ATƏT-in Minsk qrupu – ölü qurum dəfn edildi! ANALİTİK+AKTUAL

Prezident İlham Əliyev: “Minsk qrupu, onun həmsədrlər formatı faktiki olaraq qeyri-funksional vəziyyətdədir”

Vaxtilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ” münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılmış və bu missiya ilə təhkim olunmuş ATƏT-in Minsk qrupunun 28 il boyunca sözdə “fəaliyyət göstərirmiş” görüntüsü altında turist səfərləri tətbiq etməsi nəticə etibarı ilə iflasa uğradığını çoxdan bəlli etmişdi. Sadəcə, torpaqları işğala məruz qalmış Azərbaycanın ədalətli tərəf olmasına rəğmən, yüksək təmkin göstərməsi və illər boyu münaqişənin sülh yolu ilə həll olunacağına ümid etməsi həmin qurumun bu günə qədər dəyişən çoxsaylı həmsədrləri tərəfindən ciddi qəbul olunmadı və nəticədə rəsmi Bakı səbrinin tükəndiyini nümayiş etdirməklə cəbhə boyunca xain hücuma keçən düşmənə qarşı əks-hücum əməliyyatlarına start verdi. Əslində, bu baş verməyə və Azərbaycanın ədalətli tələbləri diqqətə alına, işğalda qalan torpaqları BMT tərəfindən qəbul edilmiş dörd qətnamə əsasında qeyd-şərtsiz azad edilə, minlərlə insanların həyatları xilas ola bilərdi. Təəssüf ki, ATƏT-in Minsk qrupunun ABŞ-dan, Fransadan və Rusiyadan olan həmsədrləri baş verə biləcək hadisələri burunlarından o yana görə bilmədilər və zaman-zaman işğal faktına göz yumaraq vəziyyətin get-gedə gərginləşməsinə yol açdılar.

Beləliklə, 2020-ci ilin sentyabrın 27-də başlanan Zəfər yolu 2020-ci ilin 10 noyabrında başa çatdırıldı və əzəli torpaqlarımız düşmən tapdağından azad edildi, Ermənistan Rusiyanın vasitəçiliyi ilə Azərbaycanın qarşısında diz çökməklə kapitulyasiya sənədinə imza atdı. O cümlədən, Azərbaycan 28 il müddətində ATƏT-in Minsk qrupunun görə bilmədiyi işi 44 gündə həll etdi!

Maraqlıdır ki, bundan sonra Minsk qrupunun həmsədrləri yenidən özlərini “biz də varıq” timsalında nümayiş etdirməyə cəhdlər göstərdilər, çünki onlar hələ də öz şəxsi və digər mənafelərini güdəcəklərini sanırdılar. Lakin onların bu dəfəki arzuları ürəklərində qaldı və xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri zaman dövlət başçımızın vurğuladığı ifadələri isbat etdi ki, onlar ölü qurumdurlar və qalır siyasi dəfnlərinin realizəsinə ki, artıq həmin prosesə start verilib.

Dövlətimizin başçısından xatırlatma: “Bu, onların Azərbaycana müharibədən sonra birinci və sonuncu səfəri idi... Nəticə göz qabağındadır və bir daha demək istəyirəm ki, nəticə sıfır”

Əbəs deyil ki, Prezident İlham Əliyevin Sədrliyi ilə aprelin 12-də keçiriləm müşavirədə bu barədə kifayət qədər açıq bəyanatlar verildi. Məsələn, dövlət başçımızın Minsk qrupuna mandatın ATƏT tərəfindən verildiyini xatırlatması, 44 günlük müharibədən sonra isə məhz ATƏT də yeni reallıqları tam qəbul etdiyini vurğulaması artıq bu cür nəticəyə gəlməyə kifayət qədər zəmin yaratmaqdadır. “Bu yaxınlarda ATƏT-in fəaliyyətdə olan sədri ilə mənim görüşüm olub və görüş bir daha onu göstərdi ki, ATƏT də yeni reallıqları qəbul edir və bu da çox əlamətdar hadisədir. ATƏT-in Minsk qrupuna gəldikdə, müharibədən dərhal sonra Minsk qrupunun həmsədrləri Bakıya gəlmişdilər. Bu, onların Azərbaycana müharibədən sonra birinci və sonuncu səfəri idi və o görüşlə bağlı mətbuatda kifayət qədər məlumat var, təkrar etmək istəmirəm”, deyə ölkə rəhbərimiz müşavirə zamanı qeyd edib.

Beləliklə, münaqişənin məhz Azərbaycanın öz gücü hesabına həll edildiyini qeyd edən Prezident İlham Əliyev əlavə edib ki, bizim mövqeyimiz həmişə birmənalı olub: “Biz müzakirə zamanı nəyi demişiksə, rəsmi açıqlamalarda da eyni tezisləri, eyni fikirləri səsləndirmişik. Biz bu münaqişəni özümüz həll etdik. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur. Bu haqda çox danışmaq istəməzdim. Nəticə göz qabağındadır və bir daha demək istəyirəm ki, nəticə sıfır və Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib”.

Prezident: “Biz deyirdik ki, siz bizə deyin görək, nə ilə məşğul olmaq istəyirsiniz? Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq”

Daha bir məqam Minsk qrupunun mandatının hələ də qalmasıdır, amma bu o demək deyil ki, adıçəkilən üçlük qrup həll edilmiş məsələ ətrafında yenidən hər hansı “ideyaları” ilə çıxış etsin. Əbəs deyil ki, dövlətimizin başçısı münaqişənin həlli üçün verilmiş mandatın faktiki olaraq, de-yure qüvvədə olduğunu desə də, de-fakto artıq etibarsız sayıldığını xüsusilə vurğulayıb və onu da əlavə edib ki, müharibədən keçən dövr ərzində - son Rusiya-Ukrayna müharibəsinə qədər olan dövr ərzində biz bu məsələ ilə bağlı rəsmi Bakı öz fikirlərini bəyan edib: “Bizim xarici işlər nazirimiz Minsk qrupunun həmsədrləri ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşmüşdür və biz deyirdik ki, siz bizə deyin görək, nə ilə məşğul olmaq istəyirsiniz? Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. Siz nə ilə məşğul olmaq istəyirsiniz, deyin, biz də bilək və öz fikrimizi bildirək. Bir ildən çox müddətdə bu məsələ ilə bağlı bizə hər hansı bir təklif verilməmişdir. İndiki şəraitdə isə Minsk qrupu, onun həmsədrlər formatı faktiki olaraq qeyri-funksional vəziyyətdədir”.

Digər bir məsələ isə budur ki, Misnk qrupunun fəaliyyətsizliyini, yaxud ölü qurum kimi sadəcə kağız üzərində qaldığını bəyan edən tərəflərdən biri də Rusiyadır. Misal üçün, xatırlada bilərik ki, bir neçə gün əvvəl Moskvada rəsmi səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla jurnalistlər üçün brifinq keçirərkən Rusiyanın xarici işlər naziri Sergey Lavrov da artıq üçlük qrupun bundan sonrakı fəaliyyətinin mənasız olduğunu qeyd edib.

Ölkə başçımızın yekun rəyi: “Hər hansı bir qrup şəklində fəaliyyətdən söhbət gedə bilməz”

Bu baxımdan da, Azərbaycan Prezidenti İlham Əliyev həmin məsələni xatırladaraq bildirib: “Bunu artıq bu həmsədr ölkələrin yüksəkvəzifəli şəxsləri bildirirlər və belə olan halda, əlbəttə ki, hər hansı bir qrup şəklində fəaliyyətdən söhbət gedə bilməz”.

Qeyd edilənlərlə yanaşı, dövlətimizin başçısı ATƏT-in nüfuzlu beynəlxalq təşkilat kimi bundan sonrakı proseslərdə rol oynaya biləcəyini bildirib, lakin bu təşkilatın mandat verdiyi və həmin mandatı fəaliyyətsizliyi ilə iflasa uğradan Minsk qrupunun varlığına ümumiyyətlə, heç bir ehtiyac, tələbat və s. yoxdur.

Nəticədə, “Hesab edirəm ki, ATƏT bir mötəbər beynəlxalq təşkilat kimi öz rolunu oynaya bilər. Bu yaxınlarda qeyd etdiyim kimi, ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşlər əsnasında mən bildirmişdim ki, vətəndaş cəmiyyətinin nümayəndələri, media nümayəndələri, digər ictimai rəyə nüfuz, yəni təsir edə bilən şəxslər ATƏT-in fəaliyyəti çərçivəsində, yəni ki, bu format çərçivəsində görüşlər keçirə bilərlər ki, Ermənistan-Azərbaycan əlaqələri normallaşsın. İndi gündəlikdə duran məsələ budur. Dağlıq Qarabağ münaqişəsi həll olunub. İndi məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır və istənilən beynəlxalq təşkilat, bu sahədə öz töhfəsini verə bilən təşkilat, əlbəttə ki, qəbulediləndir”, deyən Prezident ilham Əliyev də məsələ ilə bağlı yekun fikirlərini kifayət qədər açıq və aydın şəkildə izah edib. Yəni ATƏT-in Minsk qrupu – ölü qurum dəfn edilib...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə