İki dövlət birgə səyləri ilə sülhə və əməkdaşlığa sanballı töhfələr verəcək

İki dövlət birgə səyləri ilə sülhə və əməkdaşlığa sanballı töhfələr verəcək

Azərbaycanın region dövlətləri ilə münasibətləri mehriban qonşuluq prinsiplərinə əsaslanır, etibarlı tərəfdaş kimi hər zaman öz dəyişməz mövqeyini nümayiş etdirir. Rusiya ilə münasibətlərimiz son vaxtlar daha yüksək səviyyədədir. Bütün sahələrdə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir. Bu münasibətlər hər iki dövlətin qarşılıqlı maraq­ları çərçivəsində bütün sahələrdə özünü qabarıq göstərir və hər iki dövlətin milli mənafeyinə əsaslanır. Azərbaycan və Rusiya dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf edir. Şübhəsiz ki, hər iki ölkə rəhbərinin müntəzəm görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm verir, iqtisadi əməkdaşlığın davamlı inkişafı üçün əlverişli zəmin yaradır.

Fevralın 22-də Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalanıb. Bu, iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələyə çevriləcəkdir. Azərbaycanın 44 günlük Vətən savaşında əldə etdiyi parlaq zəfərdən sonra regionda formalaşan yeni düzən kontekstində hərbi qələbənin siyasi-diplomatik müstəvidə daha da möhkəmləndirilməsi olduqca vacibdir. Moskva bəyannaməsi də məhz bu məqsədə xidmət edir. Moskva Bəyannaməsinin əsas fəlsəfəsi də hər iki ölkənin qarşılıqlı şəkildə müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörmət nümayiş etdirərək münasibətlərin güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlikdir. Bunun indiki sürətlə dəyişən regionda necə mühüm önəm daşıdığını təsəvvür etmək elə də çətin deyil. Sənəddə ölkələrin müstəqilliyinin və ərazi bütövlüyünün tanınmasının xüsusi qeyd olunması regiondakı yeni düzən fonunda olduqca vacib məqamdır. Bəyannamədə hər iki ölkənin müstəqil xarici siyasət yürütməsi qeyd olunur və tərəflər bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər.

Bütövlükdə, Moskvada imzalanan sənəd Azərbaycanın Türkiyə və digər türk dovlətləri ilə münasibətlərinə hər hansı xələl gətirməməklə həmin əlaqələrin daha da güclənməsi fonunda dünyada bütün güc mərkəzləri ilə münasibətləri daha yüksək səviyyəyə çatdırmaqla ölkəmizin milli təhlükəsizliyinin qorunması baxımından əhəmiyyətlidir. Rusiya və Azərbaycan birgə səyləri ilə Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsi işinə bundan sonra da sanballı töhfələr verəcəklər. Neçə illərdir ki, biz “Zaman Azərbaycanın xeyrinə işləyir” tezisinin real həyatdakı təsdiqinə şahidlik edirik. Son üç ildə isə bu arqument daha qabarıq şəkildə özünü göstərir. Çünki dövlət başçımız Azərbaycanın milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürüdür. Cənab İlham Əliyevin xarici siyasətdəki istənilən addımında milli maraqlara, qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşul­mama Hərəkatına hazırkı sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar da bunu təsdiq edir. Bu Bəyannamədən sonra Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə geniş əlaqələr yaradılacaq. Bu da bölgədə iqtisadi, siyasi və mədəni əlaqələrin daha da dərinləşməsinə zəmin yaradacaqdır. Azərbaycan dünyanın geosiyasi arenasında çoxlu müttəfiqlər, tərəfdaşlar qazanmaqla daha böyük zirvələrə ucalacaqdır.

Səadət İsmayılova

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Bütün xəbərlər Facebook səhifəmizdə