Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə qeyd etmişdir ki, əsas məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır.
Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilmişdir. İlk növbədə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam edilmiş və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. BMT xətti ilə Şuşa şəhərində beynəlxalq tədbir keçirilmişdir - Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir. Bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur; 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan xalqı güc vasitəsilə həll etdi. Azərbaycan tərəfindən Qarabağ münaqişəsinin həlli, eyni zamanda, BMT-nin üzərindən öz qətnamələrin icra olunmaması ilə bağlı yükü götürmüş oldu.
Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər. ATƏT də yeni reallıqları tam qəbul edib. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də sıfırdır.
Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir. Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir.
30 il ərzində birinci dəfə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında telefon söhbəti də olmuşdur. Bu təcrübə müsbət qiymətləndirilməlidir. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır.
Müharibənin 44 gününün hər günü dərindən təhlil edildi və aparılmış təhlil imkan verdi ki, gələcək ordu quruculuğu daha effektiv təşkil olunsun. Yeni silahların, texnikaların alınması təşkil edilir.İndi dünyada proseslər mənfi istiqamətdə gedir. Toqquşmalar, müharibələr alovlanır və gələcəkdə sabitliyin təmin edilməsi ilə bağlı müxtəlif fikirlər var. Dünyada ərzaq qıtlığı ola bilər. Hazırda dünyada ərzaq məhsullarının qiymətləri kəskin artır. Bu proses bir neçə ay bundan əvvəl başlamışdır. Əlbəttə ki, Rusiya-Ukrayna müharibəsi bunu daha da sürətləndirib, xüsusilə nəzərə alsaq ki, Rusiya və Ukrayna dünyada aparıcı taxıl ixracatçıları arasındadırlar və digər ərzaq məhsullarını dünya bazarlarına ixrac edirlər. İndi artıq təbii qıtlıq hiss olunur və hiss olunacaq. Bu səbəbdən ərzaqlıq buğda ilə təminatımız diqqət mərkəzində olmalıdır. Azad edilmiş torpaqlarda əkin işlərinin daha da genişmiqyaslı aparılması üçün göstərişlər verilib.
Azərbaycanda ümumi taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə isə özümüzü cəmi 25 faiz təmin edirik. Sahibkarlara məqsədyönlü kreditlər, güzəştli kreditlər verilməlidir ki, məhz bu sahə inkişaf etsin. Çünki buğda əsas ərzaq məhsuludur. Azad edilmiş torpaqlarda indi böyük əkin işləri aparılır.
Təxirəsalınmaz tədbirlər nəticəsində ikinci dəfə əkin aparılır və bu il 50 min hektarda əkin aparılacaq.Zəngəzur dəhlizi açılmalıdır. Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılmışdır. İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi də artıq hazırlanır. Nəqliyyat infrastrukturu ilə bağlı olan bütün planlarımız vaxtlı-vaxtında yerinə yetirildi. 100 kilometr uzunluğu olan Horadiz-Ağbənd dəmir yolunun 60 kilometri artıq hazırdır.
10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Ermənistan bizim planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq.
Tarixdə heç vaxt yollar olmayan yerlərdə, ərazilərdə təkcə keçən il 700 kilometrə yaxın yollar çəkilib. Laçın şəhərindən yan keçən yeni alternativ yolun istifadəyə verilməsi də bu ilə planlaşdırılır. Bu yolun da çox böyük əhəmiyyəti var. Bu il istifadəyə veriləcək yolların arasında Füzuli-Hadrut avtomobil yolu, Qubadlı-Eyvazlı kəndi yolu və digər yollar var. O cümlədən Kəlbəcər və Laçın rayonlarında hərbi əhəmiyyətli yolların çəkilişi davam etdiriləcək.
Şuşada icra olunan layihələr xüsusi əhəmiyyətə malikdir. Şuşanın bərpası bütün digər azad edilmiş torpaqlarla yanaşı çox önəmlidir. İndi Şuşada artıq bərpa işləri gedir, bəzi tarixi abidələr bərpa edilib. Tarixi abidələr bərpa edilir, Heydər Əliyev Fondu 3 məscidi əsaslı şəkildə bərpa edir, eyni zamanda, yeni məscidin inşası yaxın aylarda başlanacaq. Şuşada yeni teleqüllənin təməli qoyuldu. 960 şagirdlik məktəb, 90 çarpayılıq xəstəxana inşa edilir. Bu layihələrin təməli qoyuldu. Keçmiş poçt binasında “ASAN xidmət”, DOST mərkəzi və əhaliyə xidmət göstərən digər qurumlar yerləşəcək. Poçt binası memarlığı saxlanılmaq şərti ilə əsaslı şəkildə təmir olunacaq. Şuşada yaşayış məhəlləsinin təməli qoyuldu, evlərin inşasına start verildi. Yeni beşulduzlu otelin inşası üçün yer seçildi.
Həm Azərbaycan vətəndaşları, həm dünya ermənilərin 30 illik cinayətlərin fəsadlarını bilməlidir. Həkəri çayı - ən böyük çaylardan biri, istifadə edə bilmirdik. Bazarçay. Buna Bərgüşad çayı da deyilir. Lev çay, Zabux, Tutqun, Turqay, Bəsitçay, Qarqarçay, Quruçay, Köndələnçay, Oxçuçay. Bütün bu çayları ermənilər işğal etmişdilər, vəhşicəsinə istismar edirdilər. Oxçuçay çayının fəlakəti indi dünyanın gözü qabağındadır. Oxçuçayı zibilləyən, zəhərləyən “Cronimet” şirkətidir. Bu, böyük şirkətdir və bəzi xarici mətbu orqanlarında gedən məlumatlara görə, korrupsiya sxemləri əsasında Serjik Sarkisyanın keçmiş xunta rejiminin nümayəndələri ilə bunların qanunsuz biznes əlaqələri olub və onlar birlikdə orada o mis kombinatını işlədiblər".
Azərbaycanda dövlətçilik ənənələrinin zənginləşdirilməsi, müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması bizləri sevindirir. Bu illər ərzində Azərbaycanda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlar ölkəmizin potensial imkanlarını artırmış, daxili və xarici siyasəti formalaşdırmışdır.
Artıq Qarabağ həqiqətləri, işğalla bağlı erməni vəhşiliyi dünya ictimaiyyərinə lazımı qədər çatdırılmışdır. Müzəffər Ordumuz öz torpağımızda uğurlu hərbi əməliyyat apararaq, müharibə qanunlarını pozmayaraq döyüş meydanında düşməni məğlub edərək onu bir dəfəlik torpaqlarımızdan qovmuşdur.
Xalqımıza quruculuq işlərində uğurlar arzulayırıq!
Hacı Hacıyev
Azərbaycan KP MİK sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB