Bəyannamə özündə əhəmiyyətli məqamlar ehtiva edir - RƏY

Bəyannamə özündə əhəmiyyətli məqamlar ehtiva edir - RƏY

“Rusiya Federasiyasi ilə Azərbaycan arasında 30 ildir davam edən əməkdaşlıq mövcuddur və bu mərhələdəki əməkdaşlıq faktoru ümumi nəzərdən keçirilərək özünü Moskva Bəyannaməsi ilə təsdiq etdi”. Bu sözləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının təlimatçısı Fuad Heydər bildirib.

Onun sözlərinə görə, Bəyannamə hər iki ölkənin təhlükəsizliyinin və regiondakı sabitliyinin qarantıdır: “Məlumdur ki, Azərbaycanın Rusiya ilə bir çox sahələrdə çox sıx əməkdaşlığı var və Moskva Bəyannaməsi bu əməkdaşlığın daha möəhkəm dayaqlara söykənməsi üçün müttəfiqlik amilini zəruri edirdi. Məhz Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının rəhbərləri arasında gəlinən qənaət də bu münbit reallığı əks etdirir. Prezident İlham Əliyev cənabları ilə Rusiyanın dövlət başçısı Vladimir Putin öz imzaları ilə tarixi məqamı gerçəkliyə çevirdilər. Belə ki, Bəyannamədə də qarşılıqlı ərazi bütövlüyünün tanınması, suverenliyin qorunması, müstəqilliyin qəbulu, daxili işlərə qarışmamaq və s. kimi müddəalar qeyd olunub. O cümlədən, hər bir dövlət öz daxili-xarici siyasətini sərbəst həyata keçirəcək ki, hər hansı təhlükənin, təhdidin yaranacağı halda qarşılıqlı yardımlaşmalar realizə olunacaq. Bütün bunlar isə həm Azərbaycan, həm də Rusiya üçün mühüm töhfədir”.

“Bölgədə təhlükəsizliyin təmin olunması Azərbaycansız və Rusiyasız qeyri-mümkündür və bunu Moskva ilə Bakı da bildiyi üçün müvafiq Bəyannaməyə imzalar atıldı”, deyən Fuad Heydər əlavə edib ki, Şuşa Bəyannaməsindən sonra qəbul edilən Moskva Bəyannaməsi özünün əhəmiyyətli məqamlarını ehtiva etməkdədir: “Eləcə də Qoşulmama Hərəkatının rəhbərliyində də olan Azərbaycanın atdığı addımları bütövlükdə digər ölkələrlə, xüsusilə qonşu ölkələrlə tərəfdaş, qarşılıqlı və strateji müttəfiqlik səviyyəsində əlaqələrini qurmasına öz töhfələrini verməkdədir. Beləliklə, Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır. Hər iki bəyannamə bu məqsədə xidmət edir. Sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir”.

Fuad Heydər sonda qeyd edib ki, Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində imzalanan bu sənədin ölkələrimiz üçün, qarşılıqlı əlaqələrimiz üçün, həm də regional təhlükəsizlik üçün müsbət əhəmiyyət verəcəkdir.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə