“Azərbaycan dövləti Qarabağda, Fərruxda istənilən silahlı birləşməni zərərsizləşdirməyə məcburdur" BƏYANAT

“Azərbaycan dövləti Qarabağda, Fərruxda istənilən silahlı birləşməni zərərsizləşdirməyə məcburdur" BƏYANAT

“1988-ci ildən keçmiş SSRİ-nin siyasi rəhbərliyinin dəstəyi ilə qədim Azərbaycan-türk torpağı olan Qarabağda baş verənlər, nəticədə SSRİ dağıldıqdan sonra da ermənilərə dəstəyini davam etdirən Kremlin hərbi və siyasi yardımı ilə Azərbaycanın beynəlxalq qurumlar tərəfindən tanınmış suveren ərazilərinin işğal olunması bu gün bütün dünyaya məlumdur”. Bu fikirlər Azərbaycanın Fərrux kəndində baş verənlərlə bağlı Azadlıq Hərəkatçıları İctimai Birliyinin yaydığı bəyanatda deyilir. Bəyanatda qeyd edilir ki, haqdan, ədalətdən, dövlətlərin ərazi bütövlüyündən ağızdolusu danışan güc mərkəzlərinin bu işğal faktına seyrçi yanaşması da sirr deyil: “Qarabağın Xocalı şəhərində, Qaradağlıda, Ağdabanda və digər yaşayış məntəqələrində misli görünməmiş vəhşiliyin, uşaq, qoca, qadın demədən minlərlə günahsız dinc əhaliyə qarşı soyqırımların törədilməsi foto-video görüntülərlə təsdiq olunsa da, erməni faşizminin başbilənləri Zori Balayan, Robert Koçaryan, Serj Sarkisyan kimi qəsbkarların öz ifadələri ilə etiraf edilsə də, dünya birliyinin bütün bunları görməzdən gəlməsi ikili standartların bariz nümunəsidir. BMT Təhlükəsizlik Şurasının işğal faktı ilə bağlı qəbul etdiyi dörd məlum Qətnamə otuz ilə yaxın bir müddətdə icra olunmadan qaldığı halda, beynəlxalq ədalətin mövqeyindən səbri tükənən Azərbaycan xalqı, nəhayət, 2020-ci ilin payızında 44 günlük ədalətli savaşla ərazi bütövlüyünü təmin etmək məcburiyyətində qaldı. Bütün baş verənlərə on illər boyu seyrçi münasibətlə yanaşan bəzi dövlətlərin siyasi rəhbərliyinin cəhdlərinə baxmayaraq Azərbaycan xalqı beynəlxalq hüququn ona verdiyi yetkiyə dayanaraq işğal faktını aradan qaldırdı. İndi qarşıda duran əsas vəzifə regionda uzunmüddətli sülhün, əmin-amanlığın bərqərar olunmasından ibarətdir. Bu da danılmaz həqiqətdir ki, Azərbaycan tərəfi müharibəni qazanmış qalib tərəf olmasına rəğmən, yenə də Ermənistanı sülhə dəvət etməkdə, bunun üçün lazım olan bütün addımları atmaqda davam edir”.

Bəyanatda o fikir də vurğulanır ki, son günlər Ermənistanın və Qarabağda hələ də varlığını qoruyub saxlamaq istəyən separatçı silahlı xuntanın saxta qışqırtıları, əsası olmayan, regionda sülhə xələl gətirən bəyanatları bəzi ermənipərəst güclər tərəfindən dəstəklənməkdə davam edir: “ABŞ Dövlət Departamentinin, Rusiya Federasiyası Müdafiə Nazirliyinin, bir sıra özünü demokratiyanın dəstəkçisi kimi qələmə verən qeyri-hökumət təşkilatlarının bu yalanların, yersiz qışqırtıların ayaq tutub yeriməsinə rəvac vermək istəmələri, bu baxımdan Azərbaycan xalqını narahat etməyə bilməz. Anlaşılmaz bir haldır ki, Ukraynanın Donbass, Luqansk və Krım bölgələrində baş verən separatizm faktlarına qarşı atdığı addımları haqlı olaraq Ukraynanın ərazi bütövlüyünün qorunması, suveren hüquqlarının bərpası kimi təqdir edən bəzi qərb dövlətləri, Azərbaycana qarşı fərqli mövqe sərgiləməkdə davam edirlər. Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşməsi tərəfindən Azərbaycan hərbçilərinin mövqelərinin atəşə tutulması, Azərbaycan əraziləri daxilində mühəndis-istehkam qurğuları tikməsi kimi beynəlxalq hüquqa zidd addımlara səsini qaldırmayan bəzi dövlətlərin və qurumların Azərbaycanın öz ərazilərində hərbi dislokasiyasına müxtəlif bəhanələrlə mane olmağa cəhd göstərilməsi isə dözülməzdir. Xüsusilə, Qarabağda sülhü bərqərar etməli olan Rusiya Federasiyasının bəzi qurumlarının Fərrux kəndi ilə bağlı bəyanatları, ən azı təəssüf doğurur. Rusiya Prezidentinin də iştirakı ilə imzalanmış üçtərəfli Bəyanatların, xüsusilə Rusiya ilə Azərbaycanın arasında imzalanmış ikitərəfli müttəfiqlik aktının ruhuna tamamilə zidd olan belə yanaşma, heç şübhəsiz, Rusiyanın münaqişənin həllində tərəfsiz olmadığını göstərir. Bu isə Sülhyaratma missiyası ilə bir araya sığmayan faktor kimi bu ölkəyə inamın itməsinə səbəb ola bilər. Fərrux kəndi Azərbaycanın Ağdam rayonunun inzibati-ərazi bölgüsünə daxil olan yaşayış məntəqələrindən biridir və buraya insanların yenidən qayıtmalarını təmin etmək üçün onların təhlükəsizliyi təmin edilməlidir. Bu, adi beynəlxalq insan hüquqlarına aid məsələdir və Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün ərazilərində, o cümlədən Qarabağda, Fərruxda istənilən silahlı birləşməni zərərsizləşdirməyə məcburdur. Bütün mənalı ömrünü Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş fədakar insanların təşkilatı olan Azadlıq Hərəkatçıları İctimai Birliyi dünya dövlətlərini, beynəlxalq qurumları, xüsusilə 30 ilə yaxın bir müddətdə Qarabağ problemini həll etmək missiyasını üzərinə götürüb heç bir nəticəyə nail olmayan Minsk Qrupu həmsədrləri olan dövlətləri, nəhayət, ikili standartlara son qoymağa, baş verənlərə beynəlxalq hüququn tələbləri prizmasından yanaşmağa, bölgədə daimi sülhün, əmin-amanlığın yaradılması üçün Azərbaycanın atdığı hüquqi və ədalətli addımlara dəstək verməyə dəvət edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə