Dünya mətbuatı dövlət başçısının Ağdama səfərindən yazır TƏHLİL
Azərbaycan 44 günlük Vətən müharibəsində uğurlu döyüş əməliyyatı apardı. Dünyanı təəccübləndirən, hərb tarixində yeni səhifə olan müharibədə qalib dövlət oldu. Hər gün cəbhədən gələn qələbə xəbərləri, Azərbaycanın Müzəfər Ordusunun düşməndən əldə etdiyi hərbi qənimətlər və ermənilərin canlı itki verməklə geriyə qaçmaları, Tərtər rayonunun Suqovuşan və Talış kəndləri, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi, Cəbrayıl şəhəri və rayonun Karxulu kimi digər şəhərlərin, kənd və qəsəbələrin işğaldan azad olunması kimi müjdəli xəbərlər bizi Zəfərə doğru aparırdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın 30-dan artıq KİV-nə müsahibəsi hadisələrin geniş dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edirdi. Əlbəttə ki, 30 ilə yaxın bir zamanda erməni işğalında olan torpaqlarımızın qarış-qarış düşməndən azad edən vətən oğulların qanı bahasına alınması dünyanın diqqətindən kənarda qalmadı və dünya erməni barbarlığını, vandallığını bir daha görmüş oldu. Əlbəttə ki, ölkəmizin dünya panoramasının diqqətdə olması müstəqillik dövründə beynəlxalq əlaqələrini gücləndirən Azərbaycanın yüksək bir imicə sahib olmasının təzahürüdür.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olundu və bu gün yeni bir yüksəliş dövrü başlayıb. Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr dünya mediasının diqqətindədir. Regiondakı vəziyyət və müharibədən azad olunan ərazilərimizdə aparılan abadlıq və quruculuq işləri və s. diqqətdədir. Son günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın aparıcı ölkələrinin KİV nümayəndələrinə verdiyi müsahibələr, dövlət başçısının işğaldan azad olunan ərazilərimizə səfərləri və bu səfərlər çərçivəsində bir çox layihələrin təməlinin qoyulması və s. dünyanın aparıcı KİV-lərinin diqqətindən kənarda qalmayır.
Yaponiyanın "ajmedia.jp" saytı Prezident İlham Əliyevin və Birinci Xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Ağdam rayonuna növbəti səfərləri barədə məlumatlar yayıb. Məqalədə Azərbaycanın dövlət başçısının və birinci xanım Mehriban Əliyevanın Ağdamda bir neçə yeni yarımstansiyanın açılışında iştirak etmələri, yeni sosial əhəmiyyətli obyektlərin təməlini qoymaları, Ağdam Cümə məscidi və Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində planlaşdırılan işlərlə tanış olmaları öz əksini tapıb. Yapon oxuculara Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksi haqda məlumat verilərək bildirilib ki, XVIII əsrə aid və iki binadan ibarət olan bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. Saray Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb. Buna görə də, bu tikili Pənahəli xanın imarəti də adlandırılıb. Əlbəttə ki, yapon oxucuları üçün Azərbaycana məxsus olan dini-mədəniyyt abidələri ilə bağlı məlumatların verilməsi böyük maraq kəsb edir. Neçə əsrlik bir dövrü əhatə edən bu və digər nümunələri xalqımızın tarixindən, mədəniyyətindən dünyaya bir mesajdır. Məlumatlarda vurğulanıb ki, işğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb, buradan tövlə kimi istifadə olunub.
Vurğulamaq yerinə düşər ki, Pənahəli xan sarayı və ya Pənah xanın imarəti - Ağdam şəhərində yerləşən və birinci Qarabağ xanı Pənahəli xanın yay sarayı olmuş XVIII əsrə aid tarix-memarlıq abidəsidir. Pənahəli xanın Ağdamdakı sarayı, xan nəslinin ən birinci mülklərindən olmaqla iki binadan ibarətdir. Çox güman ki, ilkin çağında bu kompleksə daha çox bina daxil olmuşdur. Bu kompleks Pənahəli xanın 1738-ci ildə Xorasandan qayıdıb, Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilmişdir. Ağdam sarayı, bir-birinə perpendikulyar yerləşdirilmiş iki korpusdan ibarətdir. Əsas korpus, mərkəzi günbəzli zalın ətrafında qruplaşdırılmış tağtavanlı otaqlardan ibarətdir. Mərkəzi zalın qabağında cənuba istiqamətlənmiş geniş və dəbdəbəli eyvan yerləşir. Günbəzli zal divanxana xüsusiyyəti daşımış və Pənahəli xan burda qonaqlarını qəbul etmişdir. Saray yaxınlığında yerləşən İmarət qəbirsanlığında Qarabağ xan nəslinin bir çox nümayəndələri dəfn edilmişdir. Pənahəli xanın türbəsi və Xurşidbanu Natavanın qəbirüstü abidəsi də bu qəbirsanlıqda yerləşir. Saray, Azərbaycan ərazisində olan digər xan saraylarından fərqli olaraq parad xüsusiyyətlərinə malik olmayıb, yalnız dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyır. Buna görə də, elmi ədəbiyyatda bəzən Pənahəli xanın imarəti də adlandırılır.
Materiallarda diqqətə çatdırılıb ki, Xan sarayının yaxınlığında yerləşən və Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığı da erməni vəhşiliyinə məruz qalaraq dağıdılıb.
Əlbəttə ki, işğaldan azad olunan ərazilərimiz yenidən qurulur, abadlıq və quruculuq işləri sürətlə aparılır. Görülən işlər ölkəmizə olan diqqəti daha da artırıb. Cənab Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq işğaldan azad olunan ərazilərdə reallaşan tədbirlər ölkəmizin iqtisadi gücünü bir daha göstərmiş olur.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB