Azərbaycanda mövcud olan sosial ədalət dünya üçün modeldir TƏHLİL

Sosial ədalət cəmiyyətin əsas göstəricisidir. Hansı cəmiyyətdə sosial ədalət mövcudursa, o cəmiyyətdə insan amilinə diqqət və qayğı da böyükdür. Əlbəttə ki, sivil bir dünyada yaşamış olsaq da, sosial ədalət prinsipinə bir çox ölkələrdə əməl olunmur və dünyanın bir qismi üçün bu əlçatmazdır. Demokratik dəyərlərə malik, mütərəqqi dövlətlərdə buna təsadüf olunur. Hüquq bərabərliyinin və insan hüquqlarının pozulması cəmiyyətdə xoşagəlməz hallarla insanları üz-üzə qoymuş olur.

20 Fevral dünya Sosial Ədalət Gününü qeyd edir. Milyonlarla insanların qeyd etdiyi bu gün BMT-nin Baş Məclisi tərəfindən dünya ictimaiyyətinin yoxsulluqla mübarizə işində səylərini artırmaq və hər kəs üçün iş yerləri, gender bərabərliyi və insan hüquqlarına hörmətə nail olmaq məqsədi ilə yaradılıb. Müasir dünya cəmiyyətlər daxilində və cəmiyyətlərarası həmrəylik, harmoniya və bərabər imkanlar aşılamaq üçün yoxsulluq, ayrı-seçkilik və işsizliklə məşğul olmağın əhəmiyyətini dərk edir. Daha sabit, ədalətli və təhlükəsiz dünya qurmaqda sosial ədalətin vacibliyi əsas məsələlərdəndir. Hər kəs üçün sosial ədalətə nail olmaq naminə BMT-nin əsas məqsədi inkişaf və insan ləyaqətini yaymaqdır.
Əlbəttə ki, dünyanın bir parçası olan Azərbaycanda da sosial Ədalət günü qeyd olunur. Müasir dünyamızda Azərbaycan dünyanın çağırışlarına yüksək səviyyədə cavab verir. Sosial ədalətə nail olmaqda ölkəmizdə həyata keçirilən islahatları qeyd etməliyik. Həyatımızın bütün siferaların əhatə edən islahatlar öz nəticəsin verib və bu davamlıdır. Ölkəmizin maliyyə imkanlarının güclənməsi regionların sosial-iqtisadi inkişafına, eləcə də insanların sosial rifah halının daha da yaxşılaşdırılmasına səbəb olub.
Təbii ki, Azərbaycanda mövcud olan sosial ədalət dünya üçün bir modeldir. Sosial ədalətin təmin edilməsi prioritet məsələlərdən biridir. Ölkəmizdə sosial ədalətin təminatı istiqamətində ciddi addımlar atılıb. Azərbaycanda dövlətin iqtisadi siyasətinin sosial yönümlü olması, Prezident İlham Əliyevin ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi diqqət, insan amilinə verilən yüksək dəyər sosial ədalətdən qaynaqlanır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət ölkəmizin davamlı inkişafının təmin olunmasında həlledici rol oynayır. Uğurla həyata keçirilən dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan verib. Bu günə qədər reallaşan dövlət proqramları böyük uğurla icra olunub. Görülən işlər əhalinin rifahının yüksəlməsinə, yeni iş yerlərinin açılmasına və s. səbəb olub. Sözsüz ki, dövlət proqramlarının icrası məşğulluğun təmin olunması istiqamətində atılan vacib addımlardan biridir. Regionlarda yaradılan biznes mühiti, kənd təsərrüfatı və sənayenin inkişafı üçün infrastruktur artıq öz bəhrəsini verməkdədir.

GENİŞ ƏHALİ KATEQORİYALARINI ƏHATƏ EDƏN ETİBARLI SOSİAL MÜDAFİƏ SİSTEMİ FORMALAŞDIRILIB

Əhalinin sosial müdafiəsi sahəsində bir sıra uğurlu layihələr icra edilir. Azərbaycan Respublikası Prezidentinin 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də bu sahəyə böyük önəm verilir. Sənəddə qeyd olunduğu kimi, davamlı və yüksək iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır. Belə ki, inkişafdan hər bir vətəndaş bəhrələnməlidir. Sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına aşağı gəlirli və yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatı gücləndirilməlidir. Dövlətin 2030-cu ilədək həyata keçirəcəyi iqtisadi layihələrin gətirəcəyi faydalardan ölkə vətəndaşlarının bəhrələnməsi milli prioritetlərin əsas məqsədidir.
Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində əlbəttə ki, insan amili daynır, onların maraqları dayanır. 2020-ci il ölkəmiz üçün çətin və mürəkkəb bir il olsa da, qələbə tariximizin yazıldığı zaman olaraq tarixiləşdi. Vətən müharibəsi, kornovirus pandemiyası ilə mübarizə də Azərbaycan öz iradəsini, gücünü, həmrəyliyini ortaya qoyaraq nəyə qadir olduğunu sübut etdi. Belə bir zamanda Azərbaycan dövləti əhalinin sosial rifahının və onun daim yüksələn xətt üzrə inkişafına nail olunmasını diqqətdə saxlayır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Təbii ki, bütün bunlar planlı, Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq həyata keçirilir. Dövlət başçısının uğurlu sosial siyasəti respublika əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin ildən-ilə güclənməsinə, geniş əhali kateqoriyalarını əhatə edən etibarlı sosial müdafiə sisteminin formalaşdırılmasına imkan yaradıb.
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, aztəminatlı ailələrin, müharibə veteranlarının, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb. Dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamı və digər rəsmi sənədlər Prezident Cənab İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalətin dayandığının göstəricisidir. Müharibədə sağlamlığını itirmiş oğulların sağlamlığının bərpası və normal həyata qayıtmağı üçün dövlətimiz tərəfindən addımlar atılır.

SOSİAL DƏSTƏK TƏDBİRLƏRİ İCRA OLUNUR

Bildiyimiz kimi, Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən genişmiqyaslı sosial dəstək tədbirləri icra olunmağa başladı. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam edir. Şəhid ailələrinə ayrılan diqqətin nəticəsidir ki, bu gün onlar eyni zamanda, mənzillərlə də təmin olunurlar. "Bir dənə də şəhid ailəsi qalmayacaq ki, dövlət ona ev və ya mənzil verməsin", - deyən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bu, bizim siyasətimizdir, bu, bizim yolumuzdur, biz bu yolu gedirik.
Vətən müharibəsi şəhidlərinin ailə üzvləri olan 7942 şəxsə 15841 sosial ödəniş - prezidentin təqaüdü, sosial müavinət, pensiya təyin olunub, həmçinin 2515 müharibə iştirakçısına əlillik və sosial ödənişlərin təyinatı həyata keçirilib. Şəhid ailələri, müharibə əlilləri üçün sosial ödənişlərin məbləği əhəmiyyətli dərəcədə artırılıb. Statistik məlumatlara istinadən, şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib. 2021-ci il üzrə şəhid ailələri və müharibə əlillərinə 3 min mənzil, müharibə əlillərinə 164 avtomobil verilib. Ümumilikdə, ötən dövrdə 12300 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub.
Şəhid ailələri üzvləri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslər daxil olmaqla 10 minədək şəxsin məşğulluğuna dəstək göstərilib, o cümlədən 6 minədək şəxs özünüməşğulluq proqramına cəlb edilib, 4 minədək şəxs işlə təmin olunub. Reabilitasiya müəssisələrində 1300 nəfərə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib. 184 hərbçi yüksək texnologiyalı müasir 4-cü nəsil 193 ədəd protezlə, əksəriyyəti müharibə əlilləri olan 955 nəfər mühərrikli təkərli oturacaqla, 1197 nəfər 12948 reabilitasiya vasitəsi ilə təmin edilib.
Şəhid ailələrinin sosial təminatı da yaxşılaşır, şəhid ailələrinə və müharibə əlillərinə, milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanır.

VƏTƏNDAŞ MƏMNUNLUĞUNA TAM TƏMİNAT VERƏN DOST MƏRKƏZLƏRİ

Azərbaycanda aparılan sosialyönümlü siyasət, əhalinin öz güzəranını təmin etmək üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına şərait yaradıb. Sahibkarlara daim diqqət göstərilir, onlara güzəştli kreditlər verilir, fermerlərə subsidiyalar ayrılır ki, bu da ölkədə sahibkarlığın inkişafına münbit şəraitin olduğunu əks etdirən amillərdir. Aztəminatlı ailələrin məşğulluğuna və əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaradılmasına, eləcə də kiçik və orta sahibkarlığın inkişafına geniş imkanlar yaradılıb.
Prezident İlham Əliyevin islahatlar proqramına uyğun olaraq, eyni zamanda, dövlət sosial xidmətləri sisteminin mütərəqqi beynəlxalq təcrübələrə və innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsi istiqamətində ardıcıl işlər aparılır. DOST adlanan daha bir innovativ xidmət növü də vətəndaşlarda məmnunluq yaradıb. Prezident İlham Əliyevin fərmanı ilə yaradılan DOST mərkəzləri əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə xidmətlərdə vətəndaş məmnunluğuna tam təminat verir. 2025-ci ilə kimi ölkə ərazisində, ümumilikdə, 31 DOST mərkəzi açılacaq və bununla da Azərbaycanın bütün ərazisi və bütün vətəndaşları DOST xidmətləri ilə əhatə olunacaq. Bu xidmətlərə ehtiyac duyan hər kəs ondan asanlıqla yararlana biləcək. Azərbaycan Prezident İlham Əliyevin vurğuladığı kimi, "Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək".



Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə