Ötən 4 il sübut etdi ki, xalq öz seçimində yeganə düzgün qərar qəbul edib - ŞƏRH

Ötən 4 il sübut etdi ki, xalq öz seçimində yeganə düzgün qərar qəbul edib - ŞƏRH

11 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin növbəti prezidentlik müddətinin dörd ili tamam olur. 11 aprel 2018-ci il tarixdə keçirilən Prezident seçkilərində 86,03 faiz səs toplayan İlham Əliyevi xalqımız yenidən Azərbaycan Respublikasının Prezidenti postunda görmək istədi. Əslində, bu seçim həm də o demək idi ki, xalqımız İlham Əliyevə səs verərkən ümummilli lider Heydər Əliyev siyasətinə yenidən səs vermiş oldu. Azərbaycan xalqı müdrik bir seçim edərək öz taleyini növbəti 7 ildə yenidən cənab İlham Əliyevə həvalə etdi. Ötən 4 il sübut etdi ki, xalq 11 apreldə öz seçimində yanılmayıb və yeganə düzgün qərar qəbul edib.

Qeyd edim ki, 2018-ci il fevral ayında Yeni Azərbaycan Partiyasının VI Qurultayı keçirildi. Qurultayda partiyamızın Sədri, dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüldü. Çünki qəbul olunan tarixi qərar partiyamızın yüzminlərlə üzvünün, bütün xalqımızın arzu və istəyi idi. Çünki cənab İlham Əliyev son 18 illik prezidentlik fəaliyyəti dövründə “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” vədinə sadiq qalıb, Onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan bütün sferalarda böyük inkişaf yolu keçib.

2018-ci il aprelin 11-də keçirilən prezident sekilərindən ötən 4 ildə cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atılıb. Əslində bu nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası ilə 2003-cü ildən başlanan yolun cənab İlham Əliyevin yeni tarixi şəraitə, yeni çağırışlara uyğun olaraq uğurla və qətiyyətlə davam etdirməsinin reallığıdır. Ən böyük tarixi qələbəmiz isə 30 il həsrətində olduğumuz torpaqlarımıza 44 gün davam edən İkinci Vətən Müharibəsinin Qələbə Zəfəri ilə qovuşmağımız oldu. Çünki 2003-cü ildən bu günə qədər ölkənin potensialı bütün platformalarda Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsinə yönəldildi. Prezident öz çıxışlarında hər zaman qeyd edirdi ki, məhz işğal siyasətinə görə Ermənistanı bütün regional layihələrdən təcrid edib. Ölkə başçımız tərəfindən düşünülmüş bu siyasətin nəticəsidir ki, Ermənistan heç bir perspektivi olmayan dalan dövlətə çevrildi. Bu baxımdan da əminliklə deyə bilirik ki, Azərbaycanın qazandığı bu qələbə sadəcə 44 günlük müharibənin nəticəsi deyil.

Dövlət başçımız bildirmişdir ki, İkinci Qarabağ müharibəsini şanlı tariximiz, əbədi qürur hissi keçirəcəyimiz tariximizdir: «İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq».

Bəli, Şuşa əməliyyatından sonra Ermənistan diz çökdü, qabağımızda başını əydi, ağ bayraq qaldırdı, öz məğlubiyyətini etiraf etdi, noyabrın 10-da kapitulyasiya aktına imza atdı və biz bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonlarının işğal altında olan hissəsini də geri aldıq.

Azərbaycan 30 ilə yaxın dövrdə haqq səsini dünyaya çatdırmaq üçün bütün imkanlarını səfərbər etdi, ən yüksək tribunalardan Ermənistanın işğalçılıq siyasətini pislədi, dünyanın aparıcı dövlətlərinə və nüfuzlu beynəlxalq təşkilatlara çağırış etdi ki, həqiqətlərə həqiqət gözü ilə baxmaq zamanıdır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu son 18 ildə uğurla davam etdirən Prezident İlham Əliyev bütün platformalarda Azərbaycanın milli maraqlarını prinsipiallıqla müdafiə edir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gündə yazdığı şanlı tarix bir daha təsdiqlədi ki, hadisələrə ən böyük dəyəri zaman özü verir, ən əsası, Azərbaycan Prezidenti nəyi necə, nə vaxt etmək lazım olduğunu yaxşı bilir. İndi bərpa, quruculuq dövrü gedir, Azərbaycan bütün dost ölkələri bu prosesdə iştirak etməyə çağırır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, hazırda ən böyük problem minalardır. Ermənistan minalanmış sahələrin xəritəsini verməyib. Bu, daha bir müharibə cinayətidir. Lakin Azərbaycan yenə də bu yanaşmalara görə ruhdan düşmür, tarixi torpaqlarına qayıtdığı üçün qürur duyur, minatəmizləmə prosesini uğurla həyata keçirərək yenidənqurma işlərini planlaşdırır. Əldə olunan bu qələbədə ən əsas mühüm amil ondan ibarətdir ki, bu gün ölkəmizdə güclü və sıx xalq-iqtidar birliyi mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev bu birlikdən daha da güc alaraq qarşıda duran əsas vəzifələri şərəflə yerinə yetirir, sözünün imzası qədər dəyərli olduğunu atdığı hər addımla, həyata keçirdiyi siyasətlə sübut edir.

Məhz bu birliyin nəticəsidir ki, bugünkü müstəqil Azərbaycan tarixdə heç zaman olmadığı qədər güclüdür, böyük beynəlxalq nüfuza malikdir, etibarlı tərəfdaşdır. İndi Azərbacan iki böyük beynəlxalq təşkilata, BMT–dən sonra dünyada ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkətına və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurla sədrlik etməkdədir. Təkcə bu iki fakt Azərbaycanın beynəlxalq nüfuzundan xəbər verməklə onun beynəlxalq nüfuzunun sübutu kimi qəbul edilir. 2003-cü ildən başlanan islahatlar, son iki ildə həyatımızın bütün sahələrini əhatə etməklə cənab Prezidentimizin təşəbbüsü və rəhbərliyi ilə daha qətiyyətlə, əzmlə və uğurla davam etdirilir və öz nəticələrini verir. Ölkəmiz bütün sahələrdə heç vaxt olmayan uğurlar qazanır. Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür. Bütün bu uğurların kökündə xalqla iqtidarın sarsılmaz birliyi, cənab İlham Əliyevin yorulmaz fəaliyyəti dayanır.

Xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmış Prezident İlham Əliyevin 2018-ci il 11 aprel tarixli andiçmə mərasimindəki çıxışındakı bu sözlər hər bir ölkə vətəndaşını qürurlandırır: «Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar».

Göründüyü kimi, qürur doğuran, Azərbaycanda yeni keyfiyyət dəyişikliklərinin əsasının qoyulduğu son prezident seçkilərindən ötən 4 il bir daha göstərir ki, seçkidə iştirak edən vətəndaşların 86 faizindən çoxunun öz səsini məhz İlham Əliyevə verməsi təsdiq etdi ki, Azərbaycan xalqı respublikamızın yüksəlişinə və qüdrətlənməsinə aparan siyasi xətti birmənalı dəstəkləyir. Bu qələbənin təməlində Prezident İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi 2003-cü ildən ötən 18 il ərzində gördüyü işlər, Azərbaycanın iqtisadiyyatında, sosial həyatında və digər sahələrdə qazanılan əzəmətli uğurlar, Heydər Əliyev yoluna olan inam dayandı. Bütün bunları rəhbər tutan seçicilərin mütləq əksəriyyəti seçimini məhz ötən dövrün sosial-iqtisadi uğurların nəticəsini göstərən səmərəli islahatların üzərində qurdu. Seçkilərin nəticəsi göstərdi ki, vətəndaşlar Prezident İlham Əliyevin sabitliyə, sülhün və firavanlığın möhkəmləndirilməsinə, dövlətçiliyimizin qüdrətlənməsinə, ölkənin sosial-iqtisadi inkişafına xidmət edən siyasətini dəstəkləyir və çox böyük etimad bəsləyir. Bu etimad həm də perspektiv nailiyyətlərə hesablanan siyasi kursun yenilməzliyinə və alternativinin olmadığına olan inamın təcəssümü idi.

Bütövlükdə, bu seçim Azərbaycanın yüksəlişinə xidmət edən ümumxalq qərarı idi. 2018-ci il aprelin 11-də seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciət edərək minnətdarlığını bildirən cənab İlham Əliyev bildirmişdir: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq”.

Bəli, görülən işlər, əldə olunan uğurlar, bu uğurları təsdiqləyən real faktlar birp daha göstərir ki, bu qısa zaman kəsiyində Prezident İlham Əliyevi xalqa sevdirən cəhətlər dövlət başçısının daim xalqın yanında olması, verdiyi bütün vədləri yerinə yetirməsidir. Qarşıda isə bizi yeni qələbələr, o cümlədən Qarabağın dirçəlişi gözləyir. Azad edilmiş bütün torpaqlarımız qısa müddətdə yenidən qurulacaq və xalqımız Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanı bundan sonra da daha böyük inkişafa aparacaq, yeni uğurlara imza atacaq.

SEYFƏDDİN ƏLİYEV,

YAP Masallı rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə