Ukrayna iqtisadiyyatı çox ciddi zərbələr alıb və alacaqdır - MÜNASİBƏT BİLDİRİLDİ

Ukrayna iqtisadiyyatı çox ciddi zərbələr alıb və alacaqdır - MÜNASİBƏT BİLDİRİLDİ

“Rusiya Prezidenti Vladimir Putin dünən Rusiya xalqına, həm də dünya ictimaiyyətinə ünvanladığı müraciətində Rusiya dövlətinin nə qədər təhlükəli olduğunu və qonşu dövlətlərin, xüsusilə də həmsərhəd dövlətlərin daim Rusiyanın maraqlarını nəzərə almalı olduğunu nümayiş etdirdi”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev bildirib.

Onun sözlərinə görə, Vladimir Putinin çıxışdan sonra separatçı Luqansk və Doneskt respublikalarının tanınması ilə bağlı qəbul etdiyi qərar onu göstərdi ki, Amerika və onun müttəfiqlərinə etibar edərək Rusiyaya qarşı cəbhə almaq düzgün deyil: “Bu qərar həmin dövlətlər üçün çox ciddi problemlər yarada bilər. Hesab edirəm ki, Rusiyanın bu addımı ilə Amerika və onun qərb müttəfiqləri istəklərinə nail oldular. Rusiyanı bu proseslərə cəlb edib, birtərəfə çevirməklə ona qarşı ciddi iqtisadi sanksiyalar tətbiq etmək bəhanəsi əldə etmiş oldu. Amma təəssüf ki, bu proseslərdən Rusiya, Amerika və onun qərb müttəfiqləri uduşlu çıxdığı halda Ukrayna dövləti və Ukrayna xalqı ciddi zərər gördü. Bundan sonra da görməkdə davam edəcək. Ukraynanın yaxın gələcəkdə NATO-ya qəlubu prespektivi üzərindən artıq xətt çəkilmiş oldu. Eyni zamanda Rusiya həm də Doneskt və Luqanskı tanımaqla Kırımın ilhaqı faktını arxa plana keçirmiş oldu. Artıq müzakirə mövzusu Kırım deyil, Luqansk və Doneskt məsələsidir. Rusiya bu addımı atmaqla Kiyevin Moskva ilə, Kremillə deyil bundan sonra məhz Luqansk və Donesklə bir masa arxasında oturub məsələləri müzakirə etmək perspektivini ortaya qoydu. Eyni zamanda Amerika və qərb müttəfiqləri bu prosesdən uğurlu çıxdı. Bunlar təbii ki, Rusiyanın iqtisadiyyatına ciddi zərbələr vura biləcək proseslərə gətirib çıxaracaqdır. Təəssüf ki, bu Ukrayna dövlətinin ərazi bütövlüyünə və suverenliyinə ciddi zərbələrlə yekunlaşmış oldu. Ukrayna iqtisadiyyatı çox ciddi zərbələr alıb və alacaqdır. Düşünürəm ki, baş verən proseslər Rusiya ilə sərhəd olan dövlətlərin xarici siyasət prioritetlərini müəyyənləşdirərkən bir daha düşünmələrini zəruri qıldı. Bundan sonra Amerika və onun qərb müttəfiqlərinə arxayın olub Rusiyaya qarşı cəbhə almağın nə qədər təhlükəli olduğunu görmüş oldular”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə