Avropa iki seçim qaşrısında: Makron, yoxsa Le Pen? ANALİTİK+AKTUAL
Fransa seçkiləri və nəticələri nəyi vəd edir və nəyi etmir?
Məlum olduğu kimi, Fransada növbəti prezident seçkiləri keçirildi və seçkilərin ilk turunda hazırkı prezident Emmanuel Makrona əsas rəqib olan sağçı “Milli Birlik” partiyasının lideri Marin Le Pen bir neçə səs fərqi ilə ona məğlub oldu. Digər namizədlərin isə elə ilk turdaca məğlub olmaları növbəti turun məhz iki namizəd – Makron-Li Pen arasında baş tutacağını, habelə kəskin mübarizənin aparılacağı təsəvvürünü yaratmaqdadır.
Lakin nəzərə alsaq ki, Fransanın ümumi dövlət siyasətində illərdir ki, Türkiyə ilə münasibətləri əsasən soyuqluqla müşahidə olunub və o cümlədən, Fransa daha çox açıq ermənipərəstlik mövqeyini nümayiş etdirir, bu zaman hansı namizədin qalib olacağından asılı olmayaraq, sonrakı proseslərin hansı istiqamətdə cərəyan edəcəyi də bəzi sualları doğurur. Daha dəqiq desək, bu da bir faktdır ki, istər beynəlxalq siyasi müstəvidə, istərsə də regional siyasətdə ən çox diqqət çəkən məsələ Türkiyənin Fransa ilə əlaqələri öndə dayanıb. Türkiyənin Azərbaycanla heç bir ölkələr arasında müşahidə edilməyən və analoqu olmayan strateji və müttəfiqlik münasibətlərini də buraya əlavə etsək, onda Fransa seçkilərinin nəticələri bizim üçün ikiqat maraq yaradır.
Bəs indiki vaxtda Makronun Ərdoğanla münasibətlərinin istiləşməsi arxasında hansı amillər dayanır?
Onu da xatırlatmaq olar ki, məhz Makronun prezidentliyi dövründə Fransa Türkiyə ilə sərt rəqabətə, hətta diplomatik konfrontasiyaya getdi. Buna səbəb Liviya, Qarabağ və Aralıq dənizi kimi məsələlər idi. Məhz bu siyasi-diplomatik rəqabətlər nəticəsində fransız-türk münasibətləri daha da pisləşdi. Və ən maraqlısı isə budur ki, məhz Makronun prezidentliyinin sonlarına yaxın, yəni seçkilərə az qalmış ölkələr arasında müəyyən istiləşmələrə başlanıldı. Bu isə Ukrayna olayları ilə bağlıdır. Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlaması Ankaranın vasitəçi qismində öz fəaliyyətini təklif etməsi Parisi də bu addımı atmağa vadar etdi və nəticədə Rəcəb Tayyib Ərdoğan və Emmanuel Makron Ukraynanın Mariupol şəhərində humanitar böhranla bağlı çətin vəziyyətdə qalmış dinc əhalinin təhlükəsiz yerlərə çıxarılmaları, təxliyyə edilmələri üçün Rusiyanın prezidenti Vladimir Putinlə müəyyən razılaşmalar əldə etdilər. Ancaq bu razılaşmanın da əldə edilməsində Makronun deyil, məhz Ərdoğanın nüfuzu rol oynadı. Buna qədər isə yenə də Türkiyənin vasitəçiliyi ilə Antalyada və İstanbulda ukraynalılarla rusların yüksək səviyyəli diplomatik danışıqları təşkil edildi. Bu baxımdan, Makron prezident seçkiləri ərəfəsində Ərdoğanın onu da prosesə cəlb etməsinə, hətta təbliğ olunmasına şərait yaratmasına görə türk həmkarına minnətdar olmalıdır.
Məhz bundan sonra Makron ona edilən jestə-jest edərək Türkiyə, Fransa və İtaliya arasında üçtərəfli formatda danışıqların bərpa edilməsini təklifi ilə çıxış etdi. Danışıqlarda SAMT-T Havadan Müdafiə sisteminin müştərək istehsalı barədə ümumi razılığın əldə edilməsi planlaşdırılır.
Fransa şirkətlərinin Qarabağa yolları hansı halda açıla bilər?
Bu baxımdan, əgər Makron öz prezidentlik kürsüsünü mühafizə edə bilsə onun yeni prezidentliyi dövründə Fransa-Türkiyə münasibətlərində yeni səhifə açıla, o cümlədən, Parisin açıq ermənipərəstlik çıxışları da həlimləyə, hətta dondurula bilər. Təbii ki, belə olan halda müsbət məcranın Cənubi Qafqazın lider ölkəsi kimi qiymətləndirilən Azərbaycanın da səmərə alacağını demək mümkündür. Məsələn, Qarabağda bir çox əcnəbi nəhəng şirkətlər fəaliyyət göstərirlər və Fransa şirkətlərinin də həmin sıraya daxil olması mümkünlüyünə baxmaq imkanı yaranar.
Ancaq biz bu məsələdə sağçı Le Penin də zəif olmadığını qeyd edə bilərik. Belə ki, Le Pen antitürk və antiislam ritorikaları ilə yadda qalıb və belə olan vəziyyətdə qadın namizədin prezident seçiləcəyi halda fransız-türk münasibətləri paradiqma dəyişikliyinə məruz qala bilər.
Əbəs deyil ki, artıq Avropa məkanında da bu qadının seçkilərdə məğlub olması arzulanır və Makronun qalib gələcəyinə ümidlər bəslənir
Gəlin məsələyə daha geniş prizmadan yanaşaq. Le Pen Türkiyəyə münasibətdə yalnız ultrasağçı və siyasi identikliyi ilə deyil, həm də mədəniyyət müxtəlifliyi yönündəki iddiaları ilə seçilir. O, dəfələrlə çıxışlarında bildirib ki, Türkiyənin Avropa İttifaqına üzvlüyünə qarışıdır, hətta Ankaranın NATO üzvü olmasına da mənfi baxır.
Bundan əlavə, Le Pen dəfələrlə Fransada iri diaspora malik olan türk icmalarına qarşı aqressiv çağırışları ilə yadda qalıb, üstəlik dəfələrlə Avropa İttifaqından Ərdoğana qarşı sanksiyaların tətbiq olunmasını tələb edir.
Beləliklə, Le Penin deyil, məhz Makronun seçkilərin ikinci turunda qalib gəlməsi həm Türkiyə üçün, həm də region üçün maraqlıdır. Yəni Le Penin qalib gələcəyi halda Fransanın siyasəti yalnız Türkiyəyə qaşrı deyil, bütövlükdə Avropa İttifaqı regionuna da öz mənfi təsirlərini göstərə bilər. Məhz həmin halda Qərbi Avropada fəaliyyət göstərən ultrasağçı, islamafob və türkofob siyasi dairələr baş qaldırmaq istəyəcəklər. Le Pen isə onlar üçün yaşıl işığın yandırılması üçün əlində olan bütün imtiyazlardan istifadə edə bilər. Əbəs deyil ki, artıq Avropa məkanında da bu qadının seçkilərdə məğlub olması arzulanır və Makronun qalib gələcəyinə ümidlər bəslənir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB