Əgər Rusiya və Ukrayna müttəfiq olsaydılar... ARQUMENT+AKTUAL

Əgər Rusiya və Ukrayna müttəfiq olsaydılar... ARQUMENT+AKTUAL

Və ya Qərbin bir tələsinə düşən iki böyük ölkə

Dünyanı diqqət mərkəzində qalmaqda davam edən Rusiya-Ukrayna müharibəsi və Rusiyanın Ukrayna qarşısında artıq ikinci həftədir ki, qalibiyyət əldə edə bilməməsi Kremlin Kiyev önündə əldə edəcəyi blits-krik iddialarını puç etdi. Artıq bütün dünya daha əvvəl Ukraynanın cəmi bir neçə günə Rusiya qarşısında diz çökəcəyini proqnoz edirdisə, indi məsələ tamamilə əksinə inkişaf edir – bu dəfə Rusiyanın Ukrayna cəbhəsində böyük itkilərə məruz qalması, hətta tükənməz raket və artilleriya zərbələrinin də nəticə verməməsi Kremlin güc stereotiplərini yerli-köklü məhv etməkdədir.

Rusiya ordusu Kiyevə qalan 27-30 km-lik məsafəsini iki həftədir ki, qət edə bilmir

Başqa tərəfdən, daha bir məqam budur ki, Rusiya hətta şəhər və qəsəbələri dinc əhalini nəzərə almadan hədəfə götürür, ancaq bunun müqabilində növbəti irəliləyişlərini həyata keçirməyə müvəffəq olmur. Rusiya ordusu Ukraynanın yalnız sərhədə yaxın ərazilərində mövqelənməyi bacarıb. Misal üçün, Rusiyanın ordu birləşmələri müttəfiqi Belarusun ərazisindən, daha dəqiq desək, paytaxt Kiyevə ən yaxın məsafədən Ukrayna sərhədlərinə doğru hərəkət edib və uzağı 27-30 km-lik yolu qət edə bilməyərək dayanıb. Yeganə imkan vasitəsi isə uzaqmənzilli artilleriya zərbələri və raketlərdir ki, nəticələrə görə, bu vasitələr də ukraynalıların iradəsini qıra bilməkdə acizlik çəkirlər.

Amma fakt budur ki, bu iki ölkə zamanında SSRİ-nin aparıcı lokomotivləri idilər və eyni zamanda, Sovet İttifaqı dövründə digər respublikalardan fərqli olaraq nüvə başlıqlarına sahiblik edirdilər.

Slavyan-xristian pravoslavlığın qardaş müharibəsi

Yalnız SSRİ süquta uğradıqdan sonra Rusiya Ukraynaya təhlükəsizlik zəmanəti vəd etdi, Kiyev ona olan bütün nüvə bağlıqlarını Moskvaya geri qaytardı. Amma göründüyü kimi, bu, Kiyevin bəlkə də ən səhv addımlarından biri oldu. İndi isə artıq gecdir və müharibə də bunu sübut edir...

Lakin müharibənin daha bir maraqlı məqamı ondan ibarətdir ki, həm Rusiya, həm də Ukrayna qohum soydan ibarət millətləri - slavyanları tərənnüm edirlər. Hətta ruslarla ukraynalıları eyni dinin eyni məzhəbi belə barışdıra billmədi və mövcud müharibəni slavyan-xristian pravoslavlığın qardaş müharibəsi kimi də adlandırmaq mümkündür. Düzdür, Şərqi Avropanın digər slavyan xalqları da mövcuddur, amma ukraynalılarla (eləcə də belaruslar) ruslar arasında olan yaxınlıq dərəcələri demək olar ki, digər slavyan qrupları arasında yox səviyyəsindədir.

Kiyev-Moskva müttəfiqliyi Qərbin ciddi başağrısına çevriləcəkdi

Lakin mövzunun məğzi həm də daha bir düşündürücü məsələyə söykənir. Misal üçün, sual oluna bilər ki, əcəba, əgər bu gün Ukrayna ilə Rusiya müttəfiq ölkələr olaraq Avropada ortaq siyasət yürütsəydilər, hansı nəticələri əldə edə bilərdilər? Yaxud, Avropa və ya Qərb bundan hansı paylarını ala bilərdi? Nəzərə alsaq ki, həm ukraynalılar, həm də ruslar İkinci Dünya müharibəsində faşizmə qarşı döyüşən ən çoxsaylı millət nümayəndələridirlər və müharibənin nə olduğunu, onun necə aparıldığını hələ də unutmayıblar, onda belə bir nəticə hasil etmək olardı ki, Kiyev-Moskva müttəfiqliyi Qərbin ciddi başağrısına çevriləcəkdi. Necə ki, vaxtilə inqilab baharı vasitəsi ilə devrilmiş eks-prezident, Rusiya ilə münasibətlərini müttəfiqlik səviyyəsinə qədər qaldırmağa çalışan Yanukoviçin hakimiyyətində olduğu kimi. Məhz Yanukoviç Qərb siyasi dairələrinin “bahar inqilabı” vasitəsi ilə Yuşşenko-Timoşenko cütlüyü tərəfindən devrildi və o da Rusiyaya sığınmalı oldu.

Ukrayna Qərbin tələsinə düşməklə özünün ən ağır dövrlərindən birini yaşayır

Qərbin də planlı məqsədi o idi ki, Ukraynada öz diktəsini davam etdirəcək siyasətçiləri hakimiyyətə yiyələndirsin və həmin plan yerinə yetirildi. Və bu gün həmin planın ağır nəticələridir ki, Ukrayna Qərbin tələsinə düşməklə özünün ən ağır dövrlərindən birini yaşayır. Rusiyanın başda ABŞ və NATO olmaqla Şərqə tərəf genişlənməsinin qarşısını almaq məqsədi, Qərbin isə inadla Şərqə tərəf genişlənmək planı bu müharibənin əsasını qoydu. Çünki Qərb son ana qədər prezident Zelenskiyə əmin olmağı, ona bütün cəhətlərdən dəstək göstərməyi vəd edirdi. Putin isə yalnız öz ordusuna güvənirdi və belə görünür ki, hər iki tərəf ciddi yanılıb. Amansız müharibə isə bunun bariz sübutudur. Və bunun “niyəsini” də izah edək: Qərb Ukraynanın NATO-ya üzv olacağına vəd vermişdi, lakin həmin vədini yerinə yetirmədi. ABŞ da daxil olmaqla müharibədən əvvəl müxtəlif NATO üzvü ölkələrini təmsil edən hərbi instruktorlar Ukraynada təlimlər keçirməklə, eləcə də maliyyə və silah yardımları göstərməklə işlərini birmiş hesab etdilər. Bu gün müxtəlif Qərbi Avropa ölkələrindən legioner döyüşçülər Ukraynanın cinahında Rusiyaya qarşı döyüşlərə qatılırlar, amma bir neçə min nəfərin miqyası böyük olan savaşda iştirakları dənizdə damla kimi görünür.

Eləcə də Rusiya ilə ABŞ arasında müharibədən əvvəlki anlaşmaların yazılı qaydada təhlükəsizlik zəmanətləri vermələrindən imtinaları da öncəki razılaşmaların üzərindən çarpaz xətlər çəkdi. Diqqət yetirək: Moskva Vaşinqtona yazılı təhlükəsizlik zəmanəti verəcəyini vəd edirdi, amma Vaşinqton qarşılıqlı olaraq hələ bu barədə düşündüyünü bəyan etdi və bu da münasibətlərin köklü dəyişməsi ilə nəticəsini tapdı.

Qərb məhz Ukraynanı tələyə salmaqla istədiyi nəticəni minlərlə ukraynalıların qanları bahasına əldə etməyi bacardı

Bəli, etiraf edək ki, Rusiya Krımı ilhaq etdi, Ukraynanın ərazi vahidləri olan, lakin separatçılıqları ilə seçilən Donetski və Luqanskı tanıdı. Ancaq fakt budur ki, həmin məsələlərin siyasi-diplomatik yollarla həllinə də müəyyən imkanlar qalmşdı. Yaranan təməlli fikir ayrılıqları isə müharibə reallığını ortaya çıxarmış oldu.

Və sonda! Əgər Ukrayna ilə Rusiya daha əvvəldən normal diplomatik anlaşmalara imza ata bilsəydilər, bu gün Krım da, Donetsk də, Luqansk da ölkənin tərkib hissəsində qalacaqdı. Ən qazından, burada iki slavyan xalqının birliyindən söhbət gedir və düşmənçiliyə də ehtiyac olmazdı. İki ölkə birlikdə olsaydı, Qərb bu gün Şərqi Avropa regionuna Polşadan, yaxud Baltikyanı ölkələrdən o tərəfə keçə bilməyəcəkdi. Rusiya-Ukrayna birliyi mövcudluqlarını qoruyub- saxlasaydılar Kremlin Kiyevə bir neçə nüvə başlıqları yerləşdirmək imkanları da mümkünlüyə çevrilərdi. Çünki Ukrayna həqiqətən də regiondakı Şərqlə Qərbin kəsişməsi nöqtəsində xüsusi strateji əhəmiyyətə malik bir ölkədir. Bütün bunlar ola bilərdi, sadəcə kirli siyasi maraqlar və ambisiyalar həmin mümkünlüyü tamamilə fərqli şəkildə sıradan çıxardı və bu gün Qərb məhz Ukraynanı tələyə salmaqla istədiyi nəticəni minlərlə ukraynalıların qanları bahasına əldə etməyi bacardı...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə