Brüssel görüşündə Azərbaycan prinsipial mövqeyini bir daha nümayiş etdirdi - DEPUTAT

Brüssel görüşündə Azərbaycan prinsipial mövqeyini bir daha nümayiş etdirdi - DEPUTAT

“Prezident İlham Əliyevin Brüssel səfəri və səfər zamanı keçirdiyi görüşlər hələ uzun müddət yaddaşlarda qalacaq. Brüssel görüşündə əldə edilən diplomatik uğuru tərəddüd etmədən Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə 44 günlük müharibədə qazanılan möhtəşəm qələbənin davamı da adlandırmaq olar. Belçikanın və Avropa İttifaqının paytaxtında keçirilən bu görüşə həm Ermənistanda, həm də Azərbaycanda ciddi hazırlıq gedirdi. Bakıdan fərqli olaraq, İrəvan məsələyə yanaşmada işini daha çox təxribatlar üzəridə qurmuşdu. Ermənistanın xarici işlər nazirinin danışıqlara ATƏT-in Minsk qrupunu cəlb etmək, Qarabağın müzakirə predmetinə çevirmək kimi absurd cəhdləri diqqətdən yayınmamalıdır. Brüsseldə danışıqlar davam etdiyi vaxt Tovuz istiqamətində erməni hərbçilərinin mövqelərimizi atəşə tutmasını da bura əlavə etsək Ermənistanın sülh prosesinə hansı “töhfə”ni verdiyini asanlıqla görə bilərik”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

Millət vəkili qeyd edib ki, Brüssel görüşündə tərəflər arasında aparılan danışıqların nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması, sərhəddə gərginliyin aradan qaldırılması, sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılığın əldə olunması və bununla bağlı işçi qrupun yaradılması qərarı sülh razılaşmasının əsas komponenti olan Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu kimi dəyərləndirilməlidir: “Bu görüş zamanı əldə olunmuş razılaşmada diqqəti cəlb edən əsas məqamlardan biri də “Dağlıq Qarabağ” ifadəsi və keçmişin qalığı olan, otuz ilə yaxın bir zamanda yalnız ara sıra görüşləri və heç bir nəticəsi olmayan danışıqları ilə yaddaşlara həkk olunan, fəaliyyətsizliyi və üzərinə götürdükləri vəzifəni yerinə yetirməyi bacarmayan bir təsisat kimi tarixin yaddaşına qovuşmuş ATƏT-in Minsk qrupu həmsədrlik institutu haqqında hər hansı bir ifadənin razılaşmada yer almamasıdır. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımların atılması üçün mühüm şərtdir. Hazırda Ermənistanda gedən proseslər və erməni cəmiyyətində hökm sürən əhval-ruhiyyə onu göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır”.

Bütün xəbərlər Facebook səhifəmizdə