Türkiyə və Özbəkistan arasındakı münasibətlər hansı səviyyədədir? - POLİTOLOQ AÇIQLADI

Türkiyə və Özbəkistan arasındakı münasibətlər hansı səviyyədədir? - POLİTOLOQ AÇIQLADI

“SSRİ-nin dağılmasından sonra Özbəkistanı müstəqil dövlət olaraq tanıyan ilk ölkə Türkiyə olmuşdur. Bu il martın 4-də Türkiyə ilə Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd edilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, Türkiyə və Özbəkistan arasında inkişaf edən ikitərəfli münasibətlərin nəticəsi olaraq 2018-ci ildə Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası yaradılıb: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Özbəkistana bu dəfəki rəsmi səfəri isə iki ölkə arasında münasibətləri daha yüksək səviyyəyə çatdırmaq məqsədi daşıyırdı və buna da nail olundu. Tərəflər ticarət, iqtisadiyyat, energetika, sərmayə qoyuluşu, nəqliyyat, toxuculuq sənayesi, kənd təsərrüfatı, səhiyyə, mədəni-humanitar, elm, təhsil, incəsənət, turizm, informasiya sahələrində əməkdaşlıqla yanaşı Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni, Türk Dövlətləri Təşkilatının payızda Daşkənddə keçiriləcək sammitini və bir çox digər məsələləri də müzakirə ediblər. Təkcə ötən ilin yekunları üzrə Türkiyə ilə Özbəkistan arasında ikitərəfli ticarətin həcmi 72% artaraq 3,6 milyard dolları keçib. Tərəflər bu göstəricini 2023-cü ildə 5 milyarda, sonrakı dövrdə isə 10 milyard dollara çatdırmağı hədəfləyirlər. Türkiyə ötən il 8,1 faiz payla Özbəkistanın 4-cü ticarət tərəfdaşı olub. Türkiyə 2021-ci ildə Özbəkistanla xarici ticarət həcmini əvvəlki ilə nisbətən 1,5 milyard dollar artıraraq Rusiyadan sonra Özbəkistanla xarici ticarət həcmini ən çox artıran ikinci ölkə oldu. Türkiyə keçən il 407 şirkətlə Özbəkistanda ən çox şirkət quran ölkə olub. Ümumilikdə isə 2022-ci ilin yanvar ayına olan məlumata görə, ölkədə fəaliyyət göstərən türk kapitallı şirkətlərin sayı 2 min 123-ə çatıb. Bu isə o deməkdir ki, Türkiyə hal-hazırda Rusiya və Çindən sonra Özbəkistanda ən çox şirkət quran üçüncü ölkədir. Səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Prezidenti Şevkət Mirziyoyevin iştirakı ilə 10 saziş imzalanıb ki, bu da ölkələr arasında strateji tərəfdaşlıq əlaqələrinin ən yüksək səviyyəyə çatdırılması istəyini göstərir. “Güzəştli Ticarət Sazişi”, “Hərbi Çərçivə Sazişi”, “Məhkumların qarşılıqlı şəkildə təhvil verilməsi haqqında Saziş” və “Məhkəmə ekspertizası sahəsində əməkdaşlıq” sazişi, “Ölkə sərhədlərindən keçən nəqliyyat vasitələri və mallara dair ilkin məlumat mübadiləsi haqqında Protokol”, “Tikinti sahəsində Anlaşma Memorandumu”, “2022-2023-cü illərdə Səhiyyə sahəsində əməkdaşlıq üzrə Fəaliyyət Planı”, “Əmək və Sosial Müdafiə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”, eləcə də iki ölkənin Milli Xəbər Agentlikləri arasında “Əməkdaşlıq Sazişi”nin imzalanması onu göstərir ki, müxtəlif istiqamətlərdə fəaliyyət üçün real imkanlar müzakirə olunub və razılaşdırılıb.Onu da qeyd edim ki, Özbəkistanın Türkiyə və türk dünyası ilə əlaqələrini genişləndirməsi Azərbaycanın da siyasi, iqtisadi və təhlükəsizlik maraqlarına uyğundur. Belə ki, Bakı və Ankara Özbəkistanın Bakı-Tiflis-Qars dəmiryoluna qoşulmasını istəyir. Bunun üçün Özbəkistan öz məhsullarını əvvəlcə Türkmənistana, oradan da dəniz yolu ilə Azərbaycanın Ələt limanına çatdırması tələb olunur. Bu, Özbəkistanın maraqlarına cavab verir və bu ölkə Türkiyə üzərindən Aralıq dənizinə çıxış imkanları əldə edir. Odur ki, yaxın perspektivdə Azərbaycanla Özbəkistan arasında da münasibətlərin daha yüksək çatdırılması istiqamətində konkret addımların şahidi ola bilərik".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə