Tural Qasımlı: “Azərbaycan Cənubi Qafqazın iqtisadi cəhətdən ən inkişaf etmiş dövlətidir” ŞƏRH

Tural Qasımlı: “Azərbaycan Cənubi Qafqazın iqtisadi cəhətdən ən inkişaf etmiş dövlətidir” ŞƏRH

“1991-ci ilin sonunda Sovet İttifaqında baş verən suverenləşmə dalğası nəticəsində Azərbaycan müstəqil dövlət oldu. Ölkə siyasi və iqtisadi idarəetmə mexanizmlərinin faktiki olaraq yenidən yaradılması zərurəti ilə üzləşdi, çünki əvvəllər mövcud olanlar məhv edilmişdi və yeni tarixi şəraitdə istifadə üçün yararsız idi. Bundan əlavə, Azərbaycanın müstəqillik əldə etdiyi dövrdə Ermənistanla hərbi qarşıdurma nəticəsində daxili siyasi vəziyyət son dərəcə mürəkkəb idi”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı deyib.

Onun sözlərinə görə, 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyasının əsas qayəsi daxili sabitliyi təmin etmək, hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq və beynəlxalq arenada mühüm nailiyyətlərə imza atmaq idi: “1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi, onun düşünülmüş və ardıcıl siyasət yeritməsi vəziyyətin yaxşılaşmasına səbəb oldu. Ümummilli Lider Heydər Əliyev və Onun layiqli davamçısı İlham Əliyev tərəfindən Azərbaycan iqtisadiyyatında aparılan uğurlu islahatlar nəticəsində bu gün ölkə Cənubi Qafqazın iqtisadi cəhətdən ən inkişaf etmiş dövlətidir. Ölkədə sosial-iqtisadi və siyasi vəziyyətin düzəldilməsi istiqamətində mühüm və çox uğurlu işlər görülmüş, bunun nəticəsində iqtisadi inkişafa nail olunmuşdur. Azərbaycan Respublikası tarixi meyarlara görə qısa müddət ərzində Sovet İttifaqından miras qalmış iqtisadi və siyasi dağıntıların mənfi nəticələrinə qarşı mübarizədə böyük imkanlar nümayiş etdirmişdir. Üstəlik, misli görünməmiş iqtisadi artıma və sabitliyə nail ola bilib. Məhz Ulu Öndər Heydər Əliyevin fəal iştirakı ilə “Əsrin müqaviləsi” imzalandı, Azərbaycanın Neft Strategiyası hazırlandı və həyata keçirildi, çoxlu sayda xarici sərmayədarın cəlb edilməsinə nail olundu və Azərbaycanın hərtərəfli modernləşdirilməsinə yönəlmiş bir sıra layihələr həyata keçirildi. Ümummilli Liderin yürütdüyü siyasət nəticəsində Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq maliyyə-iqtisadi strukturlarla əməkdaşlığı da yüksək səviyyədədir”.

Bütün xəbərlər Facebook səhifəmizdə