Müttəfiqlik Bəyannaməsi Azərbaycan ilə Rusiya arasındakı əlaqələri keyfiyyətcə yeni mərhələyə çıxaracaq ŞƏRH

Müttəfiqlik Bəyannaməsi Azərbaycan ilə Rusiya arasındakı əlaqələri keyfiyyətcə yeni mərhələyə çıxaracaq ŞƏRH

Müstəqil xarici siyasət yürüdən Azərbaycan və Rusiya öz milli maraqlarını müdafiə edərək həm qlobal, həm də regional miqyasda sülhün möhkəmləndirilməsinə töhfələrini verirlər. Hər iki dövlət qarşılıqlı münasibətlərini dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, dostluq və qarşılıqlı hörmət əsasında qurublar. Azərbaycan və Rusiya prezidentləri arasında Moskvada imzalanmış "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" iki ölkə arasındakı münasibətləri daha yüksək mərhələyə qaldırır. Azərbaycan və Rusiya tarixən qonşu dövlətlər olub, bir-biri ilə sıx münasibətlərə malikdir. Dövlətlərarası siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Müstəqillik dövründa iki ölkə arasında mövcud olan münasibətləri qoruyub saxlayaraq, keyfiyyət və mahiyyətcə yeni səviyyəyə çıxarmaq mümkün olmuşdur. Bu gün Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır və əməkdaşlığın bütün sahələrini, o cümlədən siyasi, iqtisadi-ticarət, sosial, mədəniyyət, humanitar, təhsil istiqamətləri nəzərdə tutur, eyni zamanda, böyük həcmdə hərbi-texniki əməkdaşlığı əhatə edir. Bəyannamə mövcud münasibətləri daha da genişləndirir və dərinləşdirir. Tərəflər bir-birinin müstəqilliyinə ərazi bütövlüyünə hörmət etdiklərini beynəlxalq hüquqi normalara uyğun olaraq bir daha bəyan edirlər. Bəyannamədə bir çox əsas məsələlər öz əksini tapıb. Eyni zamanda, bəyannamədə qarşılıqlı olaraq müstəqilliyinə, dövlət suverenliyinə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, ölkələrin bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək kimi öhdəliklər götürülüb. Hər iki ölkə üçün ümumi təhlükə yaradan faktorları aradan qaldırmaq üçün birgə səy göstərməkdə maraqları diqqətdən kənarda qalmır.

Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində imzalanan bu sənədin ölkələrimiz üçün, qarşılıqlı əlaqələrimiz üçün, həm də regional təhlükəsizlik üçün müsbət əhəmiyyətə malikdir. Azərbaycan dövlətinin xarici siyasət strategiyasına, Azərbaycanın gələcək inkişaf perspektivliyinə, qonşularla münasibətlərə xidmət edən bir sənəddir. Müstəqil, öz milli maraqlarına əsaslanan çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsini, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa və onu inkişaf etdirməyə imkan verib.

Bəyannamədə Qafqaz regionu və Xəzərdə sabitliyin və təhlükəsizliyin təmin edilməsində qarşılıqlı fəaliyyətin zəruriliyi qeyd olunur və bu xüsusda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyi təsdiq edilir və beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi qeyd olunur. Belə ki, sənəddə qeyd olunduğu kimi tərəflər Xəzər regionunda əməkdaşlığın inkişafı, Xəzər dənizində sahilyanı dövlətlərin suverenliyinin, suveren və müstəsna hüquqlarının realizəsi, eləcə də onların yurisdiksiyalarının həyata keçirilməsi üçün Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyini təsdiq edirlər.

Moskva Bəyannaməsində də BMT Nizamnaməsinə, Helsinki Yekun aktına, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə riayət olunmasının vacibliyi qeyd olunur. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT-nin aparıcı rolu qabardılır. Bəyannamənin 3-cü maddəsində qeyd olunduğu kimi, Rusiya Federasiyası və Azərbaycan Respublikası həm qlobal, həm də regional miqyasda sülhün möhkəmləndirilməsi, sabitliyin və təhlükəsizliyin artırılması məqsədilə qarşılıqlı fəaliyyət göstərirlər. Tərəflər münaqişələrin qarşısının alınması və nizamlanmasında və regional və qlobal təhlükəsizlik və sabitlik problemlərinin həllində BMT-nin və BMT-nin Təhlükəsizlik Şurasının mərkəzi rolunun daha da gücləndirilməsinə, ATƏT-in konsensusla qəbul edilmiş sənədlərində təsbit edilmiş məqsəd və prinsiplərin reallaşdırılmasına xüsusi önəm verirlər.

Moskva Bəyannaməsində keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Tərəflər davamlı inkişafa və hər iki dövlətin iqtisadi potensialından səmərəli istifadəyə böyük əhəmiyyət verərək, iqtisadi islahatların həyata keçirilməsində qarşılıqlı fəaliyyət göstərəcəklər. Beynəlxalq birlikdə birgə fəaliyyət göstərmək üçün ümumi baxışların çox olduğunu və bunları daim axtarmağa çalışdıqlarını da sənəddə öz əksini tapıb. İqtisadi əməkdaşlıq və bunun yeni sahələrinin tapılması bəyannamədə xüsusilə vurğulanır. Bu da əlbəttə ki, dövlətin iqtisadi qüdrətinin artması, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına xidmət edəcək.

Müttəfiqlik bəyannaməsi Azərbaycan ilə Rusiya arasındakı əlaqələri keyfiyyətcə yeni mərhələyə çıxaracaq. Heç şübhəsiz ki, öz milli maraqlarına əsaslanan çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsini, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa və onu inkişaf etdirməyə imkan verib. "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamənin imzalanması ilə Azərbaycan-Rusiya münasibətləri növbəti mərhələyə qədəm qoyur və bu Sənəd Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirilir.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə