Prezident İlham Əliyevdən Ermənistana ÇAĞIRIŞ: “Hələ ki gec deyil...” TƏHLİL

Prezident İlham Əliyevdən Ermənistana ÇAĞIRIŞ: “Hələ ki gec deyil...” TƏHLİL

Otuz il Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan 44 günlük müharibədə minlərlə itki verərək darmadağın edildi. Bu, Ermənistanın yaxın yüz ildə ən böyük məğlubiyyəti kimi tarixə düşdü. Buna baxmayaraq, bu gün də Ermənistanda köhnə iqtidar klanlarına, hərbi xuntaya məxsus bəzi siyasi qüvvələr revanş niyyətindədirlər. Daha doğrusu, Ermənistanda məğlubiyyətlə razılaşa bilməyən işğal və terror xislətli dairələr ölkənin imza atdığı kapitulyasiyaya qarşı çıxır, Azərbaycanı növbəti təxribatlarla, müharibə ilə hədələməyə çalışırlar. Şübhəsiz, onların hakimiyyət uğrunda mübarizələrinin təməlində də revanş məqsədi dayanır. Xüsusilə də, son günlər ayrı-ayrı rəsmi qurumların, məsul şəxslərin və Ermənistan Xarici İşlər Nazirliyinin 24 mart tarixli bəyanatı göstərir ki, bu dövlət növbəti dəfə beynəlxalq ictimaiyyəti yanlış istiqamətə yönəltməyə cəhd edir. Onların əsassız bəyanatında guya Azərbaycanın bölgədə vəziyyəti gərginləşdirdiyi ilə bağlı ittihamlar yer alıb. Sözsüz ki, bu, erməni mənbələri tərəfindən uydurulmuş və heç bir əsası olmayan fikirlərdir. Məqsəd vəziyyəti süni şəkildə şişirtmək və gərginlik yaratmaqla öz havadarlarının diqqətini bölgəyə çəkmək niyyətidir. Şübhəsiz, onların belə açıqlamaları, belə niyyətləri gülüş doğurur. Çünki Vətən müharibəsində ordusu tar-mar edilən, hazırda böhran içində çabalayan bir ölkənin “siyasilər”inin həmin çağırışlarını yalnız xam xəyal kimi yozmaq olar.

ERMƏNİSTANDA REVANŞİZM FİKRİNƏ DÜŞƏNLƏR BİLMƏLİDİRLƏR Kİ....

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, Ermənistanda siyasətçilər hər zaman hakimiyyətə gəlmək üçün populist çıxışlar ediblər, sonra real vəziyyətlə üzləşəndə bunun əziyyətini çəkiblər və onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Dövlətimizin başçısı, həmçinin vurğulamışdır ki, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır: “Biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Ona görə də mən xəbərdarlıq edirəm ki, burada hər hansı bir revanşizm və qisas cəhdləri olmamalıdır. 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır və sülh tədricən addım-addım regiona gələcək.” Bununla da Azərbaycan Prezidenti Ermənistanda revanşizm fikrinə düşənlərə bir daha öz açıq mesajlarını vermişdir.

Şübhəsiz, Vətən müharibəsində Azərbaycan Ordusu işğal altındakı ərazilərimizi erməni vəhşilərindən təmizləməklə, erməni ordusunu, erməni faşizmini məhv etməklə öz tarixi missiyasını yerinə yetirdi və sözün həqiqi mənasında, Ermənistanın dərsini verdi. Mütəxəssislərin fikrincə, əgər erməni faşizmi bir daha baş qaldırsa, Ermənistanın bir dövlət kimi varlığına son qoyula bilər. Unutmasınlar ki, Vətən müharibəsində düşmənə qan udduran Azərbaycanın dəmir yumruğu hazır vəziyyətdədir və bu missiyanı da yerinə yetirməyə qadirdir. Çünki bu fikirə düşənlərin elə bir dəstəyi də yoxdur. Əvvəl arxalarında duran qüvvələr var idi. Amma Vətən müharibəsində Azərbaycanın qüdrətini görən həmin qüvvələr daha onları dəstəkləmirlər. Bütün bu deyilənlərdən belə qənaətə gəlmək olar ki, ölkəmizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində faşist xislətli revanşistlərin çağırışları bütün hallarda havada qalacaq və heç bir qüvvə bizi bundan sonra azad etdiyimiz torpaqlardan tərpədə bilməyəcək.

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanın təklifləri kifayət qədər obyektiv və ədalətlidir. Ümumiyyətlə, dünya təcrübəsində sülh sazişinin imzalanmasının ilkin şərtləri də başlıca olaraq Azərbaycan dövlətinin müddəalarında nəzərdə tutduğu ilə eyni olur. Əgər ərazi münaqişəsidirsə, tərəflər sərhədlərin müəyyənləşdirilməsi, ərazi iddialarının aradan qaldırılmasını və ərazi bütövlüyünə hörmətin nümayiş etdirilməsini başlıca şərt kimi ortaya qoyurlar. Azərbaycanın da başlıca şərti sərhəddə delimitasiya və demarkasiyanın aparılmasıdır. Ancaq bu günə kimi Ermənistan tərəfindən bununla bağlı hansısa addım atıldığını müşahidə etmirik. Lakin Azərbaycan hərbi gücü hesabına torpaqlarını işğaldan azad edib və Minsk Qrupunun 30 il müddətində bacarmadığını 44 gün ərzində reallaşdırıb. Azərbaycan güclü mövqeyini möhkəmləndirir və torpaqlarını daha inamla və qətiyyətlə qoruyur. Ona görə də Azərbaycanın atdığı təsirli addımlar Ermənistanı sülhə məcbur edir və başqa yolu yoxdur.

“İSTƏNİLƏN SÜLH MÜQAVİLƏSİ ERMƏNİSTAN ÜÇÜN, SADƏCƏ, KAĞIZ PARÇASI OLA BİLƏR”

Göründüyü kimi, son günlər baş verən proseslər bir daha sübut edir ki, bu gün Ermənistan sülhə əngəl olmaq üçün əsassız bəyanatlarından, təxribatlarından hələ də əl çəkmir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb və bildirib ki, istər müharibə, istər keçmiş Qarabağ münaqişəsinin həlli, istərsə də gələcəklə bağlı siyasətimiz tam aydındır: “Biz təklif etmişik ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısın, sərhədlərin delimitasiyası ilə bağlı işlərə start verilsin, kommunikasiyaların açılması prosesinə start verilsin və sülh müqaviləsi imzalansın. Yəni, sülh müqaviləsinin imzalanması 100 faiz qarantiya olmasa da, hər halda, müharibə riskini böyük dərəcədə minimuma endirir. Halbuki, biz onu da bilməliyik ki, istənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər».

Dövlət başçısı onu da vurğulayıb ki, heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın: «Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müxtəlif çıxışlarda, müsahibələrdə müharibədən əvvəl deyirdim ki, bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil”.

Və bu gün Azərbaycanın haqlı tələbi: belə davam etsə...Yəni ermənilər sülh, sabitlik, əmin-amanlıq və inkişaf istəyirlərsə, onda Azərbaycanın ərazi bütövlüyünü tanımalıdırlar. Əks-təqdirdə onlar üçün sülh də olmayacaq, sabitlik də, əmin-amanlıq da. Üstəlik, iqtisadi böhrandan heç zaman xilas ola bilməyəcəklər. Ancaq qeyd edək ki, Azərbaycanın təklif etdiyi beş şərtdə sülh danışıqlarını əngəlləyə biləcək heç bir məqam yer almır. Rəsmi İrəvanın həmin şərtlərə etdiyi əlavələrdə mübahisə doğuracaq və danışıqlar prosesini uzada biləcək iddiaların olduğu isə qətiyyən istisna deyil. Üstəlik, rəsmi İrəvanın öz cavabını və beş şərtə əlavələrini Minsk Qrupu həmsədrləri üzərindən Azərbaycana göndərməyə çalışması da kifayət qədər müəmmalı məqamdır. Çünki Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinə vasitəçilik missiyasını öz üzərinə götürmək səlahiyyəti yoxdur. 44 günlük savaşın nəticələri bu qurumun, hətta fəaliyyətinə etiyac qalmadığını da təsdiqləyib. Bütün bunları nəzərə aldıqda, Paşinyan hakimiyyətinin sülh danışıqları prosesinə konstruktiv mövqedən yanaşdığını düşünmək hələ çox çətindir. Çünki rəsmi İrəvan bir tərəfdən Azərbaycanın şərtlərini qəbul etdiyini və sülh danışıqlarına hazır olduğunu bəyanlayır. Digər tərəfdən isə, bu prosesi qəlizləşdirə biləcək alternativ addımlar atmağa çalışır. Və Ermənistanın belə ziddiyyətli davaranışlarla sülh danışıqlarını mümkün qədər uzatmaq niyyətində olduğu istisna deyil. Bu baxımdan, Paşinyan hakimiyyətinin Ermənistanın xarici himayədarlarından danışıqlar prosesində dəstək qarantiyası almadan sülh müqaviləsinin imzalanmasına həvəs göstərəcəyi o qədər də inandırıcı görünmür. Böyük ehtimalla rəsmi İrəvan son 30 il ərazində Minsk Qrupu həmsədrlərinin sayəsində vərdiş etdiyi danışıqlar modelinə can atır. Və Paşinyan hakimiyyətinin hiyləgər manevrlərinin də bu baxımdan, nəticəsiz qalma ehtimalı tamamilə real təsir bağışlayır. Çünki hazırda məhz Azərbaycan Prezidenti İlham Əliyev sülh sazişinin şərtlərini diktə edir. Paşinyan hakimiyyəti sülh istəyirsə, rəsmi Bakının bütün tələblərini qəbul etmək məcburiyyətindədir. Və rəsmi İrəvan buna qarşı çıxmağa yönəlik manevrlərini davam etdirərsə, yaxın vaxtlarda daha ağır şərtlərlə üzləşə bilər. Beləliklə...

ERMƏNİSTANIN BLOKADA ŞƏRAİTİNDƏ “BOĞULMA” DÖVRÜ DƏ UZANACAQ...

Bir sözlə, Ermənistan Xankəndi və ətraf bölgənin Azərbaycan ərazisi olduğunu rəsmən etiraf edənə qədər rəsmi Bakı sülh sazişi imzalamaz; Rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünün tanınmasını gecikdirdikcə, Ermənistanın blokada şəraitində “boğulma” dövrü də uzanacaq... Və indi vəziyyət uzandıqca Ermənistanın daha çox ziyan çəkəcəyindən də birmənalı şəkildə əmindir. Ona görə də Paşinyan hakimiyyəti Ermənistanı düşdüyü “geopolitik quyu”dan çıxartmaq yolu - Ermənistanın sülh sazişi imzalamaq istəyini reallaşdırmaq, əks halda, Ermənistanın blokada şəraitində “boğulma” dövrü uzanacaq. Və əgər kimsə bu prosesə mane olmaq istəsə, onda başı üstündə “dəmir yumruğu” görəcək.

Ümumilikdə, dövlət başçısının dediyi kimi: «Hələ ki gec deyil, mən onlara artıq dəfələrlə müraciət edərək demişdim, bizim şərtlərimizi qəbul etməlidirlər, yollarla, kommunikasiyalarla bağlı hər hansı bir qeyri-səmimi yanaşmaya son qoyulmalıdır. Əgər belə olarsa, onda Cənubi Qafqazda bütün xalqlar sülh, əmin-amanlıq şəraitində yaşayacaq. Çünki biz istədiyimizə nail ola bilmişik, bunu hər kəs gördü».

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə