Diplomatik zəmində məsələləri həll etmək mümkün olmur - MÜNASİBƏT BİLDİRDİ
“Rusiya ilə Ukrayna arasında münasibətlər kifayət qədər gərgindir və bu gərginlik artıq uzun müddətdir ki, davam edir” Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ötən gün Ukraynanın cənub-şərqində olan qondarma respublikaların suverenliyini tanınması və onlarla diplomatik münasibətlər qurmaq, əməkdaşlığı dərinləşdirmək istiqamətində imzaladığı fərman yeni reallıq yaradır: “Rusiya tərəfi artıq bu ərazilərdə öz hegemonluğunu daha da gücləndirmək üçün hüquqi əsas formalaşdırdı. Eyni zamanda indiki vəziyyətdə münasibətlərin diplomatik siyasi müstəvidə normallaşdırılması ən önəmli xüsus hesab olunurdu. Çünki mümkün eskolasiya regionu, eləcə də Avropanı təhdid altında qoya bilər və təhlükəsizlik arxitekturasına ciddi zərbə vurula bilər. Çoxsaylı görüşlər keçirilsə də bunlar kifayət etmir. Emmanuel Makron, Boris Conson, Olaf Şolts, Co Bayden və digərlərinin diplomatik təmasları həyata keçirilmişdir. Lakin Rusiya ilə NATO arasında ən önəmli məsələ hesab olunan təhlükəsizlik zəmanətləri istiqamətində yekdil rəy yoxdur. Bu da münasibətlərin daha da gərginləşdirilməsinə xidmət edir. Rusiya üçün önəmli məsələ strateji əhəmiyyət kəsb edən raketlərin Ukrayna ərazisinə yerləşdirilməməsidir, həmçinin NATO-nun genişlənməsinin qarşısının alınmasıdır. Bir sıra detallar istiqamətində konsensus tapılsa da hazırda tərəflər arasında fikir ayrı-seçkilikləri çox böyükdür. Buna görə də diplomatik zəmində məsələləri həll etmək mümkün olmur. Bu da eskolasiya riskini daha da gücləndirir. Artıq Ukraynanın cənub-şərqində müxtəlif toqquşmalar da qeydə alınmışdır. Qərb blokunun əsas istəyi Rusiyanı münaqişəyə cəlb etmək və iqtisadi sanksiyalar paketini təqdim etməkdir. Düşünürəm ki, mümkün gərginlik fonunda bu addımlar atılacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB