Prezidentin görüşü yaddaqalan anlarla zəngin idi

Prezidentin görüşü yaddaqalan anlarla zəngin idi

Son bir neçə həftədir ki, ölkə gündəmimiz və o cümlədən dünya gündəmi olduqca hərəkətlidir. Demək olar ki, hər gün, hər saat, hər an yeni hadisələr baş verir, mövcud reallıqlar yeniləri ilə əvəz olunur. Belə bir situasiyada ölkələrin öz milli maraqlarını qoruması, baş verənlərə adekvat və obyektiv reaksiyalar verməsi daha da çətinləşir. Təəssüf ki, baş verənlər dünyada qütbləşməyə və ən çox sadə insanların çətinliklərlə üzləşməsinə səbəb olur. Ancaq hər halda bütün bunların fonunda həyat davam edir və ölkəmiz də öz gündəliyində olan məsələlərə yönəlir. Ötən həftə baş verən hadisələrə qısaca nəzər salsaq, ilk olaraq ölkə başçımızın paytaxt Moskvaya rəsmi səfəri və səfər çərçivəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə imzaladığı “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” öz əhəmiyyətinə görə ön plana çıxır. Ölkə başçımızın ötən ilin iyun ayında qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla imzaladığı “Şuşa Bəyannaməsi”ndən sonra, Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinlə imzaladığı bu Bəyannamə ölkəmizin bölgənin əsas güc mərkəzləri ilə imzaladığı ikinci böyük sənəd olaraq tarixə həkk olundu. Bəyannamənin əhəmiyyəti ilə bağlı artıq kifayət qədər fikirlər səslənilib, yazılar dərc olunub. Yəqin ki, daha çoxuna ehtiyac yoxdur. Beləliklə, səfər çərçivəsində baş verən ikinci əsas hadisəyə keçid edə bilərik. Belə ki, cənab İlham Əliyev Moskva səfəri çərçivəsində Rusiyanın nüfuzlu TASS agentliyində olaraq, burada ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüş keçirdi. Olduqca geniş spektrdə sualların səsləndirildiyi görüş Azərbaycanın informasiya sahəsində növbəti uğurlarından biri kimi xarakterizə oluna bilər.

Xatırladım ki, ötən həftənin sonu artıq 30-cu ilini qeyd etdiyimiz Xocalı Soyqırımının ildönümü ilə də əlamətdar idi. Əlbəttə ki, bu məlumatı səbəbsiz yerə vermədik. Sadəcə müqayisə üçün bildirmək olar ki, Xocalı Soyqırımının və növbəti mərhələdə torpaqlarımızın 20 faizinin işğal altına düşdüyü 1992-1993-cü illərdə Azərbaycanın ən böyük problemləri sırasında sadəcə nizamsız ordu, yarıtmaz rəhbərlik və ya ölkə daxili hərc-mərclik yox idi. Ən böyük problemlərdən biri də məhz informasiya blokadasını yarmaq üçün əlimizdə kifayət qədər resursların olmaması idi. Bunun nəticəsi idi ki, torpaqları işğal altına düşən, xalqı soyqırıma, təhqirlərə məruz qalan tərəf Azərbaycan olmasına baxmayaraq, ölkəmiz dünyada təcavüzkar kimi tanınır və bütün qınaqların hədəfi halına gəlirdi. Bu gün isə artıq vəziyyət tamamilə dəyişib.

Ölkə rəhbərimizin düşünülmüş, hədəfə hesablanmış siyasətinin və birbaşa öz hazırlıq səviyyəsinin, xitab istedadının məntiqi nəticəsi olaraq ölkəmiz informasiya savaşının qalibi olaraq özünü tam təsdiq edib. Əminliklə deyə bilərəm ki, üzərindən bir ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də hər birimiz Ali Baş Komandanımızın xarici media nümayəndələrinə müsahibələr zamanı verdiyi masterklasları unutmamışıq. Müsahibəyə gələn repartyorların iş etikasını tamamilə unudaraq, sanki tərəflərin mövqelərini izləyici auditoriyasına çatdırmaq üçün yox, Ermənistanı müdafiə etmək, ona haqq qazandırmaq, Azərbaycanı isə ərazi bütövlüyünü təmin etmək uğrunda verdiyi haqq işində ittiham etmək üçün çalışırdılar. O günlərdə Azərbaycan sadəcə cəbhədə savaşmırdı, həm də bu ədalətsizliklərə, ikili standartlara və qərəzli yanaşmalara qarşı informasiya müstəvisində ağır savaş verirdi. Nəticə isə sözün əsl mənasında qürurvericidir: Cəbhədə, diplomatiya müstəvisində olduğu kimi, informasiya müstəvisində də şərhsiz qələbə.

Ötən həftə TASS agentliyində baş tutan görüş də bu mənada əlamətdardır. Olduqca xoş abu-havada baş tutan görüşdə diqqətçəkən və yaddaşlara həkk olunan bir çox anlar da mövcud idi. Xüsusilə daima öz ermənipərəst mövqeyi ilə seçilən “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Marqarita Semonyanın ölkə başçımızla və Birinci vitse-prezident Mehriban xanımla dialoqu yaddaşlarda iz buraxdı. M.Semonyan ilk olaraq dövlət başçımıza guya ermənilərin etnik əlamətlərinə görə ölkəmizə girişinin qadağan olunması ilə bağlı sualla müraciət edərək elə ilk andan öz qərəzini ortaya qoydu. Ölkə başçımız isə yenə öz prinsipial mövqeyindən çıxış edərək istənilən polemikaya hazır olduğunu bir daha açıq nümayiş etdirdi. Indiyə qədər dəfələrlə istər etnik ermənilərin, istərsə də erməni millətinə məxsus digər ölkələrin vətəndaşlarının ölkəmizə müxtəlif tədbirlər, idman yarışları və konfranslar çərçivəsində səyahətlər etdiyini xatırladan ölkə başçımız bir neçə misalla dediklərini sübuta yetirdi. Ancaq, bununla yanaşı, belə halların xaotik şəkildə baş verməsinin insidentlərə yol aça biləcəyi, buna görə də Ermənistan vətəndaşları, ya da erməni soyadlı vətəndaşların Azərbaycana gələndə müvafiq orqanları məlumatlandırmasının vacibliyi qeyd edildi. Əlbəttə ki, uzun illər torpaqlarımızı işğal altında saxlamış, xalqımıza qarşı etnik təmizləməyə cəhd göstərmiş, yüzlərlə azərbaycanlıya sadəcə onların etnik mənsubiyyətlərinə görə zülümlər etmiş bir xalqın nümayəndələri ölkəmizdə xoş bir həyacanla qarşılanmır. Çünki hələ də birinci Qarabağ müharibəsinin izləri, xatirələri xalqımızın yaddaşından silinməyib. Üstəlik, nəzərə alandakı 30 illik işğaldan sonra azad olunan torpaqlarımıza qayıtmağı böyük bir həvəslə gözləyən xalq orada gördüyü mənzərədən sadəcə olaraq dəhşətə gəlib onda ermənilərin bizlər üçün sevimli qonaq olmadığını anlamaq yəqin ki, daha da asanlaşır. O da vurğulanmalıdır ki, Ermənistan İkinci Qarabağ müharibəsində də öz xislətindən əl çəkməyərək yenə sadə camaatı, sivil insanları hədəfə aldı, Gəncədə, Bərdədə, Tərtərdə, Mingəçevirdə və bəzi başqa rayonlarımızda da terrorlar həyata keçirdi, müharibə bitdikdən sonra belə mina xəritələrini bizə verməkdən imtina edərək xalqımızın nifrətini yenidən qazandı.

Qısaca, ermənilər ölkəmizdə arzuolunan şəxslər deyil və bunun üçün kifayət qədər çox səbəb var. Ancaq bütün bunlara baxmayaraq Azərbaycanda ermənilər yaşayır və onlar ölkə başçımızın da dediyi kimi hansısa ittihamlara, təzyiqlərə məruz qalmadan həyatlarını ləyaqətlə davam etdirə bilirlər. Hətta, 44 günlük müharibə dövründə belə ölkəmizdə bir dənə də olsun erməni millətinə məxsus vətəndaşlarımıza qarşı neqativ hallar müşahidə olunmadı, Bakının mərkəzində yerləşən erməni kilsəsi fəaliyyətini dayandırmadı. Beləliklə, Azərbaycan öz mültikulturalist dəyərlərinə sadiqlik nümayiş etdirdi. Anacaq biz bunu Ermənistandan heç vaxt görmədik və şübhə edirəm ki, yaxın gələcəkdə buna şahidlik edə bilək. Elə keçən həftə iki millət vəkilimizin İrəvana səfəri zamanı baş verənlərdə bu dediklərimizi təsdiq edir. Qısacası, Marqarita Semonyan ölkəmizi və onun rəhbərini nədəsə ittiham etməyə cəhd etmədən öncə yaxşı fikirləşməli və dediklərini təsdiq etmək üçün güclü sübutlara malik olmalıdır. Çünki, yersiz qərəz və ittihamlar onun özünün jurnalist peşəkarlığını və obyektivliyini şübhə altına almaqdan başqa bir işə yaramır.

Xəyalə Cavanşirli

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə