Xocalı soyqırımı - bəşəriyyətə və insanlığa qarşı yönəlmiş cinayət - TƏHLİL
Otuz il əvvəl erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Əlbəttə ki, erməni-rus hərbi birləşmələri Xocalıda terror planını əvvəldən hazırlanmışdılar. Dövlət başçısının Sərəncamı ilə bu il Xocalı soyqırımının 30-cu ildönümü qeyd edilir.
1992-ci il yanvarın 16-da keçirilən "Xüsusi müşavirə" sözügedən planın tərtib edilməsinə xidmət etmişdir. "Xüsusi müşavirə"də "Hoydad" və "ASALA" erməni terror təşkilatlarının nümayəndələri ilə yanaşı, Xankəndidə yerləşdirilmiş ruslara məxsus 366-cı motoatıcı alayın komandiri polkovnik Zarviqorov da iştirak etmişdi. 1992-ci ilin yanvar ayında Paris yaxınlığında qeyri-leqal məxfi təlim düşərgəsi yaratmış "ASALA" erməni terrorçu təşkilatının bir qrup üzvü 26 nəfərlik dəstə, mayor Aqşin Mimonyanın başçılığı ilə Xankəndinə gəlmişdi. Müşavirədən sonra 366-cı alayın tərkibində edilən dəyişikliklər xüsusi maraq doğurur. Belə ki, həmin il yanvarın 23-də 366-cı alayında 93\5 nömrəli sərəncam imzalanmışdı. Alayın daxili möhürü ilə təsdiq olunmuş sərəncama əsasən, alayda xidmət edən gürcülər, tatarlar, belaruslar, türkmənlər, qazaxlar və ləzgilər ordudan təxris olunmuşdur. Beləliklə, alaydan tərxis olunmuşların yerini xüsusi təlim keçmiş "Haydad"çılar tutmuşlar.
Xocalı soyqırımı ilə ermənilər Xocalının 1992-ci il 26 fevralda yer üzündən silinməsini və məhv olmasını reallaşdırdılar. Ermənilərin "burnunun qanamalarını" soyqırımı kimi qələmə verən bəzi dövlətlərə əsl soyqırımının necə olmasını sübut etmək üçün Xocalı faciəsinin kadrlarını göstərmək kifayətdir.
PLANLAŞDIRILMIŞ KÜTLƏVİ VƏ AMANSIZ QIRĞIN AKTI
1992-ci ilin 26 fevral qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Dörd tərəfdən erməni terrorçu dəstələri tərəfindən əhatə olunan şəhər artilleriya və ağır hərbi texnikadan güclü və fasiləsiz atəşə tutuldu. Xocalıya hücum əməliyyatına 366-cı alayın ikinci taqımının komandiri Seyran Ohanyan, üçüncü taqımının komandiri Yevgeni Nabokix, birinci taqımının qərargah rəisi Valeri Çitçyan rəhbərlik etmişlər. Əməliyyata alayın 90-dan çox tankı, piyada döyüş maşını və digər hərbi texnikası cəlb edilmişdir. Az bir vaxt ərzində şəhərdə böyük miqyaslı yanğınlar baş verdi və şəhər tamamilə alova bürünür. Şəhərin azsaylı müdafiəçiləri və yerli əhalidən sağ qalanlar buranı tərk etməyə məcbur oldular. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən işğal edildi. Xocalı bir gecənin içərisində yerlə yeksan olundu. Beləliklə, soyuq və qarlı fevral gecəsində minlərlə dinc sakin girov götürüldü. Erməni terrorçularından yayınıb meşələrə və dağlara qaçan insanların çoxu soyuqdan və şaxtadan məhv oldular. Xocalı şəhəri isə yer üzündən silindi. Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində, Bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilmişdir. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar.
XOCALI QƏTLİAM KİMİ QƏTİYYƏTLƏ PİSLƏNİLİR
Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq hüquqa əsasən Xocalı faciəsinin məhz soyqırımı olduğunu təsdiq edir.
İnsanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz ədalətli hüquqi qiymətini almalıdır. Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl iş aparır. Prezident İlham Əliyev Xocalı faciəsini təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib.
Erməni təcavüzkarlarının törətdikləri bu vəhşilik yaddaşlardan heç zaman silinməyəcək. Belə ki, bu, təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayətdir.
Hər il bu müdhiş faciənin ildönümü respublikamızda və dünyanın müxtəlif ölkələrində ürəkağrısı ilə qeyd olunur. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondu böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilmişdir. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya parlamentləri, Böyük Britaniyanın tərkibindəki Şotlandiya parlamenti, eləcə də Amerika Birləşmiş Ştatlarının 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləmişlər.
Xocalı şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün dövlət tərəfindən bir sıra tədbirlər görülmüşdür. Bakı şəhərində, ölkəmizin digər şəhər və rayonlarında Xocalı qurbanlarına abidələr ucaldılmış, Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 saylı qətnaməsi ilə qəbul edilən və 1951-ci ildən qüvvəyə minən Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit edilib. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit edilən soyqırımı cinayətinə aid bütün əməllər tətbiq olunub.
44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi möhtəşəm Zəfər sayəsində ölkəmizin beynəlxalq miqyasda tanınmış torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyuldu. Azərbaycan döyüş meydanında Zəfər çaldı. Şəhidlərimizin qisası alındı.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB