Mehdi Balabəyov: “Moskva Bəyannaməsi ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir” MÜNASİBƏT

Mehdi Balabəyov: “Moskva Bəyannaməsi ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir” MÜNASİBƏT

“Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının yüksək səviyyəli əlaqələri tarixi əsaslara söykənir və bu əsaslar iki ölkə Prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibətində formalaşıb. Moskvada ölkəmizlə Rusiya arasında imzalanmış Bəyannamə isə bu münasibətləri daha dərin köklərə bağlayacaq”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov bildirib.

Onun sözlərinə görə, Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir və bu amil həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur: “Əbəs deyil ki, Rusiyada milyonlarla azərbaycanlı yaşayır, işləyir və Azərbaycanda kifayət qədər Rusiya şirkətləri fəaliyyət göstərirlər, həmçinin, ölkəmizdə rus dilinə böyük qayğı və dəstək göstərilir, rusdilli təhsil müəssisələrimiz fəaliyyətdədir. Bütün bunlar isə qeyd edilən fikirləri isbatlayır”.

“Başqa tərəfdən, Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır ki, bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir”, deyən YAP Şabran rayon təşkilatının sədrinin sözlərinə görə, söz yox ki, qazandığımız hərbi zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir: “Hər iki Bəyannamə bu məqsədə xidmət edir. Habelə sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir”.

Mehdi Balabəyov Bəyannamədəki mühüm bəndləri xatırladaraq vurğulayıb ki, bundan sonra hər iki ölkə öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını alacaqlar və eləcə də Dağlıq Qarabağ münaqişəsinə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, həmçinin 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır: “Təbii ki, Bəyannamədə beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün də səylərin birləşdirilməsi qeyd olunur və biz daha bir qənaətə də gələ bilərik ki, iki ölkə arasında qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığın dərinləşdirilməsi və onların keyfiyyətcə yeni səviyyəyə qaldırılması öhdəliyidir. Bu xüsusda, hər iki tərəf bir-birinin maraqlarına zərər vuran istənilən iqtisadi fəaliyyətin həyata keçirilməsindən çəkinmək öhdəliyi götürürlər”.

Mehdi Balabəyovun qeyd etdiyinə görə, bütün bunlardan nəticə çıxara bilərik ki, Azərbaycan digər tərəfdaşlarla da münasibətləri daha da inkişaf etdirmək üçün öz uğurlu səylərini davam etdirəcək.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə