Tarixi ərazilərimiz turizm potensialının inkişafına mühüm töhfə verəcək TƏHLİL

Tarixi ərazilərimiz turizm potensialının inkişafına mühüm töhfə verəcək TƏHLİL

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbədən sonra işğaldan azad olunan ərazilərdə abadlıq quruculuq işlərinə başlanılib. Qarabağın işğaldan azad olunmasından qısa müddət ötməsinə baxmayaraq, bu tarixi torpaqlarımızın dirçəldilməsi prosesi sürətlə davam etdirilir. Bu prosesdə diqqət yetirilən əsas sahələrdən biri də işğaldan azad olunmuş ərazilərimizdə turizmin inkişaf etdirilməsidir. Qarabağda bölgə iqtisadiyyatının dirçəldilməsi yaxın gələcəkdə bu diyarın yenidən bütün Cənubi Qafqazın inkişaf edən mədəniyyət və turizm mərkəzlərindən olacağını deməyə əsas verir.

Əlbəttə ki, Azərbaycan inkişaf etmiş turizm ölkəsidir. Ölkəmizin flora və faunası, zəngin tarixi mədəniyyət abidələri Odlar diyarını xarici turistlər üçün cəlbedici edib. Azərbaycanın dinamik inkişafı, ölkəmizdəki əsaslı dəyişikliklər, respublikamızın siyasi-iqtisadi və mədəni mərkəz, qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi çıxış etməsi ölkəmizin dünyada olan imicini daha da yüksəldib.

Bütün sahələrdə həyata keçirilən layihələr Azərbaycanın hər bir bölgəsində turizm üçün geniş imkanlar açıb. Azərbaycanın hər bir bölgəsi turizm üçün yararlıdır. 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızın da turizm potensialı genişdir. 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan üzərində parlaq qələbə işğal altındakı tarixi torpaqlarımızın azad olunmasını təmin etmiş oldu. Bu gün işğaldan azad olunmuş Ağdam, Füzuli, Cəbrayıl kimi rayonların turizm potensialı böyükdür. Bu ərazilərdə aparılan abadlıq-quruculuq işləri turistlərin diqqətini həmin məkanda olan flora və faunaya, mədəniyyət abidələrinə cəm edəcək. Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və s. daş yaddaşımızdır. Ermənilərin qurbanına çevrilən abidələrimiz tezliklə bərpa və təmir ediləcək, şəhərlərimiz müasir məkan olaraq turistlərin diqqətində olacaqdır. İlk insan məskənlərindən olmuş məşhur Azıx mağarası, Qaraköpək, Üzərliktəpə kurqanları, Şuşada Tarix Muzeyi, Daş Sənətkarlığı Muzeyi, Dərman Bitkiləri Muzeyi, Mir Möhsün Nəvvabın ev muzeyi və s. çoxsaylı turistlərin ziyarətgahına çevriləcək. Bu onu deməyə əsas verir ki, yaxın zamanlarda Azərbaycanın turizm məkanlarının coğrafiyası daha da genişlənəcəkdir.

Öz təbii sərvətləri ilə seçilən torpaqlarımızın səfalı və müalicəvi əhəmiyyət daşıyan yerləri, flora və faunasının başqa bir ab-havası var. Kəlbəcər rayonu ərazisindəki İstisu mineral suları, Şuşanın Cıdır düzü və saymaqla bitib-tükənməyən nümunələri böyük maraq doğurur. Dövlət başçısı İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək.

Bildiyimiz kimi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Qarabağ" hoteli istifadəyə verildi. 1980-cı ildə inşa edilən hotelin binası 1992-ci ilin mayında Şuşa şəhərinin işğalı nəticəsində öz fəaliyyətini dayandırıb və baxımsızlıqdan tamamilə yararsız vəziyyətə düşüb. Şuşa şəhəri müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində Ermənistanın işğalından azad edildikdən sonra 2021-ci ildə Prezident İlham Əliyevin tapşırığına əsasən, hoteldə təmir-bərpa və yenidənqurma işləri həyata keçirilməyə başlandı. Müasir səviyyəyə çatdırılan hoteldə Şuşa şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada müxtəlif kateqoriyalı otaqlar var. Binada restoran və bar qonaqların ixtiyarına veriləcək. Oteldə işgüzar görüşlərin və tədbirlərin keçirilməsi üçün konfrans otağı yaradılıb.

AĞDAM CÜMƏ MƏSCİDİNDƏ BƏRPA İŞLƏRİ TARİXİ GÖRÜNÜŞƏ UYĞUN OLARAQ HƏYATA KEÇİRİLİR

İşğaldan azad olunan ərazilərimiz sırasında Ağdam da var ki, 27 ildən sonra günəş şüaları ilə nurlanmış bu şəhər yeni dövrünə qovuşub. 20 noyabr 2020-ci il tarixində Ağdam rayonu Azərbaycan Respublikasına qaytarıldı. Rayonun ərazisində qədim tarixə malik yüzlərlə memarlıq və incəsənət abidələri vardır. Buradakı tarixi memarlıq abidələri, yaşayış məskənləri, sərdabələr, kurqanlar və s. müxtəlif tarixi dövrləri əks etdirən nadir nümunələrdir. Rayonun onlarla tarixi yaşayış məskənləri Eneolit dövründən günümüzə kimi gəlib çatmışdır. Buranın hər bir daşı tarixi dövrləri əhatə edir və əlbəttə ki, turistlər ücün cəlbedicidir. Bu sırada Ağdam Cümə məscidin də xüsusi yeri var. Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdama səfər zamanı Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişatı ilə tanış olublar.

Qeyd edək ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid Ağdamın işğal altında olduğu müddətdə şəhərdə ermənilər tərəfindən dağıntıya nisbətən az məruz qalan yeganə tikilidir. Cümə məscidinin bərpa-restavrasiyasına Heydər Əliyev Fondu tərəfindən başlanılıb. Layihənin icrası üçün Avstriyanın "Brugger&KO Restauratoren GmbH" şirkəti ilə müqavilə imzalanıb. İlk addımda örtük və sement birləşmələri tamamilə çıxarılacaq. Tarixi kərpiclərin zədələnməməsi və kompozitin divardan qopmaması üçün işlər əl ilə aparılacaq. Bərpa prosesinin ikinci mərhələsində fasadlar biogen böyümədən təmizlənəcək, zədələnmiş və ya qırılmış kərpiclər bərpa ediləcək, karxana daşı hörgüsü əhəng əsaslı birləşmiş məhlul ilə yenidən işarələnəcək.

AĞDAM ŞƏHƏRİNDƏ İNŞA OLUNACAQ "PARK FOREST OTEL AĞDAM" MEHMANXANASI 2024-CÜ İLDƏ İSTİFADƏYƏ VERİLƏCƏK

Əlbəttə ki, Ağdamın turizm məkanlarından söz açarkən, Ağdam Çörək muzeyini xüsusi olaraq qeyd etməliyik. Azərbaycanın Ağdam şəhərində yaradılan Çörək muzeyi 25 noyabr 1983-cü ildə ilk ziyarətçilərini qəbul etmişdi. Muzeydə 2800-ə yaxın eksponat vardı. Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələrinin hücumları nəticəsində muzeyə iki dəfə mərmi düşmüşdü. İlk atılan mərmi üçüncü sərgi zalına düşsə də, partlamamışdı. Digər mərmi isə 1992-ci ilin avqust ayının 12-də Əsgəran rayonunun Xanabad və Naxçıvanik kəndi istiqamətindən atılan zaman muzeyə düşərək, muzeyi tamamilə məhv etmişdir. Nəticədə muzeydə olan 1500-dək eksponat yanaraq məhv olmuşdur. Onu da vurğulamaq yerinə düşər ki, 1980-cı illərdə Ağdamda keçirilən "Natəvan" qızlar bayramı, "Xarı Bülbül" beynəlxalq festivalı məhz muzeyə baxışla başlanarmış. Hər daşı bir tarix olan Ağdam şəhəri öz keçmiş imicini yenidən özünə qaytaracaq və Azərbaycanın turizm bölgəsi kimi Ağdamın da bu sırada öz yeri və payı olacaqdır.

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ağdam şəhərində inşa olunacaq "Park Forest Otel Ağdam" mehmanxanasının təməlinin qoyulması fikirlərimizi əsaslandırır. 2,16 hektar ərazidə inşa ediləcək "Park Forest Otel Ağdam" mehmanxanası 110 nömrədən ibarət olacaq. Mehmanxananın ərazisində əsas bina ilə yanaşı, konfrans mərkəzi, açıq havada üzgüçülük hovuzu, uşaq oyun meydançası, gəzinti yolları və istirahət zonaları yaradılacaq. Tikinti işlərinin 2024-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulub.

Son illər Azərbaycanda turizmin inkişafı istiqamətində böyük işlər görülsə də, ölkəmizin ən böyük turizm potensialına malik Qarabağ bölgəsi işğal altında olduğundan bu proseslərdən kənarda qalmışdı. İlin dörd fəslində füsunkar təbiəti ilə qonaqları heyran edən, saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan bu diyar Müzəffər Ali Baş Komandanın qətiyyəti və Ordumuzun rəşadəti sayəsində artıq düşmən tapdağından azad edilib.

Strateji mövqeyinə görə, Qarabağın giriş qapısı hesab edilən Ağdam rayonunda ən müasir standartlara cavab verən mehmanxananın inşası sürətlə dirçəldilən tarixi ərazilərimizin turizm potensialının inkişafına mühüm töhfə verəcək. Bu, həm də işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Ağdam rayonunda sosial layihələrin davamlı şəkildə həyata keçirilməsinin növbəti göstəricisidir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə