Seçki Azərbaycan tarixində dönüş nöqtələrindən biri hesab olunmalıdır - DEPUTAT ŞƏRH ETDİ
"Bu gün müdrik xalqımızın daha bir sınaqdan üzü ağ çıxaraq, tək Azərbaycan yox, ümumiyyətlə regionda sülhə, sabitliyə, inkişaf və tərəqqiyə səs verərək cənab İlham Əliyevi təkrar prezident seçməsindən 4 il ötür". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, ötən dövrü təhlil edərkən aydın olur ki, bu seçki həm də Azərbaycan tarixində dönüş nöqtələrindən biri hesab olunmalıdır: "Çünki, cənab İlham Əliyev islahat və yeniləşmənin əsas dalğasına məhz bu tarixdən start verdi. Ölkədə əsaslı kadr islahatları aparıldı, korrupsiya ilə mübarizə xüsusi ilə sərt xarakter aldı, hətta, bəzi mərkəzi və yerli icra orqanlarının rəhbərləri şəxsən məsuliyyətə cəlb edildi. Eyni zamanda islahatlara mane olan şəxslər ali dövlət aparatından demək olar ki, təmizləndi. Bir sözlə, ölkədə tamamilə yeni bir dönəm başlandı. Həmçinin, seçkidə cənab Prezidentin əvvəlki, 2013-cü il seçkilərinə nisbətən 3 faiz daha çox səs toplaması xalqın cənab İlham Əliyevə böyük etimadı olmaqla bərabər, atılacaq bütün addımlarda xalq-iqtidar birliyinin müşahidə olunacağını göstərdi.
Təsadüfi deyil ki, seçkidən iki il sonra Ermənistanın başlatdığı 44 günlük müharibə dövründə bir neçə marginal dərnək istisna olmaqla, bütün ölkə cənab İlham Əliyevin ətrafında sıx birləşdi, əks hücumla tariximizin son 2 əsrlik dönəmi üzrə ən böyük qələbəmizi qazandıq. Bu şanlı zəfər xalqımızın 11 aprel 2018-ci ildə nə qədər müdrik qərar verdiyini əməli olaraq sübut etdi.
Bu gün Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir. Dövlətimiz artıq regionun diktə sahibinə çevrilib. Məhz İlham Əliyevin sayəsində biz beynəlxalq hüquqdan yardım diləyən tərəfdən beynəlxalq hüququn aliliyini təmin edən gücə çevrilmişik.
Habelə, pandemiya dövründə bütün dünya İlham Əliyevin qlobal liderliyinin şahidi oldu. 10 milyon əhali ilə kiçik bir dövlət olan Azərbaycan faktiki olaraq dünyada COVİD-19 böhranını yönəldən, idarə edən güclərdən birinə çevrildi. Bu gün bu reallığı əlbəttə, xalqımız görür, xüsusən, postmüharibə və postpandemiya reallığında İlham Əliyev şəxsiyyətinin Azərbaycan dövlətinin gələcək taleyi üçün həlledici faktor olduğu artıq heç kimdə şübhə doğurmur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB