Addım-addım istədiklərimizə nail oluruq və bundan da ziyan çəkən Erməsitan tərəfidir - MÜSAHİBƏ

Addım-addım istədiklərimizə nail oluruq və bundan da ziyan çəkən Erməsitan tərəfidir - MÜSAHİBƏ

Hərbi ekspert Əladət Verdiyevin SİA-ya verdiyi müsahibəni təqdim edirik:

Brüssel görüşünün nəticələri nə ilə yadda qaldı?

-Brüssel görüşündə heç bir sənəd imzalanmadı. Görüşün nəticələrinə həsr olunan mətbuat konfransında Avropa İttifaqının prezidenti Şarl Mişel bəyanatla çıxış etdi. Burada Azərbaycanla Ermənistan arasında sərhədlərin təyin olunması, delimitasiyası və demarkasiyası üçün birgə komissiyanın fəaliyyəti, proseslərin sürətlənməsi nəzərdə tutulur. Digər bir məsələ isə sülh sazişi üzrərində fəaliyyətlərin başlamasıdır. Bu yeni bir addımdır. Daha əvvəl sərhədlərlə bağlı məsələlər üzərində danışıqlar gedirdisə, sülh sazişi üzərində danışıqlarla barədə Ermənistan tərəfindən heç bir təklif irəli sürülmürdü. Görüş dörd saat yarım davam etdi. Sərhədlərin təyin olunması məsələsi əvvəlki bəyanatlarda öz əksini tapmışdır. Amma Ermənistan tərəfi həm daxili auditoriyanın rəyini nəzərə aldığı üçün, həm də xarici təsir altında olduğu üçün imzaladığı bəyanatı 17 aydır ki, yerinə yetirmir. Məsələni uzatmaq istəyir. Ermənistan tərəfi prosesləri bir-birindən ayırmaq istəyir. Yəni sərhəd delimitasiya olunsun, amma bunun sülh sazişinə aiddiyyatı olmasın. Yaxud da Azərbaycanla Ermənistan arsında sülh sazişi imzalansın, amma bunun Qarabağla əlaqəsi olmasın. Əlbəttə ki, bu mümkünsüz bir həll yoludur. Çünki sülh sazişinin 1-ci bəndində qeyd olunub ki, tərəflər bir-birinin sərhədlərini tanımalı və bir-birinə qarşı ərazi iddialarından əl çəkməlidir. Bu sahə üzrə Azərbaycanla Ermənistan arasında bütün nöqtələr qeyd edilməlidir. Bu isə kifayət qədər zaman tələb edir.

Ermənistan tərəfindən hələ də Azərbaycana qarşı təxribatlar davam edir. Ermənistanın sülh təklifində səmimiyyət varmı?

- Səmimiyyətdən söhbət gedə bilməz. Çünki Ermənistan 17 aydır ki, bəyanatın müddətini uzadır. Dəfələrlə qeyd etmişəm ki, Ermənistan ordusunun hazırda döyüş qabilliyyəti yoxdur. Döyüş qabilliyyəti olmayan ölkə heç bir görüşdə şərt irəli sürə bilməz. Görüş dörd saat çəkib. İnanmıram ki, bu görüşdə yalnız iki məsələ müzakirə olunsun. Düşünmürəm ki, Paşinyan baş verən hadisələri qabartmasın. Zamanla müharibə əsnasında erməni və havadarları bizə deyirdilər ki, əvvəlki vəziyyətə qayıdın. Biz nəyi lazım biliriksə onu da edirik. Heç kəsin göstərişi ilə irəliləmirik. Addım-addım istədiklərimizə nail oluruq və bundan da ziyan çəkən Erməsitan tərəfidir. Çünki onlarda ordu yoxdur. Onların ordunun bir hissəsi Qarabağdadır. Biz də tələb edirik ki, həmin ordu ərazidən çıxarılsın. Əgər Azərbaycan ordusu istəyərsə Qarabağın istənilən ərazisində bayrağı qaldıra bilər, lakin biz məsələni sakit şəkildə həll etmək istəyirik.

Sülhməramlıların nəzarət etdiyi ərazilərdə terror əməliyyatının keçirilməsi üçün şərait yarandığı kimi fikirlər səsləndirilir. Bu nə dərəcədə real görünür?

-Biz ermənilərə başa saldıq ki, Qarabağ bizim ərazimiz olduğu üçün bu ərazidə onlara təhlükəsizlik zəmanətini Azərbaycandan başqa heç kəs verə bilməz. Rus sülhməramlıları orada atəşkəsə riayət etməlidir. Amma daxili təhlükəzislik məsələsi Azərbaycanın məsələsidir. Buna nə Rusiya, nə də Ermənistan müdaxilə edə bilməz. Əgər müdaxilə olarsa Azərbaycandan da cavabını alar. Rus sülhməramlısı orada qonaqdır. Onlar birgə bəyannamənin fəaliyyətinə uyğun tələbləri yerinə yetirməlidirlər. Yetirməzlərsə biz də onların nüfuzunu nəzərə almarıq. Ruslar üzərinə düşəni yerinə yetirsinlər. Ermənistan tərəfi təbliğat yaradır ki, guya azərbaycanlılar ermənilərin mülki əhalisinə qarşı hər hansı bir nifrət bəsləyir. Amma ordumuz Şuşaya yaxınlaşanda erməni mülkilərinə zərər dəyməsin deyə onlara aid hərbi kalonları məhv etmədi. Biz əgər nifrət bəsləsəydik bunu edərdik. Müharibə zamanı bizim daha çox mülkilərimiz həlak olub. Ümumilikdə götürdükdə əməliyyat şəraiti tam nəzarətimizdədir. Qoşunumuzun mənəvi, psixoloji vəziyyəti çox yüksəkdir.

Rusiya ilə Ukrayna arasında müharibə bir aydan çoxdur ki, davam edir. Müharibə hansı məcrada irəliləyəcək?

- Rusiya Ukraynanın şimalından qoşunları tamamilə çıxardıb. Artıq Sumı ərazisində rus əsgəri qalmayıb Şimal istiqamətindən qoşunları çıxarıb şərq istiqamətinə yönəltdilər. Şərq istiqaməti əvvəlki Luqansk, Donetsk Dombass istiqamətləridir. Görünən odur ki, Rusiya çox geniş bir miqyasda hücumlar aparırdı və bu yanlış idi. Çünki 3000 km-dən cox olan döyüş əməliyyatlarını altı qoldan idarə etmək çətin idi və bunun təchizatını çatdırmaq asan məsələ deyildi. Adətən müharibələrdə bir, iki hücum istiqaməti seçilir. Rusiya isə hər tərəfdən hücum edirdi. Strateji planlama da yanlış idi. Rusiya düşünürdü ki, Kiyevi ələ keçirəcək, prezidenti hakimiyyətdən salacaq, Ukraynanı özünə tabe edəcək. Lakin Rusiyanın istədikləri olmadı. 35 gündür ki, heç bir istiqamətdən irəliləyiş yoxdur, əksinə geri çəkilir. İlk dönəmdə rus ordusunun üstünlüyü var idi, sonradan bu üstünlüyü itirməyə başladı. Rus ordusu Ukrayna ordusunun müqavimətini qıra bilsə də xalqın müqavimətini qıra bilmədi. Qərb anladı ki, Ukrayna təslim olmayacaq və beləliklə Ukraynaya yardım göstərdi.

Rusiya hücumlarını şərq istiqamətinə yönləndirməklə Donbass vilayətinin inzibati ərazisinin sərhədlərinə çıxıb Krım, Luqansk və Donetsk bölgələrini əldə etməyə çalışır. Xarkov şəhəri də bu hədəflərin içindədir.

Ukrayna və Qərb saytlarında Rusiya zirehli texnikasının bütöv kolon şəkildə görüntüləri yayılıb. Bu nədir?

- Bu görüntülər ilk dəfə yayılmır. Kifayət qədər güclü peyk görüntüləri var. ABŞ-n Ukraynaya verdiyi dəstəyin miqdarının biz sonradan biləcəyik. Real miqdar hələ dəqiq deyil. Təbii ki, miqdar hissə-hissə bildirilir. Ən böyük peyk qruplaşması ABŞ-a məxsusdur. Bütün dünyada olan peylərin sayından 3 dəfə çoxdur. Dnyanın hər yerini görürlər. Bu məlumatları anında Ukraynaya ötürürlər.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə