Ermənistan Azərbaycanın sülh təklifinə müsbət reaksiya verməlidir - DEPUTAT ŞƏRH ETDİ

Ermənistan Azərbaycanın sülh təklifinə müsbət reaksiya verməlidir - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan Prezidenti müntəzəm olaraq azad olunmuş ərazilərimizə səfər edir. Cənab Prezident İlham Əliyevin növbəti səfəri Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə Ağdam və Ağcəbədidə oldu. Prezident səfər zamanı bir çox obyektlərin təməlqoyma mərasimlərində iştirak etdi, görülən işlərlə tanış oldu". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.

Onun sözlərinə görə, həmin səfərdə həmişə olduğu kimi Ali Baş Komandan bir çox önəmli fikirlər söyləyib: "Cənab Prezident Azərbaycan və Ermənistan arasındakı münasibətlər, bölgədə, regionda baş verən hadisələrə ölkəmizin reaksiyası, beynəlxalq münasibətlərdə Azərbaycanın rolu haqqında çox önəmli fikirlər söyləyib. Bu fikirlərdən biri də Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələdir. Prezident deyib ki, Azərbaycan Ermənistan ilə sülh müqaviləsi imzalamağa hazırdır: “Biz hesab edirik ki, artıq məsələ həll olunub. Azərbaycan ilə Ermənistan sülh müqaviləsi imzalamalıdır”. Ali Baş Komandan burada ərazi bütövlüyünün tanınması ilə əlaqədar məsələni xüsusilə vurğuladı. Düşünürəm ki, Ermənistan Azərbaycanın sərhədlərini mütləq şəkildə tanımalıdır. Daha sonra isə sülh müqaviləsi imzalana bilər. Ermənistan çox yaxşı fikirləşməli, hiyləyə əl atmamalı, hadisəni düzgün qiymətləndirməli və Azərbaycanın sülh təklifinə müsbət reaksiya verməlidir. Əks halda Ermənistan 44 günlük Vətən müharibəsində və ondan sonrakı proseslərdə olduğu kimi uduzmağa məhkumdur".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə