Nə qədər ki, Azərbaycan var YAP-a olan sevgi insanların qəlbindən tükənməyəcək – Aydın Hüseynov

Nə qədər ki, Azərbaycan var YAP-a olan sevgi insanların qəlbindən tükənməyəcək – Aydın Hüseynov

“Yeni Azərbaycan Partiyası yarandığı gündən indiyədək ölkə həyatının bütün sahələrində özünü təsdiq etmiş, xalqın məhəbbətini, sevgisini qazanmış ən böyük partiyadır. Cənubi Qafqaz regionunda üzvlərini sayına, ölkənin ictimai-siyasi həyatında oynadığı rola görə bu partiya ilə müqayisə olunacaq siyasi qüvvə yoxdur. Yeni Azərbaycan Partiyası Azərbaycanda aparılan siyasi, iqtisadi və digər islahatların həyata keçirilməsinə bilavasitə rəhbərlik edib və bu gün də edir. Baş verən dəyişikliklər, islahatlar ölkəmizin dünyaya inteqrasiyasını asanlaşdırır, siyasi əlaqələrin genişlənməsi üçün münbit şərait yaradır, nəticədə ölkəmiz hərtərəfli inkişaf edir və bu da insanlarımızın həyat səviyyəsinin yüksəlməsinə bilavasitə xidmətdir. YAP-ın yarandığı gündən qarşıya qoyduğu məqsəd də budur - xalqa xidmət. Düşünürəm ki, Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı, bu gün isə Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiya öz məqsədinə çatıb, xalqı bəlalardan xilas edib, təlatümlərdən çıxarıb, vətəndaş müharibəsinin daha da alovlanmaması üçün bütün imkanlarını səfərbər edib, döyüşüb, təzyiqlərə, məhrumiyyətlərə məruz qalıb, amma müqəddəs amalından dönməyib. Müasir Azərbaycan adlı şah şah əsərini yaratmaq üçün Ulu Öndərimizə siyasi dəstək verib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, YAP-ın Təftiş Komissiyasının üzvü Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, Yeni Azərbaycan Partiyası 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb: “YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının 20-21-də keçirilən I Qurultayında geniş şəkildə müzakirə olunaraq müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olunub. YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edilib, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirilib. Və sonrakı illərdə YAP dövlət quruculuğunda, insanların həyat şəraitinin yaxşılaşdırılmasında geniş proqramlar həyata keçirib, uğurlar əldə edib. Eyni zamanda əvvəlki hakimiyyətdən, səriştəsiz rəhbərlərdən miras qalmış problemlərin həlli ilə məşğul olub. Bu sahədə də müsbət nəticələr əldə olunub. Ermənistanın Azərbaycana təcavüzünə, işğalına son qoymaq üçün həm siyasi, həm də diplomatik sahədə fəaliyyətini genişləndirib. Dünyanın aparıcı ölkələrinin hakim siyasi partiyaları ilə əlaqələr qurub, qarşılıqlı anlaşma təmin edilib, memorandumlar imzalanıb. Nəticədə ölkəmizin haqq işinin dünya ölkələrində qəbul edilməsi təmin edilib. Qarabağ həqiqətləri, işğal altında olan bu bölgədə ermənilərin törətdiyi vəhşiliklər dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Sonrakı dövrlərdə, yəni YAP-ın VII qurultayda yeni Nizamnamə təsdiq olundu, Yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən edildi, Partiya Sədrinin birinci müavini vəzifəsi təsis edildi, həmçinin Partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edildi. VII qurultayda İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edildi, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçildi. Qurultayda Partiyanın yeni Proqramının hazırlanması və qəbulu barədə qərar qəbul olundu”.

Deputat qeyd edib ki, Azərbaycanda Yeni Azərbaycan Partiyasına rəqib olacaq, seçkilərdə rəqib kimi siyasi meydanda mübarizə aparacaq qüvvə yoxdur: “Buna baxmayaraq Azərbaycanda yaradılmış demokratik anlaşma, dialoq mühiti 50-dən çox siyasi partiyanın fəaliyyətinin daha da genişlənməsi, siyasi mübarizəyə qoşulmasına imkanlar yaradır. VII qurultayda ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası) Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri böyük hadisə hesab edilməlidir. Buradan belə qənaətə gəlmək olar ki, YAP-ın ölkə həyatının bütün istiqamətləri ilə bağlı fəaliyyət proqramı var və zaman-zaman həyata keçirilir. Belə olan halda nizamnamə və proqramları da oxşar olan partiyaların ayrı-ayrı fəaliyət göstərməsinə də ehtiyac qalmır. Adları çəkilən partiyaların YAP-a birləşməsi də normal qarşılanmalıdır. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edildi. Beləliklə, YAP yeni inkişaf mərhələsinə daxil oldu. Bu gün Yeni Azərbaycan Partiyasının üzvləri, Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün bütün sahələrdə səylə çalışırlar. Bu siyasətə sadiqlik, cəmiyyətimizdə yaşanan həmrəylikdən və Ulu Öndərə olan ümumxalq sevgisindən xəbər verir. Nə qədər ki, Azərbaycan var bu sevgi hər zaman insanların qəlbində yaşayacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə