaycan misilsiz inkişaf yolu keçib. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Prezident İlham Əliyevin uzaqgörən siyasəti və həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da möhkəmlənib.

2003-cü ildən ötən dövr ərzində ölkə rəhbərliyi tərəfindən görülən işləri yüksək qiymətləndirən xalqımız 2018-ci il aprelin 11-də keçirilən növbəti prezident seçkilərində bir daha Prezident İlham Əliyevə səs verib. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. Beləliklə, xalqımız inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs verib. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşüb. 2018-ci ildə keçirilmiş seçkilər bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Xarici qrant hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərib. Beləliklə, 2018-ci ildə xalqımız Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara “hə” deyib.

2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, valyuta ehtiyatları 26,6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. İşsizliyin səviyyəsi 9,2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi isə 44,7 faizdən 5,4 faizə enib. Sosial infrastruktur inkişaf edib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb.

2003-2018-ci illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kredit verilib. Bu kreditlər və sahibkarların öz vəsaiti hesabına minlərlə yeni müəssisə yaradılıb, qeyri-neft sektorunun inkişafı təmin edilib.

Bu dövrdə iqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf edib, 15 il ərzində sözügedən sahəyə xüsusi diqqət göstərilib. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verilib və ölkə böyük gəlirlər əldə etməyə başlayıb. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirib. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 2018-ci il mayın 29-da Bakıda “Cənub Qaz Dəhlizi”nin, iyun 12-də isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu qaz boru kəmərinin açılışı olub.

Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün ölkəmizin bütün bölgələri o cümlədən Qəbələ sürətlə inkişaf edir. Rayonun sosial-iqtisadi inkişafı və zəngin turizm potensialı yaxın illərdə Qəbələnin dünyanın məşhur turizm mərkəzlərindən birinə çevriləcəyinə zəmin yaradır. Təsadüfü deyildir ki, Prezident İlham Əliyev Qəbələ rayonuna səfərləri zamanı yeni beşulduzlu otel və istirahət mərkəzlərinin açılışında iştirak edir, turizmin daha da inkişafı üçün dəyərli tövsiyələrini verir. Bu qayğıdan ruhlanan iş adamları dünyanın daha müasir turizm xidmətlərini rayonda tətbiq etmək və turistləri heyrətləndirmək üçün yeni otel və istirahət mərkəzlərinin inşasını həyata keçirirlər.

Qəbələnin son illər bir sıra beynəlxalq mədəni-kütləvi tədbirlərə ev sahibliyi etməsi də bu rayona işgüzar səfərə və istirahətə gələnlərin sayını dəfələrlə artırmışdır. O cümlədən, yay-qış turizminin inkişafı, habelə kənd təsərrüfatının tərəqqisi, eləcə də digər sahələr üzrə sürətli yüksəliş tendensiyaları bu uğurların təməllərini möhkəmləndirməkdədir.

Qeyd olunan illər, eyni zamanda, Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. 2016-cı ilin Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərib. 2020-ci ildə Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan böyük Qələbə ölkəmizin qəti Zəfərini təmin edib. 2018-ci ildə "Biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq" tezisi 2020-ci ildə "Qarabağ Azərbaycandır!" şüarına çevrilərək Azərbaycanın müstəqilliyinin dönməz, əbədi olduğunu bir daha sübuta yetirib.

Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən İlham Əliyev ötən 19 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrilib. Bu gün ölkəmizin uğurlu inkişafı Prezident İlham Əliyev tərəfindən əminliklə davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Böyük qayıdış prosesinin başlanması üçün ciddi addımlar atılır. Azərbaycan xalqı daha inamla irəliyə baxır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq!

Abil Ağasəfov,

YAP Qəbələ rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə