Müharibə Rusiyanın beynəlxalq birlikdən təcrid olunması ilə nəticələnəcək - POLİTOLOQ ŞƏRH ETDİ
“Ukrayna savaşından öncə onun çox da uzun çəkməyəcəyi ehtimal edilirdi. Əksəriyyət hesab edirdi ki, Ukrayna ordusu Rusiyanın nəhəng hərbi potensialı qarşısında duruş gətirə bilməyəcək”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, hətta Rusiya siyasi dairələri savaşın ilk saatlarında ən uzağı üç gün ərzində paytaxt Kiyevi ələ keçirib, Ukraynanı kapitulyasiyaya məcbur edəcəklərini iddia edirdilər: “Lakin Zelenskinin qətiyyəti, Ukrayna xalqının müqaviməti və Rusiyanın çox ümid etdiyi Ukrayna vətəndaşı olan rusların belə bu müharibədə Rusiyanı dəstəkləməməsi nəzərdə tutulan planın həyata keçirilməsinə imkan vermədi. Mövcud nəticələr Rusiyanın artıq məğlub tərəf olduğunu göstərir. Çünki Kreml sürətli işğal planını reallaşdırılmağa nail ola bilmədi. Əksinə, çoxlu sayda canlı qüvvə və hərbi texnika itirərək savaşın ilk günlərində işğal etdiyi bəzi Ukrayna ərazilərindən geri çəkilmək məcburiyyətində qaldı. İndi savaşın ilk həftəsindən fərqli olaraq, Kreml Ukraynaya qarşı sülh şərtlərini ciddi şəkildə ixtisar etmək məcburiyyətində qalıb. Artıq ilk günlərində elan edildiyinin əksinə olaraq, Kreml Ukraynada hakimiyyəti dəyişmək hədəfindən də imtina edib. Hazırdakı vəziyyət ondan ibarətdir ki, Kreml Ukraynaya qarşı savaşa başlamaqla, nə qədər böyük strateji səhvə yol verdiyini anlayıb ona görə də, geri çəkilərək, öz qoşunlarını yalnız Donbas bölgəsində, Ukraynanın şərqində və cənubunda cəmləşdirməyə başlayıb. Bu isə yaxın vaxtlarda məhz həmin bölgələrdə müharibənin yeni dalğasının başlanacağını və şiddətli döyüşlərin gedəcəyini proqnozlaşdırmağa imkan verir.
Döyüşlərin nə ilə nəticələnəcəyini və ümumiyyətlə, Rusiyanın Ukraynaya müdaxiləsinin nə ilə nəticələnəcəyini dəqiq demək mümkün olmasa da bir şey dəqiqdir ki, Rusiya–Ukrayna müharibəsi Rusiyanın iqtisadi cəhətdən çökməsi, beynəlxalq birlikdən təcrid olunması ilə nəticələnəcək. Belə ki, bu müharibənin nəticəsində ən çox uduzan Rusiya olacaq. Çünki beynəlxalq sanksiyaların dağıdıcı təsiri hər keçən gün artır və Rusiya iqtisadiyyatını defolt həddinə çatdırıb. İkinci bir tərəfdən bu müharibə iki dövləti və xalqı bir daha bir araya gəlməyəcək şəkildə ayırdı. Rusiya bəlkə də Donbas ərazisini qopara bilər, amma Ukraynanı tamamilə, birdəfəlik itirdi. Halbuki Putin bu savaşı Donbasın qalan hissəsini də almaq üçün yox, bütün Ukraynanı tabe etdirmək niyyəti ilə başlatmışdı. Müharibə Rusiyanın hərbi qüdrəti ilə bağlı təsəvvürləri də azaltdı. Artıq indiki Rusiyanın hərbi potensialı o qədər də çəkindirici gəlmir və nəhayət Rusiyanın beynəlxlaq nüfuzu ciddi şəkildə yara aldı".
Politoloq bildirib ki, Ukraynanı da bu mərhələdə savaşın qalibi hesab etmək olmaz: "Çünki ölkə ağır dağıntılara məruz qalıb. Müharibə dövründə Ukrayna iqtisadiyyatına 650 milyard dollardan çox zərər dəyib və Ukraynanın bərpa olunmasına bundan sonra yəqin ki, həm onilliklər, həm də külli miqdarda maliyyə vəsaiti lazım gələcək.
İndiki mərhələdə Rusiya – Ukrayna müharibəsinin bir qalibi var, o da ABŞ-dır. ABŞ Ukrayna savaşında özünün bir çox hədəflərinə çatmış oldu. Əvvəla Ağ Ev özünün əsas düşmənlərindən hesab etdiyi Rusiyanı bataqlığa çəkməyi bacardı. İkincisi, ABŞ-ın orbitindən çıxmağa cəhd edən Avropa ölkələrini Rusiya təhlükəsi ilə qorxudaraq, yenidən öz təsir dairəsinə salmağa müvəffəq oldu. Üçüncüsü, Avropa Birliyi ölkələrini Ukraynaya silah-sursat və maliyyə-iqtisadi yardım göstərmək məcburiyyətində buraxmaqla, onların Rusiya ilə perspektiv əlaqələrinə birdəfəlik son qoydu. Nəhayət, Ağ Ev Ukrayna savaşı sayəsində NATO-nu da xilas etdi və ya bu hərbi-siyasi alyansın ömrünü uzatdı. Halbuki, Ukrayna savaşından öncə NATO-ya üzv olan Avropa Birliyi ölkələri bu qurumun mövcudluğuna artıq ehtiyac olmadığını iddia edirdilər. Hətta NATO-ya ödənilən külli miqdarda üzvlük haqları hesabına Avropa Birliyi ölkələrinin ortaq ordusunun yaradılması ideyasının da müzakirəsinə başlamışdılar. Anlaşılan odur ki, Avropa Birliyi ölkələri bundan sonra uzun müddət NATO-nun ləğv edilməsi barədə danışmağa cəsarət etməyəcəklər”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB