Şərqdəki şəhərlər strateji əhəmiyyət baxımından Rusiya üçün önəmlidir

Şərqdəki şəhərlər strateji əhəmiyyət baxımından Rusiya üçün önəmlidir

“Proseslərin eskalasiyası gözlənilən idi. Çünki bir müddət öncə Moskvanın təhlükəsizliyinə təminata dair irəli sürdüyü təkliflər paketi rədd edildi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, Putin əlbəttə, Ukrayna ilə sərhədə yerləşdirdiyi qoşunları geri çəkə bilməzdi: “Bu, onun supergüc ölkə lideri imicinə böyük zərbə olardı. Bu addım heç onun gələcək planlarına da uyğun deyildi. Çünki, hədəflər bəllidir. Putin bir neçə il öncə dövlət kanalına verdiyi müsahibəsində digər ərazilərə iddialı olduğunu açıq ifadə etmişdi. O, "Kiyevdən Qərbə sizin, Şərqə bizim” demişdi. Şərqdəki şəhərlər strateji əhəmiyyət baxımından Rusiya üçün önəmlidir. Odessa və Azov dənizin sahilində yerləşən Mariopol kimi liman şəhərləri, Xarkov, Dneptorpetrovsk kimi ABŞ-ın uzaqmənzilli raketlərinin yerləşdirildiyi bölgələr. Bu bölgələr əldə edilməsi həm bufer zona kimi istifadə edilmə məqsədi daşıyır, həm ərazi problemi dərinləşdirməklə Ukraynanın NATO-a üzvlüyü əngəllənmiş olur, həm də Krımın su təchizatı problemi həllini tapmış olur. Üstəlik bu şəhərlərdə rusdilli əhali çoxluq təşkil edir. Qərb isə gözlənldiyi kimi vəd etdiyi dəstəyi göstərmir. ABŞ başda olmaqla NATO Ukraynanı yem olaraq Rusiyanın qarşısına atdı. Amerikadan, Britaniyadan, Fransadan, Almaniyadan gələn bəyanatlar gülüş doğurur. Ukrayna NATO üzvü olmadığı üçün strateji silahlarla yardım oluna bilməz deyilir. Düşünürəm ki, Qərb Rusiyaya qarşı əhəmiyyətsiz sanksiyaları davam etdirəcək. Bu sanksiyalar isə Kremli durdurmaq gücünə malik olsaydı öncədən bu addım heç atılmazdı. Rusiya NATO-nu 2008-ci ildə "dişinə vurmuşdu". Ona görə də arxayın şəkildə hücum planını həyata keçirdi. Zənnimcə, Ukraynanın şərq hissəsindəki strateji bölgələr ələ keçirilincəyədək müharibə davam edəcək. Dünya birliyi isə sadəcə qınamaqla kifayətlənəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə