Qarabağ reallığı – Fərrux və Daşbaşıdan sonra istiqamət Xankəndiyədir TƏRS BAXIŞ+ÖZƏL

Qarabağ reallığı – Fərrux və Daşbaşıdan sonra istiqamət Xankəndiyədir TƏRS BAXIŞ+ÖZƏL

Azərbaycan Silahlı Qüvvələri öz sözünü deməliydi və deməyə başlayıb da!

Beləliklə, Azərbaycanın şanlı Silahlı Qüvvələri artıq uzun müddətdir ki, hələ də Qarabağ regionunun məlum ərazilərində təxribatçılıqlarla məşğul olan separatçılara öz yerlərini, daha dəqiq desək, haraya getməli olduqlarını əməli qaydada nümayiş etdirdi. Yaxud, 1 ildən artıqdır ki, etdiyi çoxsaylı xəbərdarlıqlarına rəğmən, qarşı tərəfdən göstərilən etinasızlıqlardan sonra üzərinə düşən növbəti vəzifəsini icra etdi – mühüm strateji əhəmiyyətə malik olan Fərrux məntəqəsini və Daşbaşı yüksəkliklərini işğaldan azad etdi.

Lakin bu proseslər çərçivəsində bizləri uzun müddətdir ki, düşündürən və zaman-zaman hiddətləndirən bir sıra məsələlər də özünü açıq şəkildə nümayiş etdirdi – Rusiyanın Azərbaycanın Qarabağ regionunda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin (RSK) 10 noyabr 2020-ci ildə qəbul olunmuş üçtərəfli bəyanatdakı 4-cü bəndin realizəsini və üzərinə götürdüyü öhdəliyini yerinə yetirməməsi, ya da yerinə yetirmək istəməməsi, habelə, Ermənistanın bu fürsətdən maksimum şəkildə yararlanmaq cəhdləri.

Bütün bunlar regionda sülhün yaranmasına, əldə olunmasına qarşı kifayət qədər baryerlər qoymaqdadır

Yəni bu günün özündə də fakt budur ki, Ermənistan hazırda da bəyanatdakı bəndlərin icrası ilə bağlı hər hansı bir fəallıq nümayiş etdirmir, üstəlik Azərbvayacana qarşı müxtəlif üsullarla ərazi iddialarını qüvvədə saxlamağa çalışır. Əgər bu gün Qarabağda istər separatçılar olsun, istər qanunsuz silahllı formalaşmalar olsun, istərsə də İrəvandan Laçın dəhlizi vasitəsi ilə ermənilərin Xankəndinə səfərləri olsun, bütün bunlar regionda sülhün yaranmasına, əldə olunmasına qarşı kifayət qədər baryerlər qoymaqdadır. Məhz belə olan bir vəziyyətdə səbri get-gedə tükənməyə başlayan Azərbaycan Silahlı Qüvvələri öz szünü deməliydi və deməyə başlayıb da!

Başqa tərəfdən, ötən ay Azərbaycanla müttəfiqlik bəyannaməsi imzalayan Rusiyanın sözügedən sənəddəki mürəkkəblər qurumamış heç də xoş olmayan addımlara getməsi əlbəttə ki, təəssüf, eləcə də hiddət doğurmaya bilməzdi. Çünki bildiyimiz kimi, diplomatiya aləmində imzaya hörmətsizlik heç də yaxşı qəbul olunmayan bir məsələdir və yumşaq ifadə etsək, etimadın, etibarın pozulması faktı onu itirən tərəfi siyasi cəhətdən rüsvay edir. Biz bu reallığı son hadisələr çərçivəsində Rusiyanın Müdafiə Nazirliyinin “simasında” müşahidə etdik, özü də iki dəfə! Və bundan sonra da rus hərbi idarəsinin bizə qarşı eyni münasibətlərini nümayiş etdirməyəcəyinə kimsə zəmanət verə bilməz…

O cümlədən, Azərbaycanın Müdafiə Nazirliyi Rusiya Federasiyasının Müdafiə Nazirliyinin relizinə qarşı müvafiq, sərt və əslində gözlənildiyindən də artıq açıqlama verməklə…

Azərbaycan Ordusu get-gedə yenidən baş qaldırmağa başlayan erməni separatçılarının dərsini verdiyi və belə desək, RSK-nın görməli olduğu işi gördükdən sonra Rusiya Müdafiə Nazirliyinin əks mövqedə dayanması bir çox suallar doğurmağa başladı. Azərbaycanın Müdafiə Nazirliyinin iki dəfə (!) təqdim etdiyi rəsmi açşıqlamasına rəğmən ictimailəşdirdiyi bülletenlərində Qarabağ regionunu “Dağlıq Qarabağ”, Fərrux toponimimizi “Furux” adlandırması da məhz bu faktı ehtiva etməkdədir.

O cümlədən, Azərbaycanın Müdafiə Nazirliyi Rusiya Federasiyasının Müdafiə Nazirliyinin relizinə qarşı müvafiq, sərt və əslində gözlənildiyindən də artıq açıqlama verməklə Moskvanın Bakı ilə müttəfiqlik bəyannaməsi imzaladığını xatırlatdı.

Digər tərəfdən, Rusiya tərəfi onu da bilməlidir ki, Azərbaycanın Silahlı Qüvvələri heç yerə geri çəkilməyəcək və təhrifedici bəyanatları ilə də ruslar heç nəyə nail ola bilməyəcəklər. Və əgər Azərbaycan Silahlı Qüvvələri qarşılarına qoyduqları məqsədlərini, aldıqları əmr və tapşırıqları icra etməli olacaqlarsa bunu edəcəklər və buna da kimsənin şübhəsi yoxdur. Misal üçün, əgər Ordumuz RSK-nın dayandıqları mövqelərin ətrafından keçməklə qanunsuz erməni silahlılarına, onların hərbi infrastrukturlarına, istehkam və səngərlərinə nöqtə zərbələri endirəcəklərsə, bundan təəccüb etməməlidirlər. Qarabağ Azərbaycanın suveren ərazisidir və Silahlı Qüvvələrimizin öz ərazilərimizdə haraya nə vaxt, necə gedəcəyinə də kimsə müdaxilə edə bilməz!

Rusiya Azərbaycanın digər müttəfiqi-Türkiyə faktorunu da unutmamalıdır

Təbii ki, ərazilərimizin qanunsuz erməni silahlılarından təmizlənməsi, delimitarizasiya prosesi vacibdir və istər RSK ilə, istərsə də RSK-sız bu məqsəd həyata keçiriləcək. Söz yox ki, bunu Rusiyada da yaxşı bilirlər və bu, onlar üçün yeni xəbər deyil. Sadəcə, bu gün Rusiyanın Müdafiə Nazirliyinin, eləcə də Xarici İşlər Nazirliyinin primitive siyasi məşğulluğu real, onların dolğun siyasi baxış prizmalarından çıxış etməmələrini də sərgiləməkdədir. Daha dəqiq desək, Rusiyanın “Bizans siyasəti” tipində “nə bizə, nə sizə” siyasəti artıq dəyişən qlobal siyasi mühitdə keçərsiz olduğunu sübuta yetirir.

Təbii ki, Rusiya Azərbaycanın digər müttəfiqi-Türkiyə faktorunu da unutmamalıdır. Əgər bu gün Bakı ilə Moskva arasında hələ ki, həfif, nazik müttəfiqlik telləri mövcuddurda, ondan fərqli olaraq Bakı ilə Ankara arasındakı müttəfiqlik sarsılmaz, möhkəm bağlara malikdir. Həmçinin, Şuşa bəyannaməsi kontekstindən çıxış etsək Rusiya Türkiyənin istər diplomatik səviyyədə, istərsə də mümkün hərbi dəstək planında Azərbaycanın yanında olduğunu çox gözəl bilir, anlayır. Bütün bu reallıqlardan nəticə çıxarmalı olan Rusiya onsuz da beynəlxalq aləmdə sürətlə itirdiyi nüfuzunu daha dərin və çıxılmaz dalana dirəməmək üçün həqiqətlə barışmağa məhkumdur. Moskva ona qarşı tətbiq edilən çoxsaylı, ağır sanksiyalara nə Ankaranın, nə də Bakının qoşulmadığını qiymətləndirməli, bu jestləri dəyərləndirmək üçün özündə siyasi iradə və güc tapmalıdır.

Rövşən RƏSULOV

P.S. Xankəndiyə və ətrafına verilən qaz məsələsinə gəlincə isə Paşinyanın Moskvaya gözlənilən səfərindən də çox şey asılıdır. El dili ilə desək, ya elə, ya da belə. Qaz kəməri çox köhnədir və boru vasitəsi ilə sınaq qazı verilərlən həmin boru dözməyib partlaya bilər. Təmir üçün isə aylar lazımdır...

Bütün xəbərlər Facebook səhifəmizdə