Antalya Diplomatiya Formu Azərbaycan üçün əhəmiyyətli platformadır - MİLLƏT VƏKİLİ DANIŞDI

Antalya Diplomatiya Formu Azərbaycan üçün əhəmiyyətli platformadır - MİLLƏT VƏKİLİ DANIŞDI

“Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün Türkiyə Respublikasına səfəri və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü iki qardaş ölkə arasında dərin strateji müttəfiqliyin və sarsılmaz münasibətlərin ruhunu nümayiş etdirməklə bərabər, regionda yaranmış yeni çağırışlara əsaslanan geosiyasi perspektivlərin əhəmiyyətini sərgilədi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, görüşdə Zəngəzur dəhlizinin açılması istiqamətində inadlı və qətiyyətli siyasi xəttin davam etdirilməsi, yaxın zamanlarda bölgənin sülh və rifahına töhfə verəcək bu trans-nəqliyyat marşrutuna beynəlxalq marağın artması və Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyəti də bəyan edildi. Bu, bir daha Azərbaycan-Türkiyə birliyinin bölgə üçün möhkəm sülh və əməkdaşlıq platformasına çevrildiyini təsdiqlədi”.

Millət vəkili qeyd edib ki, Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulayıblar: “Həmçinin, postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığın perspektivlərinə, o cümlədən Cənub Qaz Dəhlizinin uğurla fəaliyyətini toxunaraq Türkiyə ərazisindən keçərək Avropaya qaz təchizatının artırılması imkanlarını da müzakirə ediblər. Həmçinin, hərbi, hərbi texniki, o cümlədən hərbi təlim və tədris sahələrində əməkdaşlığın uğurla davam etdirildiyi bildirilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Prezidentlər, eyni zamanda, Ukraynadakı hadisələrlə bağlı fikir mübadiləsi apararaq müharibənin tezliklə dayandırılması istiqamətində səylərin artırılmasına diqqət çəkiblər. Bu, bir daha Azərbaycan və Türkiyənin siyasi liderlərinin bölgədə sülh və əmin-amanlıq, dayanıqlı rifah üçün siyasi iradəsini və xoş məramlarını nümayiş etdirir”.

A.Hüseynov Türkiyədə keçirilən Antalya Diplomatiya Forumunun əhəmiyyəti barədə də danışıb. Qeyd edib ki, artıq qlobal platformaya çevrilmiş bu Forumda bir neçə ölkənin dövlət və hökumət başçıları, nazirləri iştirak edir: “Tədbirdə NATO və ATƏT də daxil olmaqla 40-dan artıq regional və beynəlxalq təşkilatın təmsilçiləri də olmaqla ümumilikdə dünyanın yüzlərlə nüfuzli siyasi və ictimai xadimi iştirak edir. Forumda yeni diplomatik münasibətlərin formasının tapılması, həmçinin qlobal və regional məsələlər, eləcə də böhran və münaqişələrin həlli yolları müzakirə olunur. Antalya Diplomatiya Forumu ölkəmiz üçün mühüm platformadır, burada Azərbaycanın regional yeri və rolu, 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbədən sonra bölgədə yaranmış yeni geosiyasi münasibətlərin faydalılığı və sülh və təhlükəsizlik təşəbbüsləri dünyaya təqdim olunur”.

Millət vəkili Antalya Forumu çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrail Prezidenti İshak Hersoq arasında keçirilən görüşünə də münasibət bildirərək vurğulayıb ki, rəsmi Ankara və Təl-Əviv bir çox məsələlərdə həmfikir olmaqla isti münasibətləri bərpa etməkdədir: “Bu, Azərbaycan üçün də mühüm əhəmiyyət kıəsb edir. Çünki İsrail Azərbaycanın yaxın dostu, Türkiyə isə qardaşıdır. Türkiyə-İsrail əlaqələrin yaxşılaşması Azərbaycanın da qətiyyətlə dəstəklədiyi regional sülh və təhlükəsziliyin də möhkəmlənməsinə dərin zəmin yaradılması deməkdir”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə