Ermənilərin azərbaycanlılara qarşı amansız soyqırımları tarixin müxtəlif dövrlərində fasilələrlə təkrarlanmışdır. Soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımlar davamlı şəkildə, düşünülmüş və planlı surətdə həyata keçirilən siyasətin ayrı-ayrı mərhələləri olmuşdur. Bu dəhşətli hadisələrdən biri də 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində baş vermiş, ölkənin müxtəlif bölgələrində eyni anda törədilmiş kütləvi qırğınlardır. Daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla həyata keçirilən amansız qətliam, ağlasığmaz işgəncələrlə törədilən qətllər tariximizə qara səhifələr kimi həkk olunub. Sovet hakimiyyəti dövründə tarixi həqiqətləri üzə çıxarmaq qadağası, tariximizə sahib çıxmaq, baş vermişləri qan yaddaşımız kimi sənədləşdirməyi mümkünsüz etmişdi. Lakin xalqın yaddaşını silmək, ona faciələri unutdurmaq cəhdləri boşa çıxdı. 70 illik əsarət xalqa tarixini unutdurmadı. Tarix araşdırıldıqca yeni-yeni faktlar, erməni vəhşiliyinin ağlasığmaz həqiqətləri aşkarlandı və bu proses hələ də davam edir. Bakı Sovetinin mandatı altında daşnak-bolşevik silahlı dəstələrinin törətdikləri cinayətləri təsdiqləyən sənədlər, saysız dəlil-sübutlar hələ də meydana çıxmaqdadır. 1918-ci il martın 31-də Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin xüsusi amansızlıqla qətlə yetirilmişdir. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Qətliam daha geniş coğrafiyaya yayılaraq Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə davam etdirilmişdir.
Ürək ağrısı ilə qeyd edirik ki, 1918-ci ildə erməni millətçilərinin həyata keçirdikləri kütləvi qırğılarda 30 mindən çox azərbayanlı qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından didərgin salınmışdır. Qətlə yetirilənlər arasında uşaq, qadın və qocaların olması isə qana susamış erməni xislətini bir daha gözlər önünə sərir. İnsanları işgəncə verərək öldürməklə kifayətlənməyən cəlladlar memarlıq tikililəri, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb, yaşayış yerlərini viran qoyub, xarabalığa çevirmişlər. Ümummilli Lider Heydər Əliyev ermənilərin xalqımıza qarşı təcavüzünün tarixi köklərini, mərhələlərlə törətdikləri soyqırımı və terror siyasətinin mahiyyətini, tarixən qarşılaşdığımız müsibətləri dərk etmiş, digər cinayətlər kimi mart hadisələrinə də xüsusi həssaslıqla yanaşmışdır. 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Fərmana əsasən 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Fərmanda deyilir: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. Məhz Ulu Öndərin təşəbbüsü ilə erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı faciəsinin araşdırılması və tarixi həqiqətlərin dünyaya yayılması işi başlamışdır. Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri amansız qətliamlar barədə reallıqların Azərbaycan və dünya ictimaiyyətinə çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır.
Soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, tarixi həqiqətləri gələcək nəsillərə olduğu kimi çatdırmağı özümüzə borc bilirik.
İmmiyə Zamanova
YAP Səbail rayonu Neftçilər prospekti 24 ərazi təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB