Prezident İlham Əliyevin 10 mart 2020-ci il tarixində altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış etmişdir. Dövlət başçısı həmin çıxışı zamanı bir sıra məsələlərə toxunmuşdur.
İlk olaraq o qeyd etmişdi ki, növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək olmuşdur. Yeni tərkibdə Milli Məclisin işi tezliklə təşkil edilməli və islahatlar davam etdirilməlidir.
Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olmalıdır. Bütün siyasi qüvvələr seçkilərdə iştirak etmiş və sərbəst şəkildə seçkilərdən yararlanmışdırlar.
Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Kadr islahatları aparılır. Xalqa xidmət etməyən, vəzifəyə başqa məqsədlər üçün gəlmiş insanlar, məmurlar vəzifədən uzaqlaşdırılır, cəzalandırılır. Onların əvəzinə isə dönyagörüşlü, xalqa xidmət edən, milli-mənəvi dəyərlərimizə üstünlük verən gənclər gətirilir. Bundan sonra da təmizləmə işləri aparılacaqdır, həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında.
Bütün istiqamətlərdə dərinləşməkdə olan islahatlar, təbii ki, parlamentdən də yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Həmçinin deputatlar seçildikləri dairələrdə fəal olmalı və seçicilərlə daim təmasda olmalıdırlar. Yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki aparılan islahatların mahiyyəti də budur.
Reallıqlar gündən-günə dəyişir və bu da öz növbəsində xalqın mənafeyinə xidmət edən, yeni, mütərəqqi, məzmunlu qanunların hazırlanmasını zəruri edir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazım olur. İndi iqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməsi vacibdir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da genişləndirilməlidir.
Prezident öz çıxışında qeyd etmişdir ki, Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir. Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi mənbə tələb edir. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur.
Gənclərlə bağlı məsələlərə də toxunan İlham Əliyev vurğulamışdır ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər.
Dövlətimizin beynəlxalq səviyyədə fəyaliyyətində səmərəliliyi artırılmalıdır. O təşkilatlarda ki, bizə qarşı əsassız yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada mübariz olmalıyıq. Onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır. Bu gün bizə demokratiyadan dərs vermək istəyənlər özləri dünyanın gözü önündə cinayətlər törədirlər.
Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Əldə etdiyimiz ən böyük uğurlardan biri siyasi sabitlikdir. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir. Bu gün həm təhlükəsizlik, həm də sabitlik yüksək səviyyədə təmin edilir.
Həmçinin Prezident öz çıxışında xarici siyasətdəki uğurlara da toxunmuşdur. O demişdi ki, Türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində Azərbaycan çox önəmli rol oynayır. Avropa İttifaqına üzv olan doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədləri vardır. Bu da Avropa İttifaqına üzv ölkələrin üçdə bir hissəsidir. Qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlər var. Müsəlman aləmində böyük nüfuzumuz vardır. Bütün bu uğurlu işlər, islahatlar bundan sonra da davam etdirilməli, daha da dərinləşməlidir.
Bahar Əkbərova
Xəzər rayonu, 237 nömrəli tam orta məktəbin direktor müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB