“Hraparak” Qarabağla bağlı danışıqları Ukraynadakı vəziyyətlə əlaqələndirib BRÜSSELDƏN SONRA

“Hraparak” Qarabağla bağlı danışıqları Ukraynadakı vəziyyətlə əlaqələndirib BRÜSSELDƏN SONRA

“Top yenidən Rusiyanın sahəsindədir”

Ermənistanda dərc edilən “Hraparak” qəzetinin yazdığına görə, Brüsseldən geri qayıdan baş nazir Nikol Paşinyan gecə saatlarına qədər komandası ilə görüşməyib, eləcə də görüşün nəticələri ilə bağlı mətbuata açıqlanmayan məsələlər barədə danışmayıb. SİA-nın məlumatına görə, qəzet həmçinin yazır ki, buna baxmayaraq, Paşinyana yaxınlıqları ilə seçilən şəxslər deputatlara bildiriblər ki, yeni sənəd imzalanmayıb.

“Tərəflər sadəcə 26 noyabr 2021-ci ildə Soçidə əldə edilmiş razılaşmalara əsasən, aprelin sonuna qədər Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyasının aparılması və sərhəddə sabitliyin, təhlükəsizliyin təmin edilməsi üçün ikitərəfli komissiyanın yaradılması istiqamətində hazır olduqlarını bildiriblər”, deyə adıçəkilən nəşr qeyd edir.

“O da qeyd olunub ki, top yenidən Rusiyanın sahəsindədir və aprelin sonunda məlum olduğu kimi, Nikol Paşinyan Rusiya Federasiyasına (RF) işgüzar səfər edəcək və istisna edilmir ki, Vladimir Putinin vasitəçiliyi ilə onun Əliyevlə növbəti görüşü keçiriləcək”, yazan “Hraparak”, onu da istisna etməyib ki, RF-da hansısa sənəd imzalanacaq. “Sənədin bizim xeyrimizə, yaxud əleyhimizə olub-olmayacağı RF-nın Ukrayna münaqişəsindəki vəziyyətindən asılı olacaq”, deyə erməni nəşri yazır.

Bütün xəbərlər Facebook səhifəmizdə