Mehriban Əliyeva - mərhəmət, şəfqət mücəssəməsi - TƏHLİL

Mehriban Əliyeva - mərhəmət, şəfqət mücəssəməsi - TƏHLİL

Dünyanın ən qabaqcıl ölkələrinin təcrübəsinə əsaslanan, müsbət yeniliklərə, təkmilləşməyə üstünlük verən Azərbaycan dövləti insan hüquq və azadlıqlarının qorunmasına, optimal idarəçilik mexanizmlərinin müəyyənləşdirilməsinə xüsusi önəm verir. Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması da bu baxımdan təqdirəlayiqdir və Birinci vitse-prezidentlik institutunun təsis olunması dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edən mühüm addım olaraq qiymətləndirilir.

Bildiyimiz kimi, cənab Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2016-cı il 26 sentyabr tarixində Konstitusiya islahatları ilə bağlı keçirilən referendumun nəticələrinə görə ölkədə Birinci vitse-prezidentlik institutu yaradıldı və bu, yəni dövlət idarəçilik sistemində yeni təsisatın yaradılması məhz ölkə başçısının islahatlar kursunun təzahürü olaraq yadda qaldı. Təbii ki, bu təsisat siyasi islahatların tərkib hissəsidir və məhz Birinci vitse-prezidentlik institutunun təsis olunması demokratik dəyişikliklərə hüquqi əsasların yaradılmasını özündə ehtiva edir.

Ölkə rəhbəri cənab İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncama əsasən Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması əslində, tarixi hadisədir, özü də müasir tarixin ən mühüm hadisəsidir. Dövlət başçısının, cənab Prezidentin də söylədiyi kimi, Mehriban xanım Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır və onun xalq tərəfindən sevilməsi də təsadüfi deyil. Çünki, xalqımız, Azərbaycan xalqı Mehriban xanım Əliyevanın peşəkarlığı, prinsipiallığı ilə yanaşı, onun xeyirxahlığını yüksək qiymətləndirir, onu sevir və rəğbət bəsləyir. Əlbəttə ki, Mehriban xanım Əliyevanın çoxşaxəli, eyni zamanda uğurlu fəaliyyəti bu qərarın qəbul edilməsində əsaslı rol oynayıb. Məhz ölkə rəhbəri 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncamla Mehriban xanım Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin etməsindən sonra, daha dəqiq desək, Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edərkən bu əminliyi ifadə etməsi bunu təsdiqləyir. O da təsadüfi deyil ki, cənab Prezident bundan sonra da Mehriban xanım Əliyevanın ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəyinə əminliyini bildirib.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti həqiqətən də çox geniş, çoxşaxəli olub və bu fəaliyyət sahələri ölkəmizdə təhsilin, səhiyyətinin, mədəniyyətin, milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı istiqamətində böyük töhfələr verib. Azərbaycan həqiqətlərinin, mədəniyyətimizin təbliğində misilsiz xidmətləri ilə Mehriban xanım Əliyeva xalqın sevimlisinə çevrilib. Artıq geridə qalmış, tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətin onun doplomatik fəaliyyəti, xidmətləri danılmazdır. Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın uğurlu layihələri, biri-birindən vacib, eləcə də əhəmiyyətli addımları diqqəti cəlb etməyə, bəyənilməyə bilməz və bunun xalqımız tərəfindən necə rəğbətlə qarşılandığı da göz önündədir. Bütün bunlar Birinci vitse-prezidentin fəaliyyəti barədə çox gözəl və aydın təsəvvür yaranmasına kifayət edir.

Cəmiyyətin həssas təbəqələrinin problemlərini mütəmadi olaraq həll etməyə çalışan, qayğıya ehtiyacı olan uşaqlara dəstək olan, təhsilimizin, səhiyyəmizin inkişafına daim töhfələr verən Mehriban xanım məhz bu xüsusiyyətlərinə görə, öz humanist fəaliyyətinə, ölkəmizin inkişafına, tərəqqisinə, qələbələrimizə və uğurlarımıza verdiyi töhfələrinə görə xalq tərəfindən sevilir. Onun bilavasitə təşkilatçılığı ilə həyata keçirilən layihələr əsasında uşaqlara göstərilən qayğı xüsusilə diqqəti cəlb edir və uşaq evlərinin, eləcə də internat məktəblərinin ən müasir səviyyədə təşkilinə diqqəti, körpələrin fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün əlindən gələni əsirgəməməsi həqiqətən təqdirəlayiqdir və müalicəsi nisbətən çətin, uzunmüddətli olan yüzlərlə xəstənin, əlilin, körpələrin sağalıb yenidən həyata qayıtmasında onun xüsusi rolu danılmazdır. Elə Birinci vitse-prezidentə ünvanlanan saysız-hesabsız minnətdarlıq məktubları da bu baxımdan səbəbsiz deyil və bütün bunlar vətəndaşlarımızın Mehriban xanıma olan sevgisi ilə yanaşı, inamının da göstəricisidir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti barədə, humanist addımları haqda nə qədər sadalasaq da bitən deyil. Çünki, bunlar saysız-hesabsızdır və sadalamasaq da bunları xalqımız çox yaxşı bilir. Xalqımız yaxşı bilir ki, Mehriban xanım mərhəmət, şəfqət mücəssəməsidir. Onun fəaliyyəti, gördüyü işlər mərhəmətli olmaq istəyən, bunu özünə həyat amalı seçən insanlar üçün bir örnəkdir. Ümidsiz, xəstə insanlara şəfa tapmasında yardımçı olan, bir növ həyat bəxş edən, ehtiyaclılara yardım əlini uzadan, ümumilikdə hər kəsin qayğılarına həssas yanaşan və bu qayğıların həll olunmasına köməklik göstərən Mehriban xanım barəsində hər bir Azərbaycan vətəndaşı ən yüksək fikirdədir və ona olan hörməti sərhədsizdir.

Artıq Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezident təyin olunmasının 5 ili tamam olur. Bu 5 ildə Birinci vitse-prezidentin gördüyü işlər ölkəmizin, xalqımızın maraqlarına xidmət edib. O, milli və dövlət maraqlarımızı hər zaman üstün tutub, xeyirxahlığı, mərhəməti, insanpərvərliyi həyat prinsipinə çevirib. Mehriban xanım bu 5 ildə üzərinə düşən vəzifəni, missiyanı nəinki layiqincə, yüksək səviyyədə yerinə yetirib, öz fəaliyyəti ilə nümunə olub. Sözsüz ki, Birinci vitse-prezidentinbeynəlxalq miqyasda fəaliyyəti, bu istiqamətdə uğurları da hər kəsə bəllidir və bu fəaliyyət, bu uğurlar yalnız alqışa layiqdir. Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin dünyada tanıdılması istiqamətində layihələr, ölkədə idman hərəkatının davamlılığının təmin edilməsi, ekoloji problemlərin həllinə dəstək, işğaldan azad olunan torpaqların bərpasında humanitar missiyanı həyata keçirilməsi məhz Mehriban xanım Əliyevanın adı ilə bağlıdır və məhz onun rəhbərliyi ilə hazırda işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işləri çərçivəsində tarixi və dini abidələrimizin bərpasını Heydər Əliyev Fondu öz hesabına həyata keçirir.

Göründüyü kimi, Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillər məhz vətənə, dövlətə sədaqət, milli dəyərlərə hörmət və uğurlu fəaliyyət olub. Bəli, ötən 5 il müddətinə, yəni təyin olunduğu müddətdən bu günə qədərki, 2017-ci ilin fevralından bu vaxta qədərki dövrə də nəzər salanda görürük ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu məsuliyyətli və şərəfli vəzifənin də öhdəsindən bacarıqla, ləyaqətlə gəlib. Əlbəttə ki, bu da bir azərbaycanlı, bir Azərbaycan vətəndaşı kimi hər birimizdə böyük qürür hissi doğurur və biz bunu yalnız fəxrlə qeyd edirik.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə