Hərbi əməliyyatların tezliklə dayandırılacağına ümid çox azdır - MÜNASİBƏT BİLDİRİLDİ

Hərbi əməliyyatların tezliklə dayandırılacağına ümid çox azdır - MÜNASİBƏT BİLDİRİLDİ

“Ukrayna silahlı qüvvələrinin Rusiyanın hərbi əməliyyatlarına qarşı göstərdiyi müqavimətlərə baxmayaraq Ukrayna hakimiyyəti bildirib ki, bir neçə yaşayış məntəqələri, şəhərlər Rusiya Silahlı Qüvvələrinin nəzarəti altındadır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Sahil İskəndərov bildirib.

Onun sözlərinə görə, bu toqquşmaların, hərbi əməliyyatların belə tezliklə dayandırılacağına ümid çox azdır: “Rusiya tərəfinin verdiyi bəyanata görə, xüsusi hərbi əməliyyatlar çərçivəsində Ukraynanın 1120 hərbi strukturuna aid olan obyektlər dağıdılıb və 300-dən artıq tank məhv edilib. Ukrayna tərəfinin verdiyi məlumatlara görə, Rusiya da böyük itkilərə məruz qalıb. Rusiyanın Müdafiə Nazirliyinin verdiyi məlumatları Ukrayna tərəfi qəbul etmir, əksinə təkzib edir. Əsas məsələ budur ki, Ukraynanın xeyrinə Qərbdə bir sıra ciddi addımlar atılıb. Rusiyaya qarşı həm iqtisadi sanksiyalar, həm də siyasi rəhbərlərə qarşı sanksiyalar tətbiq edilir. Bir neçə dövlət Ukraynaya yenidən silahlar göndərirlər. Rusiya bu sanksiyalara çoxdan hazır idi. Rusiya üçün ciddi problem yaradacaq məqamlardan biri də onun Qərb banklarında yerləşdirilmiş vəsaitlərin dondurulmasıdır. Amma Rusiya tərəfi qeyd edib ki, bütün bunlar qabaqcadan nəzərə alınıb. Məlumat verilir ki, Brüssel Rusiyanın Mərkəzi bankının təxminən 250 milyard dollarlıq ehtiyyat vəsaitlərini dondurub. Rusiya buna cavab olaraq Qərbin böyük şirkətlərinin Rusiyaya qoyduqları investisiyaları donduracaq. Bir sıra xarici şirkətlər Belarusiya şirkətlərində olan qiymətli kağızları bazara çıxardıqlarını qeyd edirlər və bunun qarşılığında Rusiyanın mərkəzi bankı həmin kağızların satışına qadağa qoyub. Yəni Rusiya vətəndaşı olmayanlar tərəfindən bu kağızların satılışına qadağa qoyub. Bu o deməkdir ki, Rusiya tərəfi satılan qiymətli kağızların ödənməsini qəbul etməyəcək.

Düşünürəm ki, bu müstəvidə Ukrayna prezidenti Zelenski müstəqil şəkildə hərəkət etmir. Çünki Rusiyanın ilk bəyanatından sonra Zelenski danışıqlara hazır olduğunu demişdi. Lakin bir neçə müddət sonra fikrini dəyişdi. Hər-halda Vaşinqtonda və Qərbdə Zelenskinin addımları izlənilir və ona imkan verilməyəcək ki, o müstəqil şəkildə Rusiya ilə danışıqlar aparsın. Danışıqlar başlanarsa bu hər hansı bir şərtlər çərçivəsində olmalıdır. Vladimir Putin geri çəkilmək niyətində deyil.

Bir məsələyə də toxunmaq istərdim ki, bir çoxları bu hadisəni Qərbin istədiyi kimi qələmə verməyə çalışırlar. Bunun Rusiya Ukrayna qarşıdurması olduğu vurğulanır. Əslində bu Rusiya-Qərb qarşıdurmasıdır. Çünki Ukraynanın siyasi rəhbərliyi Ukrayna dövlətini Rusiya-Qərb qarşıdurmasının meydançasına çevirmişdir. Düşünürəm ki, Ukrayna rəhbərliyinin ən böyük səhvidir. Qərbin vədlərinə inanmaq lazım deyildi. Rusiyanı belə bir təxribatlara çəkmək lazım deyildi. Qərb buna nail olmaq istəyirdi və oldu da. Son nəticədə Qərb Ukraynanı qurban verəcək. Bu məsələ dünyanın güc mərkəzlərində gedən mübarizənin nəticəsidir. Çox təəssüflər olsun ki, Azərbaycanla dost münasibətləri saxlayan Ukrayna dövləti qurban verilir. Təəssüflər olsun ki, bu qarşıdurmanın bədəlini Ukrayna çəkir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə