Ötən il Qarabağ zəfərinin bir illiyini böyük təntənə ilə qeyd edən xalqımız ilin son günü qələbə üzərinə bir qələbə də əlavə edən yeni qürurverici xəbər eşitdi. Azərbaycan Prezidenti İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2022-ci ili “Şuşa ili” elan etdiyini vurğuladı. Daha sonra – 2022-ci il yanvarın 5-də bu barədə Sərəncam imzaladı. Sərəncamda deyilir: “Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasını sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa ili” elan edirəm”.
270 ilin şəhəri
1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Pənahəli xan özünü bu torpaqların xanı elan edir və xanlıq ərazisini düşmən hücumlarından qorumaq məqsədilə mükəmməl qala tikdirməyi qərara alır. 1748-ci ildə Bayat qalası, 1752-ci ildə isə Şahbulaq qalası inşa edilmişdir. Lakin Pənahəli xan müharibələr dövründə əhalinin sığınması üçün daha etibarlı, üç tərəfi keçilməz sıldırım qayalarla əhatə olunmuş əlçatmaz dağ yaylasında yeni bir qala ucaltmağı qərara almışdır. Yeni qala ilk illərdə öz banisinin adı ilə “Pənahabad”, sonralar isə “Şuşa” adlandırılmağa başlanmışdır.
Tarixə nəzər salaq: Feodal müharibələri dövründə Şuşa bir neçə dəfə tarixin sınağından uğurla çıxaraq qalib gəlib. Bu qalaya hücum edən Məhəmməd Həsən xan Qacar, Fətəli xan Əfşar, Ağa Məhəmməd şah Qacar onu ala bilməmişlər. Qarabağ hökmdarı Pənahəli xan ərazini düşmənlərdən qorumaq məqsədilə xanlığın ən strateji mövqelərində müdafiə qurğularının tikintisinə başlamışdır. Beləliklə, tarix də göstərib, zaman da sübut edib ki, Şuşanın işğalı mümkün olmayan məsələdir. Bəs necə olmuşdu ki, millətdən, Vətəndən, ordudan məhrum ermənilər bunu edə bilmişdilər? Tarixə, sərkərdələrə meydan oxuyan Şuşa alına bilməzdi, o, 1992-ci ildə düşmənə verilmişdi və 2020-ci ildə tarix yazan igidlərimiz tərəfindən geri alındı. O tək geri alınmadı, həm də alınmaz qala olduğunu sübuta yetirdi.
44 günün əsəri və ya 28 il əvvəlki və 28 il sonrakı 8
Ümummilli Lider Heydər Əliyev vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında arzu və istəklərini belə ifadə edirdi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik”.
İşğal altındakı torpaqlarımızı hər zaman təəssüf hissi ilə anan, onların geri qaytarılmasına böyük inam bəsləyən ümummilli liderimiz ömrünün sonunadək, hər bir azərbaycanlı bilməlidir və hazır olmalıdır ki, əgər bizim bütün cəhdlərimiz nəticə verməsə, nəyin bahasına olursa-olsun, canımızın, qanımızın bahasına olsa da, işğal olunmuş torpaqlarımızı azad etməli, Azərbaycanın sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü təmin etməliyik. Bu, qarşımızda duran vəzifədir və biz onu nəyin bahasına olur-olsun yerinə yetirəcəyik, deyir, torpaqlarımızın geri alınması üçün beynəlxalq aləmdə böyükmiqyaslı işlər həyata keçirirdi. Lakin dünya susurdu. 17 ildə ölkə Prezidenti də eynilə ulu öndər kimi bu istiqamətdə danışıqlar apardı, Qarabağ problemini beynəlxalq səviyyədə həll etməyə, düşmənin sülh yolu ilə torpaqlarımızdan çıxarılmasına çalışdı. Lakin dünya yenə də susdu. Mənfur düşmən isə hələ üstəlik yeni ərazilər işğal etmək xülyasına düşdü. Belə olanda Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni yerində oturtmağı bacardı.
Ulu öndərin böyük ümidlərlə dolu dəyərli fikirləri 8 noyabr 2020-ci ildə ümiddən gerçəyə çevrildi. Həmin gün Qarabağın döyünən ürəyi Şuşanın azadlıq müjdəsini xalqına çatdıran Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyev deyirdi: Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!.. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!
Bəli, 28 il əvvəlki mayın 8-nin üzərindən 28 il sonrakı noyabrın 8-i xətt çəkdi. Zamanın o başındakı səkkizlə bu başındakı səkkiz bir-birindən nə qədər fərqli olsa da, Şuşanın taleyində o səkkizlərin hər ikisi var imiş... Şuşa əbədiyyən Azərbaycana-öz doğma anasına qaytarıldı. Artıq qovuşub iki doğma. Onlar indi Azərbaycan bayrağını çiyinlərinə salıb Şuşanın ən uca zirvəsində oturub bir-biri ilə ötənlərdən söhbət edir, biçib-tikəcəkləri yeni qırmızı köynəklərdən, yaşıl ətəklərdən, mavi kəlağayılardan danışırlar.
8 noyabr “Dağlarda toy”un qara bayramı oldu
Ermənilər 1992-ci ildə Şuşanın işğalı üçün həyata keçirdikləri əməliyyatları məxfi olaraq “Dağlarda toy” adlandırıbmışlar. Tarixən Azərbaycanda gözü olan mənfur düşməndən bundan başqa nə gözləmək olardı ki? Yüzlərlə insanı himayədarlarının köməyi, yardım əli ilə qətlə yetirən, minlərlə insanı yurdsuz-yuvasız edən, evini dağıdan, insanların göz yaşı, faciəsi üzərində öz səadətini quran, hələ üstəlik bunu toy adlandıranlar insanlıq adına layiq deyillər.
1992-ci il mayın 8-də Ermənistanın silahlı quldur dəstələri işğala məruz qoyduqları Şuşada bütün beynəlxalq hüquq normalarını pozaraq mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş və 600-ə yaxın tarixi-memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidlərni, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı, Dövlət Qarabağ Tarixi Muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilmişdir.
“Dağlarda toy” əməliyyatı 30 ilə yaxın bir dövrdə davam etdirilmişdir. Ermənistanın baş nazirinin Şuşadakı “qələbə” xülyalı son rəqsi də həmin əməliyyatın bir xəttini təşkil edirdi.Lakin Şuşa dağları əli qavallı Xan Şuşinskinin, Bülbülün, Cabbar Qaryağdıoğlunun, Hacı Hüsünün, Məcid Behbudovun, İslam Abdullayevin Mirzə Sadığın sinəsinə basdığı tarının müşayiətindəki möcüzəli səsləri toy-bayram hesab edib hər zaman. Bu dağlar ermənilərin hər xalqdan bir not, bir akkord oğurlayıb düzənlədikləri musiqidən heç nə alamazdı ki. Bağrından süzülən Turşsu, İsabulağı, Səkinə bulağı, İsti bulaq, Soyuq bulaq, Çarıx bulaq, Saxsı bulaq, Qırx bulaq, Yüz bulağın paklığı, saflığı ilə “Şüşə” adlanan Şuşanın dağları sərxoş ermənilərin murdar rəqsindən heç nə anlamazdı ki. Bu dağlar öz insanının ayaq səslərini, toxunuşlarını toy, bayram bilir, yad tapdağından heç nə anlamazdı. Elə bütün bunlara görə də bu dağlarda “Dağlarda toy ” əməliyyatını Ali Baş Komandanımız və Azərbaycan Ordusu noyabr əməliyyatı-Şuşanın azadlığı ilə ermənilərin qara bayramına çevirdi.
2022-nin gözəli
2022-ci il sənindir, gözəl Şuşa. 270 illik yubileyin qeyd olunacaq bu il. Bütün gözəlliyinlə builki tədbirlərə ev sahibliyi edəcəksən. Cıdır düzündə 2 günlük “Xarıbülbül” musiqi festivalında Azərbaycan musiqisinin sədası ilə gözlərin necə güldüsə, ruhun necə təzələndisə, Vaqifin məqbərəsi önündə Vaqif poeziya günlərinin keçirilməsi ilə necə yenidən o bənzərsiz günlərə qayıtdınsa, Azərbaycan və Türkiyə respublikaları arasında imzalanan “Şuşa bəyannaməsi” ilə düşmənə Qələbə mesajını bir daha necə çatdırdınsa, zəfərinin sonrakı günündən başlanan və davam etməkdə olan quruculuq, bərpa işləri ilə, yubiley ilində hüsnünə verilən bəzəklə 2022-ci ilin ən gözəl şəhəri olacaqsan. Bağrından qoparılanlar bir-bir sənə qaytarılır. Bütün bunlarsa sübut edir ki, sən qədim Azərbaycan yurdusan. Bu xalqın da oldun. Dağıdılan tarixi-mədəniyyət abidələrin təsdiqlədi ki, düşmən tarixinin üstündən xətt çəkməyə, bununla onların olduğunu dünyaya bəyan etməyə çalışsa da, böyük yanlış etdiyini anlamadı. Anlamadı ki, əgər bir tarixi sən yaratmısansa, onu heç vaxt məhv edə bilməzsən.
Çox xoşbəxtik ki, “Şuşa ili”ndə, yubileyində səninlə birlikdə olacağıq. 28 illik hicranının vüsal anına birlikdə sevindiyimiz kimi, bundan sonrakı inkişafını da birlikdə izləyəcək, şad günlərində səninlə olacağıq.
Mətanət MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB