Ermənilərin Qarabağda at oynatdıqları dövr geridə qalıb - MƏRKƏZ SƏDRİ AÇIQLADI
“Erməni separatçılarının Qarabağda ard-arda təxribat xarakterli hərəkətlər törətməsi narahatlıq üçün ciddi əsas sayıla bilər. Təəssüf ki, suverenliyimizi təhdid edən bu hadisələr rus sülhməramlılarının gözləri qarşısında baş verir. Bu isə o deməkdir ki, son vaxtlar artmaqda olan təxribatlara görə Qarabağdakı separatçı rejimlə yanaşı, həm də Rusiya sülhməramlıları məsuliyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, "Yenisabah.az" saytının baş redaktoru Seymur Verdizadə deyib.
Onun sözlərinə görə, Azərbaycanın Qarabağda abadlıq işlərini sürətləndirməsi, vacib infrastrukturun qurulması, yerli əhalinin öz doğma yurdlarına qayıtmaq üçün hərtərəfli işlərin görülməsi erməniləri qorxuya salıb: “Düşmən başa düşür ki, qarabağlılar tezliklə öz yurdlarına qayıdacaqlar. Ermənilərin Qarabağda at oynatdıqları dövr geridə qalıb. Onların Azərbaycan qanunları ilə yaşamaqdan başqa çıxış yolu yoxdur. Son vaxtlar təxribat xarakterli hərəkətlərin sayının artması Azərbaycanın diqqətinin əsas hədəflərdən yayındırmağa hesablanıb. Heç bir nəticəsi olmayacaq ucuz şoudur. Ermənilər özlərini aldatmaqla məşğuldular”.
Seymur Verdiyev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, hadisələrin təhlili göstərir ki, ermənilər 44 günlük müharibədən lazımi nəticə çıxarmayıblar: “Xankəndi, Xocavənd və Xocalı da daxil olmaqla Qarabağın bütün ərazilərində Azərbaycanın suverenliyi tam təmin olunacaq. Əgər bu diplomatik yolla baş verməsə, dəmir yumruğun hesabına baş verəcək. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycan istənilən vaxt Qarabağda anti-terror əməliyyatı keçirə bilər. 44 günlük Vətən Müharibəsi də göstərdi ki, heç bir güc Azərbaycanı dayandırmağa qadir deyil. Ermənilərin bunu başlarına dəmir yumruq dəymədən başa düşməsi öz xeyirlərinədir”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB