“ŞUŞA İLİ” AZƏRBAYCANIN MÜSTƏQİLLİK TARİXİNDƏ HƏR ZAMAN YADDAQALAN OLACAQ ŞƏRH

“ŞUŞA İLİ” AZƏRBAYCANIN MÜSTƏQİLLİK TARİXİNDƏ HƏR ZAMAN YADDAQALAN OLACAQ ŞƏRH

Hər bir yaşayış məskəninin tarixi mənsubluğu orada yaşayan xalqların mədəniyyət abidələri ilə ölçülür. Şuşa Azərbaycan şəhəridir. Bu qədim şəhərdə ermənilərə xas olan, o xalqın orada yaşamasını ifadə edən heç bir nişanə yoxdur. Məhz azərbaycanlıların əzəli şəhəri olduğuna görə işğaldan əvvəl də Şuşanın harasına baxsan, orada azərbaycanlıların tarixinin, milli mədəniyyətin, musiqisinin həkk olunduğunun şahidi olursan.

ŞUŞAYA QAYIDIŞIMIZ MƏDƏNİYYƏTİMİZİN QAYIDIŞINDAN BAŞLANIB

Bəli, Şuşanın Azərbaycan xalqının qan yaddaşında, milli, mənəvi və mədəni düşüncəsində daşlaşmış yeri və bir çox hallarda müqəddəsliyi hər kəsə məlumdur. Buna görə də Şuşanın təsis olunmasının 270 illiyi münasibətilə Prezident İlham Əliyevin 2022-ci ili "Şuşa ili" elan etməsi xalqımızın böyük sevincinə səbəb oldu.“İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik»,-deyən Prezident İlham Əliyev2022-ci ili «Şuşa İli» adlandırmaqla bir daha dünyaya bütün dünyaya mesajını verərək bildirir ki, Azərbaycan xalqı Şuşanı xilas etməklə qeyrət təntənəsi nümayiş etdirdi və 28 il əsarətdən qurtardığımız 270 yaşlı Şuşanı daha da inkişaf etdirib gülüstana çevirəcəyik.

Şuşanın qara günü olan 8 mayı təqvimlərdən silən, qeyrət qalamızın yeni “doğum günü”nü noyabrın 8-də bayram edən xalqıq. Ötən il mayın 7-də Prezident İlham Əliyev “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” sərəncam imzaladı. Mayın 12-13-də bu gözəl şəhər “Xarıbülbül” musiqi festivalına evsahibliyi etdi. İyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsini imzaladılar. Avqust ayında orada ənənəvi Vaqif Poeziya Günləri keçirildi, sentyabrda Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı bərpa olundu. İşğaldan azad edilən torpaqlara il ərzində 32 dəfə səfər edən İlham Əliyev düz 7 dəfə yolunu Şuşadan saldı və Qala-şəhərimizdə böyük quruculuq işlərinə xeyir-dua verdi. Və hər səfərə “Zəfər” yolu ilə gəldi. Dövlət başçımızın «Şuşa İli» ilə imzaladığı Sərəncamda deyildiyi kimi: «Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu". Bəli, 8 Noyabr – Zəfər Günündə 44 günün şərəfinə ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə ağac əkdilər. Dekabrın 24-də dövlət başçısı, Müzəffər Ali Baş Komandan özünün 60 illik yubileyini də məhz Zəfərimizin qürur zirvəsi olan Şuşada keçirtdi: “Şuşa hər birimizi özünə çəkir” – dedi. Budur, «Şuşa İli»nin sevinci, qüruru. Çünki “Şuşa ili” Azərbaycanın tərcümeyi-halında hər zaman yaddaqalan olacaq.

2022-Cİ İL ŞUŞADA BÖYÜK QAYIDIŞIN TƏNTƏNƏSİ

"2022-ci ilin "Şuşa İli" elan edilməsi 30 illik həsrətə 44 gün ərzində "Dəmir siyasət" əməliyyatı ilə Ali Baş Komandan, Prezident İlham Əliyevin "İrəli" çağırışına bir yumruq kimi birləşən xalqına olan qayğısa, qalib Azərbaycan Ordusunun rəşadətlii əsgər və zabitlərinin igidliyinin, öz böyük xalqının zəngin mədəniyyətinə xidmət etmək, Şuşanın yaralarını sarımaq, məlhəm olmaq addımıdır. "Bakıya dönməzdən əvvəl yenidən gəlmişəm buraya, Cıdır düzünə, Şuşanın tarixi yerinə ki, bir daha Azərbaycan xalqına öz sözümü deyim. Deyim ki, biz xoşbəxt xalqıq, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Xoşbəxt xalqıq ki, özümüzü müstəqil dövlət kimi təsdiq etmişik. Bir daha deyim ki, Şuşa bizimdir! Qarabağ Azərbaycandır!".

Bu gün Şuşa artıq bərpa və böyük quruculuq dövrünə qədəm qoyub. 2021-ci il 14 yanvar tarixindən - Prezidentin Şuşa səfərindən etibarən Şuşanın bərpası başlandı və qısa müddət ərzində böyük işlər görüldü. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsi bərpa olundu. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpasına başlanıldı, Bülbülün ev muzeyinin açılışı baş tutdu, Natəvan bulağı bərpa edildi. Prezident İlham Əliyevin göstərişi ilə ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mərkəzi meydanda qoyuldu. Üç məsciddə təmir-bərpa işləri başlandı. Məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. "Qarabağ" və “Xarıbülbül” otelləri istifadəyə verildi. Şuşanın baş planı təsdiq edildi, yeni yaşayış kompleksinin təməli qoyuldu. Bütün bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar öz doğma yurdlarına qayıdırlar. Bu il Şuşada Böyük Qayıdışın təntənəsi baş tutacaq, uzun müddətlik həsrətdən sonra şuşalılar doğma yurdlarında "Şuşa İli"ndən irəli gələn əhəmiyyətli tədbirləri izləyəcək, fərəhlənəcək və qürurlanacaqlar.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə