Brüssel görüşü bir çox məqamlara aydınlıq gətirdi və tərəflər arasında razılaşmalara Ermənistanın törətmək istədiyi maneələr belə aradan qaldırıldı, onların bəhanələrinə belə son qoyuldu. Rəsmi İrəvana məhz Brüssel görüşü ilə müvafiq xatırlatmalar edildi və Ermənistana bir növ həddi bildirildi. Bəlkə də bu zamana qədər hansısa qurumlara, yaxud dövlətlərə ümid edən, bununla da danışıqlardan, razılaşmalardan yayınmağa cəhd edən ermənilər bundan sonra bunun mənasız olduğunu tam şəkildə anladılar. Bununla belə Ermənistan daha bir sıxıntı ilə üzləşdi. Beləki, Brüssel görüşünün ardınca Moskvaya yollanan Ararat Mirzoyan rusiyalı həmkarının kəskin münasibəti və ölkəsinə olan ismarıcları ilə qarşılaşmalı oldu.
Bilirik ki, Ermənistanın hər zaman ümid etdiyi Minsk Qrupu və onun formatının bundan sonra işə yaramayacağı Brüsseldə öz təsdiqini tapdı. Ukrayna ilə toqquşması fonunda Qərbin, məhz Rusiyanın da iştirak etdiyi quruma da, onun formatına da xeyir-dua verməməsi ermənilərin nəinki əl-qolunu yığışdırdı, hətta xülyalara belə düşmələrinə yol qoymadı. Belə bir halın ardınca ermənilər daha bir dilemma ilə qarşılaşmalı oldular, özü də arxa hesab etdikləri böyük qardaşlarından. Sergey Lavrov Moskvaya yollanan Mirzoyan vasitəsilə açıq-aşkar Paşinyana mesaj göndərdi və bildirildi ki, Rusiya Brüsseldəki görüşlərə, danışıqlara əhəmiyyət belə vermir, çünki ermənilər ruslarsız heç bir qərar verə bilməzlər. Görünür, ermənilərin Qərbin iştirakı və təşkilatçılığı ilə danışıqlara getməsi rusları özündən çıxarıb və Lavrovun mesajı da öz növbəsində Ermənistana həddini bildirmək kimi başa düşülür. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Rusiyaya səfəri, burada rusiyalı həmkarı Sergey Lavrov və KTMT-nin baş katibi Stanislav Zas ilə görüşlər keçirməsini İrəvan üçün əminliklə “soyuq duş” adlandırmaq olar. Ermənilər tam aydın şəkildə anladılar və əmindirlər ki, artıq Rusiyaya arxalana bilməzlər və bundan sonra ağıllarına gələni etmək mümkün olmayacaq.
Lavrovun aqressiv hücumlarına Mirzoyanın pərişan halda necə ləng, özü də rus dilində necə qırıq-qırıq müqavimət göstərdiyini görmək ermənilər üçün arzuolunmaz idi və bunu həmçinin bütün dünya da gördü. Eyni zamanda, Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında da ermənilər üçün kifayət qədər böyük zərbə hesab olunacaq səhnələr var idi. Özünü guya suveren bir dövlətin Xarici İşlər Naziliyinin rəhbəri kimi aparmaq istəyən Mirzoyana rusiyalı həmkarı tamamilə etinasınz münasibət göstərir, istədiyi zaman da onun sözünü kəsirdi ki, bütün bunlar təkcə Ararat Mirzoyan deyil, ümumilikdə Ermənistan üçün həqiqətən də xoşagələn deyildi, amma bir sıra məqamlara aydınlıq gətirirdi. Lavrovun davranışlarından belə aydın olurdu ki, ruslar ermənilərin Brüsseldəki qərarlarını hesaba almırlar və bir növ Rusiya Ermənistana çatdırırdı ki, Qərbin sözü ilə onları danışıqlar prosesindən kənarlaşdırmağa cəhd belə edə bilməzlər. Bir sözlə indi ermənilər, Qərb və Rusiya olmaqla iki od arasında qalıblar və heç birinin də tələbləri, şərtləri onları qane etmir, əksinə, onları təsəvvür belə etmədikləri çərçivəyə salır. Hər iki tələblərdə, şərtlərdə Ermənistana bildirilir ki, onlar Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına, sülh sazişinə getməlidirlər və başqa yol yoxdur. Lavrov da Mirzoyanla danışıqlar zamanı bunları tələb edirdi erməni həmkarından və hətta Ermənistana məxsus mətbuat səhifələri yazır ki, sanki Mirzoyanın yanında Lavrovun əvəzinə Ceyhun Bayramov dayanıb və Rusiya diplomatiyasının rəhbərinin səsləndirdiyi tezislər Azərbaycanın mövqeyi ilə tam üst-üstə düşür. Elə ermənilərin kürkünə birə salan da budur və məhz ermənilər üçün “soyuq duş” effekti dediyimiz də buna görədir.
Ermənilərin canına vəlvələ salan daha bir məqam da diqqətdən yayınan deyil. Beləki, işğalçı ölkənin mətbuat orqanları yazır ki, Lavrov Brüssellə əlaqədar və Ermənistanın Rusiyasız qərar verə bilməyəcəyi ilə bağlı Paşinyana göndərdiyi ismarıcla kifayətlənməyib və Azərbaycan-Rusiya gündəmini, eləcə də münasibətlərini yüksək qiymətləndirdiyini açıq-aşkar biruzə verib. Fərrux kəndi ilə bağlı Azərbaycan tərəfinin əməliyyatları barədə münasibət bildirən, Rusiya sülhməramlılarının bu məqamda fəaliyyətsizliyindən gileyləndiyini ifadə edən Paşinyan bu mənada da Lavrov tərəfindən hədəfə alınıb ki, bunu da ermənilər rusların sərt təpkisi hesab edirlər. Xatırladaq ki, Paşinyan hətta sözügedən məsələ ilə əlaqədar hərtərəfli araşdırılma tələb etmişdi və görünür Lavrov indi ona öz yerini göstərir. Göstərir ki, onlara nə deyiləcəksə onu da etməlidirlər və özləri hansısa qərar sahibi deyillər, nəinki ittiham.
Ermənistan tərəfinin ATƏT-in Minsk qrupu məsələsi ilə bağlı mövqeyinə də Lavrov münasibət bildirib və bu da ermənilər üçün qənaətbəxş hesab edilə bilməz. Çünki, bu məsələdə az qala nazirlər arasında deyişmə baş verib və bu mübarizədə də Lavrov tərəf müqabilini, Mirzoyanı susdurub. Daha dəqiq desək susmağa məcbur edib. Fransa və ABŞ-ın ATƏT-in Minsk qrupu çərçivəsində Qarabağla bağlı Moskva ilə əməkdaşlıqdan imtina etməsi səbəbindən bu strukturun faktiki olaraq fəaliyyətini dayandırdığını deyən və həmkarına etiraz etməyə çalışan Ararat Mirzoyanı dərhal Segey Lavrov susdurub. “Həmsədrlər üçlüyünün mövcudluğunu dayandırması faktını fransızlar və amerikalılar özləri bəyan ediblər, mənim üçün bu faktdır, onların bəyanatında hansı sözlər işlətdiklərini bilmirəm, amma bölgənin taleyini rusofob vəzifələrinə qurban vermələri, ən azı üçlüyün regionun taleyində oynaya biləcəyi rol faktdır və onlar öz prioritetlərini kifayət qədər aydın şəkildə müəyyən ediblər”, deyən Lavrovun sözlərindən bütövlükdə erməni cəmiyyəti ürküb, qorxuya düşüb və indi onlar hesab edirlər ki, Moskva ilə Bakının maraqları tamamilə üst-üstə düşür, hansıki bu onlar üçün daha dəhşətli hesab olunur. Bu baxımdan Moskvaya yollanan və həmkarı ilə görüşən Ararat Mirzoyana deyilənlər, Sergey Lavrovun ifadə etdiyi fikirlər rəsmi İrəvan üçün əsl “soyuq duş” effekti oldu və başda elə erməni baş nazir olmaqla bütün ermənilər anladılar ki, onların çirkli olyunlarının sonu soxdan çatıb və bundan sonra müttəfiqləri belə buna dözmək, tab etmək fikrində deyil, nəinki arxalarında durmaq. İşğalçılığı dövlət siyasəti hesab edən, bu siyasətin yeridilməsində tarix boyu rusları, eləcə də Qərb ölkələrini arxa-dayaq görən ermənilər indi arxasız qaldıqlarının fərqindədirlər və çaş-baş qalmaları da anlaşılandır. Hər bir halda bu işğalçı ölkənin çıxış yolu sülh prosesindən keçir ki, bu da həm Qərb, həm də Rusiya tərəfindən onlara xatırladılır. Bir sözlə, bölgədə Azərbaycanın yaratdığı reallığı Qərbin də, Rusiyanın da qəbul etdiyi göz önündədir və bunu ermənilərin də tez bir zamanda qəbul etmələri özləri üçün faydalı ola bilər, əks halda bütün dünya ilə qarşılaşacaqları, arxasız qalacaqları təkzib edilə bilməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB