"Türk dünyasının mədəniyyət paytaxtı" seçilən tarixi Şuşamız TƏHLİL

"Türk dünyasının mədəniyyət paytaxtı" seçilən tarixi Şuşamız TƏHLİL

Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsi əlbəttə ki, heç də təsadüfi deyil. Əsrarəngiz, füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri, zəngin irsi bu şəhərin "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunmasında əsas faktorlardır. Bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul olunub. TÜRKSOY-un təşəbbüsü ilə türkdilli dövlət, yaxud regionların şəhərlərindən hər il biri Türk dünyasının mədəniyyət mərkəzi seçilir. Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş şəhərlərdə il ərzində Türk dünyasının mədəni tədbirləri keçirilir. Xatırladaq ki, TÜRKSOY-un üzv-şəhərlərindən hər il birinin illik olaraq Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi barədə qərar 2010-cu ildə türkdilli ölkə başçılarının X sammitində qəbul olunmuşdur. Türk dünyasının birinci mədəniyyət paytaxtı 2012-ci ildə TÜRKSOY şurası tərəfindən Qazaxıstan paytaxtı Astana seçilmişdir. Daha sonra Əskişəhər, Kazan, Marı və Türkistan şəhərləri də növbə ilə Türk dünyasının mədəniyyət paytaxtları seçilib. 2016-cı il üçün türk dünyasının mədəniyyət paytaxtı seçilən Şəki şəhəri əsrlər boyu Böyük İpək Yolu üzərində yerləşən mühüm sənət və ticarət mərkəzi olub. Bu gün Şəki orta əsr şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan bənzərsiz məkandır. Karvansaraylar, məscidlər, minarələr, evlər, qala divarları, körpülər şəhərin qədim memarlıq üslubundan xəbər verir. Hər il keçirilən beynəlxalq festivallar, tədbirlər xalqımıza xas olan zəngin tarixi-mədəni irsi təbliğ etməyə, bölgənin turizm potensialını genişləndirməyə imkan yaradır.

NƏİNKİ AZƏRBAYCANIN, TÜRK DÜNYASININ, ELƏCƏ DƏ BÜTÜN DÜNYANIN MƏDƏNİYYƏT PAYTAXTI OLUNMAĞA LAYİQ ŞƏHƏR

Bu gün isə Qarabağın tacı olan Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsi böyük həqiqətlərə əsaslanır. Şuşa şəhəri nəinki Azərbaycanın, türk dünyasının, eləcə də bütün dünyanın mədəniyyət payxatı elan olunmağa layiqdir. Milli-mənəvi dəyərlərinin beşiyi kimi tanınan Şuşa əsrlərin sınağından çıxaraq yüzilliklərin daş yaddaşında tarix yazıb. Bu tarix Şuşa haqqında olan bütün məlumatları özündə əks etdirib. Zəngin və şanlı tarixi keçmişə malik olan Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən, məşhur Cıdır düzündəki Şuşa mağarası bu ərazinin Azərbaycanda ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir. Bu şəhərin tarixinə nəzər salsaq görərik ki, 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra keçmiş Qarabağ bəylərbəyliyinin ərazisində iki müstəqil xanlıq – Gəncə və Qarabağ xanlıqları yarandı. Qarabağ xanlığının əsasının qoyulması və Şuşa şəhərinin onun paytaxtına çevrilməsi Pənahəli xanın (1748-1763) adı ilə bağlıdır. Tarixi mənbələrdə göstərilir ki, Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab edilir. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Qarabağ xanı Pənahəli xan Şuşanı paytaxt elan edib oranı möhkəmləndirmiş, Qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənahəli xanın şərəfinə "Pənahabad", sonradan isə "Şuşa qalası" və "Şuşa" adlandırılmışdır.
XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Mənbələrdə qeyd olunduğu kimi, məşhur rəssam V.Vereşşagin Şuşanı görəndən sonra yazırdı: "Bu şəhərin evləri düzgün formalı, qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işıqlandırılır. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülmüş daşlardan tikilmişdir. Şəhərin bütün küçələrinə enli daş plitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir".
XVIII əsrin ikinci yarısında Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa özünün xalçası, ipəyi, parçası və çini qabları ilə dünya bazarları miqyasına çıxmış və bununla da böyük şöhrət qazanmışdı. Bu dövrdə şəhərdə çoxsaylı sənətkar məhəllələri yaranır, ticarət daha sürətlə inkişaf edirdi.

QAFQAZIN MUSİQİ MƏRKƏZİNƏ ÇEVRİLMİŞ SƏNƏT MƏBƏDİ

XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. Azərbaycan dramaturgiyasının banisi M.F.Axundov öz komediyalarını geniş şəkildə yaymaq məqsədi ilə 1852-ci ildə teatr tamaşalarının intişar tapdığı Şuşa qalasına gələrək, arzusunu reallaşdırıb. V.Şekspirin "Otello"su Azərbaycanda ilk dəfə 1893-cü ildə şuşalı müəllim, dramaturq və jurnalist Haşım bəy Vəzirov tərəfindən tərcümə edilərək səhnələşdirilib. Daha sonra C.Məmmədquluzadənin "Ölülər" tragi-komediyası ilk dəfə 1916-cı ildə Xurşudbanu Natəvanın qızı Xanbikənin evində yerləşən məktəbdə tamaşaya qoyulmuşdu. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə, xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulur.
"Türk dünyasının mədəniyyət paytaxtı" seçilən Şuşa Azərbaycanın mədəniyyət beşiydir. Şuşada dünyaya göz açan xalqımızın mənəviyyatı və mədəniyyəti üçün özlərini fəda edən Azərbaycanın mədəniyyət və incəsənətinə töhfə vermiş mədəniyyət və incəsənət tarixinə ədəbi iz salmış Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Nəcəf bəy Vəzirov, Zülfüqar Hacıbəyli, Şəmsi Bədəlbəyli, Barat Şəkinskaya, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyli, Bülbül, Niyazi, Mehdi Məmmədov, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Məhərrəm Əlizadə və onlarla belə sənətkarlarin yaratdıqları sənət inciləri tarixi nümunələrdir.
Məlum olduğu kimi, sovet dövründə Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zamanda Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, eləcə də erməni iddiaları hər zaman iflasa uğramışdı. Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin il qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikildi. Ulu Öndər, eyni zamanda, Şuşada aparılan tikinti-quruculuq işləri ilə də yaxından maraqlanmış, Azərbaycan poeziyasının klassikləri M.P.Vaqifin və Xurşidbanu Natəvanın yaşayıb yaratdığı yerlərlə tanış olmuşdu. Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, məqbərə tikilmiş və 1982-ci ildə acılışı olmuşdur.

ERMƏNİ VANDALLIĞI: TALAN EDİLMİŞ, DAĞIDILMIŞ VƏ MƏHV ABİDƏLƏR

1982-ci il iyulun 29-dan - avqustun 2-dək Qarabağa bir il içərisində ikinci dəfə səfər edən Ulu Öndər Heydər Əliyevin bilavasitə iştirakı ilə Şuşada şairə Xurşidbanu Natəvanın abidəsinin açılışı oldu. Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə Xankəndidə Pedaqoji İnstitut açıldı.
Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır. Bununla yanaşı, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə var idi. Bunların içərisində son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, M.P.Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, İkimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Mərdinli, Saatlı, Köçərli kimi məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri, Xan Şuşinskinin, Tarzən Sadıqcanın evləri, Qız məktəbi, İsa bulağı və s. tarixi mədəniyyət nümunəsi erməni işğalçıları tərəfindən talan edilmiş, dağıdılmış və məhv edilmişdir.
Şuşanın abidələr şəhəri olduğunu söyləyən Ümummilli Lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur".

"ŞUŞA NƏİNKİ AZƏRBAYCANIN, BÖLGƏNİN MƏDƏNİ PAYTAXTI SAYILA BİLƏR"

44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşa işğaldan azad olundu. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində Cənab Prezident demişdir: "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq".

ŞUŞA ŞƏHƏRİ XALQIMIZ ÜÇÜN SON DƏRƏCƏ ƏZİZ, MÜQƏDDƏS BİR MƏKANDIR

Dövlət başçısı Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında Sərəncamı bir daha ölkəmizdə milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunmasına dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğının göstərildiyini nümayiş etdirir. Sərəncam həm də 2022-ci ildə Şuşada və işğaldan azad olunmuş digər ərazilərimizdə aparılan quruculuq işlərinin daha böyük vüsət almasına səbəb olacaq. Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncamda qeyd olunduğu kimi, Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir. Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edib. "Şuşa şəhəri buna layiqdir", - deyən Cənab Prezident bildirib ki, Şuşa nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Bu gün Şuşa dağları həsrətlə yaşadığı, acıdığı musiqimizə, sənət dünyamıza qovuşdu. Toy-büsatlı Şuşamızda yenidən "Xarı Bülbül" Beynəlxalq musiqi festivalı keçirildi. Artıq hər kəs rahatlığa qovuşub. Dini-mədəniyyət abidələrimiz təmir bərpa olunur. Üzeyirin, Natəvanın, Bülbülün güllələnmiş heykəlləri də Şuşada rahat nəfəs alır. Uzun illər R.Mustafayev adına Azərbaycan Dövlət Muzeyində saxlanılan heykəllər rahatlıq tapıb. Şuşa, "Cıdır düzü", "Isa bulağı" həsrətində olduğu sakinlərinə, Azərbaycan musiqisinə qovuşub.
Görüləcək işlər çoxdur. Qısa bir zamanda Şuşa cənnəti xatırladacaq bir məkana çevriləcək. "Türk dünyasının mədəniyyət paytaxtı" çərçivəsində Şuşamızda keçiriləcək tədbirlərdə iştirakçı olacaq hər bir kəs bu möcüzələr diyarımla xoş təəssüratlarla ayrılacaqlar.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə