Qarşıdurmanın dayandırılması istiqamətində real addımlar atılmalıdır - SİYASİ EKSPERT AÇIQLADI

Qarşıdurmanın dayandırılması istiqamətində real addımlar atılmalıdır - SİYASİ EKSPERT AÇIQLADI

"Rusiya ilə Ukrayna arasında gedən indiki danışıqların formatının real nəticələrə, yəni atəşin dayandırılmasına əsas yaradacağına inamım azdır. Əlbəttə ki, danışıqların olması istənilən halda hümanitar baxımdan müsbət addımdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, bu danışıqların müəyyən müddətdə mülki əhalinin hərbi əməliyyatların davam etdiyi zonadan çıxarılması üçün faydası ola bilər: "Çünki döyüşlər artıq 20 gündür davam edir, hər iki tərəfdən intensiv döyüşlərin getdiyini nəzərə alsaq, hər iki tərəfə bu fasilənin lazım olduğu qənaətindəyəm. Ümumilikdə nəzər saldıqda tərəflərin verdiyi açıqlamalardan belə qənaətə gəlmək mümkündür ki, hərbi qarşıdurma hələ bir müddət davam edəcək. Tərəflər mülki əhalinin vurulmasında bir-birini ittiham edir. Bu münaqişənin danışıqlar baxımından ən mürəkkəb tərəfi odur ki, bir tərəfdə regional güc olan Rusiyadır. Kreml hesab edir ki, Qərb dövlətləri onu müharibəni davam etdirməyə sövq edir və Ukraynanı Rusiyaya qarşı yönəldir. Ona görə Qərb ölkələrinin və NATO-nun bu yanaşmasını Rusiya qərəzli hesab edir. Bu səbəbdən Vladimir Putin Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar masasına oturmur.

Bu baxımdan Qərb ölkələrinin, konkret olaraq ABŞ və Aİ-nin da bu prosesdə vasitəçi olub atəşi dayandırmaq cəhdləri də inandırıcı görsənmir. Çünki sanksiyalar qarşısında Rusiya artıq onları tərəf kimi qəbul edir. Tərəfləri yaxınlaşdırmağa və hərbi qarşıdurmanı dayandırmağa hər iki tərəfin razı ola biləcəyi tərəf Türkiyə ola bilər. Rusiya Prezidenti V.Putin də bunun mümkünlüyünü ötən çıxışlarında vurğulamışdır. Əgər, yaxın 10 gün ərzində Rusiya hərbi əməliyyatlarda qarşısına qoyduğu hədəflərə çata bilməsə, ola bilsin ki, artıq bu qarşıdurmanın dayandırılması istiqamətində real addımlar atılsın. Lakin qarşı tərəfi nüvə və bioloji silahlarla təhdid edən Rusiya yəqin ki, bu prosesə real bir nəticə görmədən getməyəcək. Rusiyanın əsas hədəfi Ukraynada onların millətçi hesab etdiyi rejimin aradan qaldırılması idi. Lakin görünən odur ki, Rusiya hələ bu hədəfinə çata bilmir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə