Azərbaycan - Türkiyə əlaqələri sarsılmaz dostluq və qardaşlığa söykənir və uğurla davam etdirilir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmişdir. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə daha da möhkəmlənir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmişdir. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə daha da möhkəmlənir. Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb və keyfiyyətcə yeni müstəvidədir.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Cənab Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə ünvanladığı səmimi təbrikində bildirdiyi kimi, "Xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan və "Bir millət iki dövlət" prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin bugünkü ali səviyyəyə yüksəlməsində Sizin əvəzsiz rolunuz vardır. Birliyimizin və müttəfiqliyimizin möhkəmləndirilməsi yolunda davamlı səyləriniz, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və torpaqlarımızın işğaldan azad edilməsi işinə verdiyiniz daimi dəstək ölkəmizdə Sizə dərin hörmət və ehtiram qazandırmışdır".
Təbrikdə o da qeyd olunur ki, Cənab Rəcəb Tayyib Ərdoğanın müdrik və uzaqgörən rəhbərliyi ilə qardaş Türkiyə Respublikası bu gün bütün sahələrdə mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə söz sahibi olmuş və böyük nüfuz qazanmış güclü və qüdrətli dövlətdir: "Qətiyyətli liderliyiniz və çoxşaxəli fəaliyyətiniz sayəsində ölkənizin keçdiyi hərtərəfli inkişaf yolu, imza atdığı uğurları bizi səmimi-qəlbdən sevindirir və ruhlandırır".
TÜRKİYƏ İLƏ AZƏRBAYCAN ARASINDA İMZALANAN MÜQAVİLƏLƏR YENİ MƏRHƏLƏNİN ƏSASINI QOYUB
Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti bir çox irimiqyaslı layihələrin gerçəklənməsinə səbəb olub. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan dövlətlərarası münasibətlərdə hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq mövcud münasibətlər keyfiyyətcə yeni müstəviyə keçib. Azərbaycan və Türkiyənin təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli bir sıra layihələr həyata keçirilir. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına təsirini göstərir. Türkiyə ilə Azərbaycan arasında siyasi, hərbi, iqtisadi, ticari, mədəni sahələrdə olan münasibətlər, həyata keçirilən tədbirlər, imzalanan müqavilələr xüsusi mərhələnin əsasını qoyub. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və s. layihələr bu baxımdan təqdirəlayiqdir. İki ölkənin təşəbbüsü ilə həyata keçirilən digər beynəlxalq əhəmiyyətli layihə TANAP Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətlidir.
Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərib. "Bütün beynəlxalq arenalarda Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan xalqının yanındadır", - deyən Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkə olduğunu bildirib. Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanmasına hər zaman etiraz bildirən Türkiyə 44 günlük Vətən müharibəsində də böyük fəallıq göstərdi, ölkəmizin ədalətli mövqeyini müdafiə etdi. Bu müharibə bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluğa, qardaşlığa söykənir.
"BU GÜN ŞUŞADA DALĞALANAN AZƏRBAYCAN VƏ TÜRKİYƏ BAYRAQLARI BİZİM BİRLİYİMİZİ GÖSTƏRİR"
Türkiyə Prezidentinin 44 günlük Vətən müharibəsi zamanı çıxışlarında səsləndirdiyi fikirlər, atdığı qətiyyətli addımlar, Azərbaycanın yanında olması bu dostluğun, qarşılıqlı münasibətlərin göstəricisidir. Əsl qardaşlıq münasibəti dünyaya nümunəyə çevrildi. Təbii ki, bu münasibətlər qarşılıqlıdır. Dövlət başçısının qeyd etdiyi kimi, "Bütün məsələlərdə, beynəlxalq arenalarda Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyir. Elə bir məsələ olmayıb və əminəm olmayacaq ki, Azərbaycan öz dəstəyini Türkiyəyə göstərməsin. Hazırda bölgədə gedən bütün proseslərdə birmənalı şəkildə Azərbaycan dövləti və Azərbaycan xalqı Türkiyə dövlətinin və xalqının yanındadır".
Ötən ilin iyunun 15-i Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olundu və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir dövrün başlanğıcını qoydu. Bu mühüm tarixi sənəd ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin təntənəsi oldu və dövlətlər arasında əməkdaşlığın strateji əhəmiyyət kəsb edən sahələrini əhatə edir. "Bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır", - deyən Cənab Prezident bildirib ki, Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir: "Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır". Dövlət başçısı "Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir", deyərək bildirib ki, azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Sənəddə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticari əlaqələr, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilməklə yanaşı, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Heç kəsə sirr deyil ki, bu gün işğaldan azad olunan torpaqlarımızda Azərbaycan və Türkiyə bayraqları dalğalanır. Cənab Prezidentin vurğuladığı kimi, "Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizi göstərir".
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB