Regional və dünya əhəmiyyətli uğur reallığı! - ANALIZ

Regional və dünya əhəmiyyətli uğur reallığı! - ANALIZ

Azərbaycanın çoxşaxəli müstəqil siyasəti, region ölkələri və beynəlxalq aləmlə münasibətləri uğurlu əsaslara söykənir

Məlum olduğu kimi, 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzalayiblar. Bu xüsusda qeyd edə bilərik ki, Azərbaycanın çoxşaxəli müstəqil siyasəti, region ölkələri və beynəlxalq aləmlə münasibətləri uğurlu əsaslara söykənir.

Daha dəqiq desək, Azərbaycan öz milli maraqlarına uyğun çoxşahəli müstəqil xarici siyasət yürüdür. Eyni zamanda, Azərbaycan xarici siyasətində qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. Belə ki, Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar da bunu təsdiq edir. O cümlədən, qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfər qazanılmasında bu amil böyük rol oynayıb. Prezident İlham Əliyev 2021-ci il noyabrın 20-də xalqa müraciətində Ermənistanı nəzərdə tutaraq deyib: “Digər tərəfdən, qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər?”;

Tarixi reallıq!

2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"ni imzalayıblar. Sənəd hər iki ölkənin parlamentləri tərəfindən təqdiq olunub. Bəyannamə Türkiyə ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib, Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib. Eyni zamanda, Azərbaycan türk dövlətləri ilə münasibətlərə mühüm önəm verir. Belə ki, 2021-ci ildə adı Türk Dövlətləri Təşkilatına dəyişdirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə Naxçıvan sazişinə əsasən təsis edilməsi Azərbaycanın öz milli kimliyinə, kökünə verdiyi önəmin bariz bir nümunəsidir.

Azərbaycanın qonşu Gürcüstan və İranla münasibətləri yüksək səviyyədədir

Çoxşaxəli xarici siyasət gündəliyinə uyğun olaraq ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də yüksələn xəttlə inkişaf edir. Bu ilin mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək. Ölkəmiz bu ilin birinci yarısında Avropa İttifaqı ilə ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir.
Rəsmi Bakı Avropanın enerji təchizatında, köhnə qitənin enerji təhlükəsizliyinin təmin edilməsində çəkisi durmadan artır. Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihəsinin təşəbbüskarı Azərbaycandır. Cənub Qaz Dəhlizi təkcə Avropaya enerji marşrutu deyil, həm də enerji mənbələrinin şaxələndirilməsi layihəsidir.

NATO faktorunda Azərbaycanın rolu

NATO ilə münasibətlər uğurla inkişaf edir. 2021-ci il dekabr ayında Prezident İlham ƏIiyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb. Bu il fevralın 15-də Yens Stoltenberq Prezident İlham Əliyevə zəng edib. Söhbət zamanı Y.Stoltenberq Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib.
Həmçinin, müstəqil, öz milli maraqlarına əsaslanan çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsini, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa və onu inkişaf etdirməyə imkan verib.

Azərbaycan Rusiya əlaqələri yüksələn xətlə inkişaf edir

Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb.
Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Əbəs deyil ki, Rusiyada milyonlarla azərbaycanlı yaşayır, işləyir.
Digər tərəfdən, Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir.
Söz yox ki, qazandığımız hərbi zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Hər iki bəyannamə bu məqsədə xidmət edir. Habelə sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir.
Bütün bunlardan nəticə çıxara bilərik ki,Azərbaycan digər tərəfdaşlarla da münasibətləri daha da inkişaf etdirmək üçün səylərini davam etdirəcək.

Moskva Bəyannaməsi - yeni müttəfiqlik erasina doğru!

Artıq deyə bilərik ki, Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir.
Bəyannamədə BMT Nizamnaməsinə, Helsinki Yekun aktına, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə riayət olunmasının vacibliyi vurğulanır. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT-nin aparıcı rolu xüsusilə qabardılır.
Eyni zamanda, Moskva Bəyannaməsinin ana qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər. Bəyannamədə xüsusi olaraq vurğulanır ki, hər iki ölkə müstəqil xarici siyasət yürüdür.

Bəyannamədə mühüm çıxarışlar

Hər iki ölkə müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər;

Hər iki ölkə öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını alacaqlar;

Bəyannamədə keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır;

Bəyannamədə Qafqaz regionu və Xəzərdə sabitliyin və təhlükəsizliyin təmin edilməsində qarşılıqlı fəaliyyətin zəruriliyi qeyd olunur və bu xüsusda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyi təsdiq edilir;

Bəyannamədə beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi qeyd olunur;

Beləliklə, mühüm məqamlardan biri də iki ölkə arasında qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığın dərinləşdirilməsi və onların keyfiyyətcə yeni səviyyəyə qaldırılması öhdəliyidir. Bu xüsusda, hər iki tərəf bir-birinin maraqlarına zərər vuran istənilən iqtisadi fəaliyyətin həyata keçirilməsindən çəkinmək öhdəliyi götürürlər.

Azərbaycan Prezidentinin Rusiyaya səfəri və iki ölkə arasında bəyannamənin imzalanmasına dair digərxüsusi məqamlar ondan ibarətdir ki, Prezident İlham Əliyevin Rusiyaya səfəri uzun müddətdir planlaşdırılırdı. Müttəfiqlik sənədinin hazırlanması və tərəflər arasında razılaşdırılması uzun sürən prosesdir. Belə ki,
Prezident İlham Əliyev Yeni il ilə əlaqədar xalqa müraciətində Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağının anonsunu vermişdi. Bu baxımdan Bəyannamənin imzalanması yeni gündəmə çıxan məsələ deyil. Məsələ regionda gedən son proseslərlə əlaqələndirilə bilməz.
Eləcə də, Bəyannamə tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir, hər iki tərəfin, o cümlədən də Rusiyanın üzərinə ciddi öhdəliklər qoyur. Bu öhdəlik Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, separatizmə qarşı mübarizə, bir birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə edir.
Fakt budur ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvü və fəaliyyətdə olan sədridir. Azərbaycan çoxşaxəli, öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdür, onun digər ölkələrlə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib.
Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsi kimi, Rusiya ilə Moskva bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır.
Beləliklə, bu müqavilə Azərbaycanı daha da gücləndirir. Türkiyə və Rusiya ilə müttəfiq olmaq, yaxın zamanlarda Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanması perspektivi güc, bacarıq, məharətli diplomatika tələb edir.

Ermənistana növbəti zərbə!

Azərbaycanla Rusiya arasında müttəfiqlik Ermənistana böyük zərbədir. Artıq Ermənistan müttəfiqlik əlaqələri, üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcək.
Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Ticarət dövriyyəsi 3 milyard dollardan artıqdır. Azərbaycan kənd-təsərrüfatı məhsullarının ixracı üçün Rusiya əsas bazarlardan biridir.
Qeyd etmək yerinə düşərdi ki, bəzi maraqlı şəxslərin, siyasi qrupların bu müqavilənin mahiyyətini təhrif etməsi, onun Azərbaycanın müstəqilliyini məhdudlaşdıran, təhlükəsizliyinə xələl gətirən addım olması ilə bağlı iddiaları tam yanlışdır. Bu kimi iddialar sənədin mahiyyətini dərk etməmək və yaxud qərəzli şəkildə onun haqqında yanlış rəy formalaşdırmaq cəhdinin nəticəsidir.

Bu baxımdan, yaxın gələcəkdə yanlış rəy formalaşdırmağa cəhd edənlər nə qədər böyük səhvə yol verdiklərinin fərqinə varacaqlar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə