“Bizim üçün münaqişə bitib” - AÇIQLAMA

“Bizim üçün münaqişə bitib” - AÇIQLAMA

“Müharibələr zamanı məğlub olmuş dövlətlər bir qayda olaraq postmüharibə dönəmindəki problemlərin həlli ilə bağlı məsələlərdə daha zəif mövqe və imkanlara malik olurlar. Savaşı udmuş tərəfin diktəsi ilə gedə biləcək danışıqlarda aciz durumda qalmamaq uçun vasitəçi tərəflərin dəstəyinə ehtiyac dururlar”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, hazırda Ermənistan və Azərbaycan arasında gedən danışıqlarda ölkəmiz qalib tərəf olaraq şərtlərini diktə edir: “Ordumuzun qələbəsi diplomatiyamızın da öz iş üslubunu hücum müstəvisi üzərinə keçirilməsinə şərait yaratmış, imkanlarımızı genişləndirmişdir. Münaqişə tərəfləri arasında postmünaqişə dönəmi üçün həll edilməli olan məsələlər 2020-ci ilin Moskva razılaşmasının şərtlərində öz əksini tapmışdır. Erməni tərəfi həmin razılaşmanın şərtlərinə müvafiq olaraq ərazimizdən öz qoşunlarını çıxartmalı, müharibə nəticəsində bağlanmış olan nəqliyyat kommunikasiya dəhlizləri açılmalı, iki dövlət arasında sərhədlərin demarkasiyası ilə bağlı məsələlər öz həllini tapmalıdır. Tərəflər arasında bu məsələlərin həlli ilə bağlı razılıqlar əldə edildikdən sonra nəhayət ki, bölgədə sülh və sabitliyin təmin edilməsində müstəsna əhəmiyyətə malik olacaq sülh müqaviləsi imzalanmalıdır”.

E.Manafov onu da bildirdi ki, erməni tərəfi ilk baxışda bu məsələlərin ətrafında müzakirələrə hazır olduğunu bəyan etsə də, gerçəklikdə danışıqları uzadır, onları vasitəçilərin dəstəyi və iştirakı ilə aparmağa ümid edir: “Bu da anlaşılandır, əvvəla ATƏT-in Minsk Qrupunun bütün bu illər ərzində süst və ədalətdən xeyli uzaq mövqeyi, problemin həlli məqsədi ilə təklif edilən layihələrin qeyri rentabelliyi, tərəfkeşliyi və s. daha çox erməni tərəfinin maraqlarına uyğun olmuşdur, danışıqları danışıqlar naminə aparmaqla erməni tərəfi və bəlli dairələr Azərbaycan tərəfinin uzun və yorucu danışıqlardan usanacağına, nəticə etibarı ilə qlobal maliyyə və güc mərkəzlərinin təzyiqi ilə güzəştə gedəcəklərinə ümid edirlər. Lakin bu məsələdə xalq və iqtidar arasında olan birlik, dövlətçiliyin problemin hərbi yolla həllinə hazırlanması, düzgün düşünülmüş strategiya və taktika, məqam və fürsətin, müharibə ərəfəsində regionda qüvvələr balansının dəqiq hesablanması, milli birlik və vəhdət ali baş komandanın nəzarəti altında həyata keçirilən dəmir yumruq siyasətinin uğurunu təmin etdi. Azərbaycan xalqı və ordusu münaqişə ilə bağlı BMT TŞ-nin zamanında qəbul etdiyi qətnamələrin icrasına özü və birtərəfli şəkildə nail oldu, bizlər uçun münaqişə əsasən bitib və yenidən kimlərin isə danışıqlarda vasitəçilik etmək zərurətinə də ciddi ehtiyac qalmamışdır. Regional Təhlükəsizlik və əməkdaşlıqla bağlı bütün problemləri 3 +3 formatında həll etmək və həyata keçirmək mümkündür. Azərbaycanın birbaşa iştirakı və səyləri nəticəsində region və ətrafındakı yeni geosiyasi reallıqlar Qərbdəki "həmkarlarımızı" qane etmədiyindən onlar artıq yola düşməkdə olan qatarın sərnişinləri olmaq uçun bilet almaq sövdasına düşüblər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə