Otuz il əvvəl erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Əlbəttə ki, erməni-rus hərbi birləşmələri tərəfindən Xocalıda terror planını əvvəldən hazırlanmışdı. Xocalı soyqırımı ilə ermənilər Xocalının 1992-ci il 26 fevralda yer üzündən silinməsini və məhv olmasını reallaşdırdılar. Xocalı şəhəri bir gecənin içində yer üzündən silindi. Bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi. Bu soyqırıma laqeydlik göstərmək mümkün deyildi. Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Dünyanın müxtəlif qitələrində dərc olunan məqalələrdə, hazırlanan verilişlərdə, çəkilən filmlərdə Xocalı soyqırımının dəhşətləri qeyri-millətlərə təqdim olunur, bəşəriyyətə və insanlığa qarşı törədilmiş soyqırımının səbəbkarları dünya ictimaiyyəti tərəfindən lənətlənir. Fransanın "France Soir" portalında hüquq elmləri doktoru, Strasburq vəkillər kollegiyasının üzvü Jan-Emmanuel Medinanın dərc olunan "Xocalı - 1992-ci il fevralın 26-da baş vermiş qırğından 30 il sonra: hansı xatirə?" sərlövhəli məqaləsi diqqəti cəlb edir. Bu, onu göstərir ki, dünya insanı bu təcavüzkar siyasətə biganə deyildi. Bəşəriyyətə qarşı olan bu vəhşiliyin dünyada analoqu yoxdur. Xocalı soyqırımı Xatın, Lidisa soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı bir hadisədir. Azərbaycan xalqı 200 il ərzində, erməni millətçi-şovinistlərinin, davamlı olaraq, etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar öz əzəli tarixi torpaqlarından qovulublar.
Məqalədə sovet imperiyasının son illərində Ermənistanın Azərbaycana qarşı əsassız iddiaları nəticəsində baş verən münaqişənin 1 milyondan çox azərbaycanlının doğma yurd-yuvasından didərgin düşməsi və qovulmasına səbəb olduğu bildirilib. 30 il əvvəl baş verən Xocalı qırğınına nəzər salan müəllif Xocalının strateji mövqedə yerləşməsindən, Ermənistanın ərazi genişləndirmək siyasətinə mane olmasından söz açır. Qeyd olunur ki, Xankəndi ilə Ağdam arasında Əsgəran üzərindən keçən Şuşa yolunun şimal-cənub oxunda dağlar boyunca uzanan yolla kəsişən Xocalı dəmir yolu nəqliyyatında mühüm mərkəz idi və regionda yeganə hava limanına malik idi. Məqalədə hücumun gedişinə nəzər salan müəllif həmin zamanı oxucusuna ətraflı şəkildə təqdim edir. "Həmin qanlı fevral gecəsində erməni silahlı qüvvələri tərəfindən mühasirəyə alınmış Xocalı şəhid şəhər oldu" – yazan müəllif hücum nəticəsində xüsusi amansızlıqla qətlə yetirilən insanlardan yazır. Girov götürülən 1275 nəfərdən 197-nin taleyinin indiyədək məlum olmadığı diqqətə çəkilir. Mülki insanlar diri-diri yandırılıb, başlarının dərisi soyulub, başları kəsilib, gözləri çıxarılaraq öldürülüb.
Fransalı vəkil onu da qeyd edib ki, ölkəsinin bəzi rəsmiləri ermənipərəst mövqe tutsalar da, rəsmi Paris BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsini qeyd-şərtsiz imzalayıb. Fransa Ermənistan-Azərbaycan münaqişəsində həmişə beynəlxalq hüququn yanında olub və Azərbaycan dövlətinin suverenliyini təmin olunmasının vacibliyini ifadə edib.
"Böyük Ermənistan" xülyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. Təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalıblar.
Bu təcavüz zamanı mülki azərbaycanlı əhaliyə qarşı çoxsaylı müharibə, insanlıq əleyhinə cinayətlər, o cümlədən soyqırımı aktları törədildi. Bu cinayətlərə görə məsuliyyəti məhz təcavüzkar tərəf olan Ermənistan Respublikası daşıyır.
Bu gün dünya ictimaiyyətinə Azərbaycan həqiqətləri geniş şəkildə çatdırılır. Dünya insanı Xocalıda baş verən olayları layiqli və düzgün qiymətləndirir. Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də, bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində, davamlı olaraq, addımlar atılır. Aparılan bu uğurlu siyasətin nəticəsidir ki, dünya ölkələrinin bir qismi tərəfindən Xocalı soyqırımının rəsmən tanıması barədə qərar qəbul edilib.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB