Ermənistanın sərgilədiyi mövqe yalnız onun vaxt qazanmasına hesablanıb - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycan tərəfi hər zaman yekun sülh sazişinin bağlanması üçün Ermənistana təklif edib. Təbii ki, yekun sülh sazişinin bağlanması üçün vacib şərtlər təmin olunmalıdır. Yəni Azərbaycanın irəli sürdüyü təkliflər də özündə bu şərtləri ehtiva edir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, bu şərtlər dəfələrlə təkrar edilib: “Azərbaycan artıq 2020-ci ildən sonra dəfələrlə bu şərtləri Ermənistan tərəfinə bildirib. Azərbaycan ilə Ermənistan sərhədlərin dəqiqləşdirilməsi üçün sərhədlərin delimistasiya və demarkasiyasının aparılması tələb olunur. Dövlət sərhədlərini müəyyənləşdirmədən hər hansı bir yekun sülh sazişini imzalamaq qeyri-mümkündür”.
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, 2021-ci il 14 dekabr tarixində Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüş zamanı da məhz bu məsələ ətrafında ciddi müzakirə aparıldı: “Müzakirə zamanı Ermənistan tərəfi də sərhədlərin delimitasiyası və demarkasiyasının aparılması üçün işçi qrupunun yaradılmasına razılığını bildirdi. Amma ötən dövrdə ərzində Ermənistan tərəfindən bu istiqamətdə hər hansı bir addım atılmadı. Digər bir şərt ondan ibarətdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Sülhün əsasını təşkil edən ən vacib amillərdən birini də məhz bu təşkil edir. Ermənistan bundan sonra da Azərbaycan qarşı ərazi iddiaları irəli sürəcəksə, təbii ki, Azərbaycan ilə Ermənistan arasında hər hansı bir sülhdən danışmağa əsas ola bilməz.
Nəzərə almaq lazımdır ki, 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatda öz ifadəsini tapan şərtlər də elə yekun sülh sazişinin imzalanması üçün vacib əsasları təşkil edirdi. Lakin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın şərtlərinə əməl olunması istiqamətində də Ermənistandan hər hansı bir addımı görmədik. Ermənistanın bu günə kimi sərgilədiyi mövqe yanlız onun vaxt qazanmasına hesablanıb. Ermənistan məğlub vəziyyətinin qismən də olsa yüngüllüşəcəyinə ümid edir. Bu günə kimi dəfələrlə bu istiqamətdə cəhdlər etdi. Amma heç bir nəticə əldə edə bilmədi. Hesab edirəm ki, Ermənistan tərəfi artıq bu ağır məğlub vəziyyətinin dəyişməsi istiqamətində etdiyi cəhdlərin bir nəticə vermədiyi və bundan sonra da verməyəcəyi ilə barışmaqdadır.
Aprel ayının 6-da tərəflər arasında Brüsseldə görüş gözlənilir. Düşünürəm ki, bu görüş növbəti mərhələdə daha aydın mövqelərin sərgilənməsi üçün bir platforma rolunda çıxış edə bilər. Hələ ki, yekun sülh sazişinin imzalanması üçün əsas yoxdur. Ermənistan yekun sülh sazişinin imzalanması üçün tələb olunan şərtlər barəsində heç bir addım atmayıb”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB