Azərbaycan-Ukrayna münasibətləri hansı səviyyədə inkişaf edir? - POLİTOLOQ ŞƏRH ETDİ

Azərbaycan-Ukrayna münasibətləri hansı səviyyədə inkişaf edir? - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan və Ukrayna əlaqələrinin tarixi uzaq keçmişə dayanır və bu iki ölkə arasında olan münasibətlər hər zaman dost və müttəfiqlik çərçivəsidnə olub". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Onun sözlərinə görə, bu Xalq Cumhuriyyəti dövründə də, SSRİ dövründə də və hal hazırda da belədir: "Başqa sözlə münasibətlər tarixən mövcud olub və bu gün də davam edir. Tarixən Azərbaycan xalqını Ukrayna Respublikasının Krım yarımadasında yaşayan türkdilli xalq-Krım tatarları ilə daha sıx tellər bağlayyıb. Krım türklərindən olan İsmayıl Qaspiralı, Mustafa Krımoğlu və s. Azərbaycan ziyalıları tərəfindən bu gün də hörmətlə yad edilir. Ukraynada təxminən 500 min azərbaycanlı yaşayır. Bu ölkədə güclü Azərbaycan diasporu fəaliyyət göstərir və onlar ictimai-siyasi proseslərdə fəal iştirak edirlər, o cümlədən də rəhbər vəzifələrdə təmsil olunurlar.

Ukrayna MDB məkanında Azərbaycanın əsas strateji müttəfiqlərindən biridir və bu ölkə ilə sosail-iqtisadi, təhsil, mədəniyyət sahələrindən tutmuş hərbi əməkdaşlığa qədər demək olar ki, bütün sahələr üzrə münasibətlər mövcuddur. Azərbaycan və Ukrayna İqtisadi İnkişaf Naminə Təşkilat olan GUAM çərçivəsində də uzun illər ərzində kifayət qədər yaxşı münasibətlər qurmuşlar. Ukrayna Qarabağ savaşında da və savaşdan öncə də daim Azərbaycanın mövqeyini dəstəkləyən mövqe sərgiləyib. Azərbaycan da bütün bu illər ərzində Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və bu gün də Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edir. Çünki Azərbaycan beynəlxalq münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutur. Bu norma və prinsiplərdə də dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələsi həmişə ön sırada gəlir.

Rusiyanın Ukraynaya təcavüzü fonunda Azərbaycan tərəfindən Ukraynaya edilən humantira yardıma gəldikdə isə deməliyəm ki, müharibənin fəsadlarından uzun illər ərzində əziyyət çəkən və bunun nə demək olduğunu kifayət qədər yaxşı bilən Azərbaycanın Ukraynaya humanitar yardım göndərməsi təbiidir və təqdirəlayiqdir. Son humanitar yardım dövlət tərəfindən rəsmi olaraq edilən 3 –cü yardımdır və bu dəfəki yardım sırf tibbi ləvazimatlar və dərman vasitələrindən ibarətdir. Yardımın müvəqqəti olaraq Moldovada məskunlaşmış Ukrayna vətəndaşlarına çatdırılması nəzərdə tutulub. Bildiyimiz kimi Moldova Ukraynadan ən çox qaçqın qəbul edən ölkələrdəndir, bu baxımdan da orada məskunlaşan Ukraynalılar tibbi ləvazimat və dərmanlara daha çox ehtiyac duyurlar.

Lakin təbii ki, Azərbaycanın Ukraynaya dəstəyi təkcə bu yardımlarla bitmir. Müharibənin ilk günlərindən etibarən Ukrayna şəhərlərində SOCAR yanacaqdoldurma məntəqələrində təcili yardım, yanğınsöndürən və digər humanitar sahələrə aid maşınlara yanacaq pulsuz verilir. Dövlət tərəfindən həyata keçirilən bu dəstəkdən savayı xalqımız da Ukraynada müharibədən əziyyət çəkən insanlara dəstəyini əsirgəmir. Ukraynanın Azərbaycandakı səfirinin açıqlamasına görə xalqımız Ukraynaya humanitar yardım dəstəyinin verilməsində fəal iştirak edirlər və təkcə bir gün ərzində 3,5 tondan çox yardımın toplanması da bunun ən bariz göstəricisidir. Prezident Zelenski də Azərbaycandan Ukraynaya edilən yardımlarla bağlı mövqe bildirərək bunu Azərbaycan dövləti tərəfindən Ukraynanın haqq davasının dəstəklənməsinin göstəricisi adlandırıb. Başqa sözlə Azərbaycan nə mümkündürsə onu edir və etməkdə də davam edəcək".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə