Öldürmək üçün "türk, müsəlman" olmaq kifayət edirdi - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ
"1918-ci il martın 31-də törədilən soyqırımdan 104 il keçir. Bu hadisədən zaman baxımından uzaqlaşdıqca ona yenidən nəzər yetirmək və müvafiq ibrət dərsləri almaq ehtiyacı yaranır. Birinci Dünya müharibəsinin sonlarına yaxın, 1918-ci ilin mart ayında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik, Bakı Sovetinin dəstələri birlikdə azərbaycanlı əhalini kütləvi qırğınlara, soyqırımına məruz qoydular". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı bildiirb.

Onun sözlərinə görə, Şərqi Anadoluda mülki türk, müsəlman əhaliyə qarşı törətdikləri qırğınlar üçün cəzasız qalmayacaqlarından qorxan erməni-daşnak dəstələri rus Qafqaz cəbhəsi dağıldıqdan sonra ordu hissələri ilə birlikdə Cənubi Qafqaza gəldilər. Bu zaman anarxiyanın hökm sürdüyü regionda müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdi: "Qafqaz cəbhəsindən qayıdaraq Bakıdan keçib Rusiyaya getməli olan rus əsgərləri yol boyu Azərbaycan kəndlərini talan edir, aclıq və səfalət içərisində olduqlarından Bakı Sovetinin xidmətində qalmağı vətənə dönməkdən üstün tuturdular. Ordu silah və sursatını ermənilərə və Bakı bolşeviklərinə vermişdi.
Kütləvi qırğınların, soyqırımlarının coğrafiyası geniş olub, əvvəlcə Şərqi Anadoluda törədilmişdi. 1917-ci ilin payızından etibarən isə Cənubi Azərbaycanı, Cənubi Qafqazda – tarixi Azərbaycan torpağı olan İrəvan quberniyasını-indiki Ermənistan Respublikasının, Tiflis quberniyasının Borçalı qəzasının və indiki Azərbaycan Respublikasının ərazilərini əhatə edirdi. Erməni silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında oldu. Martın 30-da axşamüstü S.Şaumyan başda olmaqla Bakı Soveti və erməni-daşnak dəstələri tərəfindən dinc türk və müsəlman əhaliyə qarşı soyqırımına başlandı. Martın 30-da axşam saat 5-də Bakıda ilk atəş açıldı. Qırğın başlananadək özlərinin bitərəfliyini elan etmiş Daşnaksütyun və erməni Milli Şurası, o cümlədən erməni kilsəsi Bakı Sovetini müdafiə etdi. Nəinki silahlı ermənilər, habelə erməni ziyalıları da Bakı Soveti tərəfindən döyüşə qatıldılar. S.Şaumyan bu hadisə ilə bağlı olaraq yazırdı ki, bizim süvari dəstəyə ilk silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Bizim artıq 6 min nəfərə qədər silahlı qüvvəmiz var idi. Həmçinin Daşnaksütyunun 3-4 minə qədər milli hissələri var idi. Onlar da bizim sərəncamımızda idi.
Daşnaksütyunun iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi və bundan yayınmaq mümkün deyildi. Biz buna şüurlu olaraq getdik, çünki əgər onlar Bakıda qələbə qazansaydılar, şəhər Azərbaycanın paytaxtı elan ediləcəkdi. Soyqırım xüsusi qəddarlıqla həyata keçirildi. Şəhər yerdən və havadan bombardman edildi. Dinc azərbaycanlı əhali diri-diri su və neft quyularına, yanar təndirlərə atılır, hamilə qadınların qarınları süngü ilə deşilir, körpə uşaqlar divarlara mıxlanır, qadınlar hörükləri ilə bir-birinə bağlanaraq küçələrdə çılpaq gəzdirilirdi. Silahlı dəstələr uşaqlara, qocalara və qadınlara rəhm etmirdilər. Adamlardan siyasi mənsubiyyət soruşulmurdu. Öldürmək üçün “türk, müsəlman” olmaq kifayət edirdi. Mart soyqırımının şahidi olan Azərbaycan tarixçisi R.İsmayılov yazırdı: “İş o yerə çatmışdı ki, daşnaklar “biz, bolşevik, sosialist bilmərik, müsəlmansan, kifayətdir”, – deyə hətta müsəlman sosialistlərini belə qırdılar...”.
Soyqırımın gedişində azərbaycanlılara məxsus ictimai binalar, milli rəmzlər və mədəniyyət ocaqları dağıdıldı. "Açıq söz", "Kaspi" qəzetlərinin redaksiyaları, fəaliyyətini bütün Cənubi Qafqaza yayan və müharibə zamanı Qafqaz cəbhəsində hərbi əməliyyatlar meydanında böyük iş aparan, azərbaycanlıların ictimai hərəkatında mühüm rol oynayan Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi "İsmailiyyə" binası yandırıldı. Təzəpir məscidinin minarələri zədə aldı.
Qüvvələr bərabər olmadığı üçün martın 31-də azərbaycanlılar döyüşü dayandırmağa məcbur oldular. Buna baxmayaraq, azərbaycanlıların öldürülməsi davam etdirildi. Qırğınlar yalnız aprelin 2-də dayandırıldı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB