Xocalıda üçrəngli bayrağımız şərəflə dalğalansın - MÜNASİBƏT BİLDİRİLDİ

Xocalıda üçrəngli bayrağımız şərəflə dalğalansın - MÜNASİBƏT BİLDİRİLDİ

“Xocalı soyqırımı Azərbaycanın tarixində nə birinci, nə də sonuncu hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov bildirib.

Onun sözlərinə görə, Xocalı soyqırımına qədər 1915-ci ildə Bakı şəhərində, Şamaxı şəhərində, Quba qəzasında, Kürdəmirdə, Lənkəranda, Salyanda Azərbaycan xalqına qarşı soyqırımlar həyata keçirilmişdir: "Qərbi Azərbaycanda minlərlə, on minlərlə azərbaycanlılara qarşı soyqırımlar törədilmişdir. Hətta 1918-ci ilin iyulunda AXC Fövqəladə Tədqiqat Komissiyası yaratdı və bu komissiyada ermənilərin azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi soyqırımı ilə bağlı tədqiqatlar apardı. Bu tədqiqatlar hazırda arxivimizdə 36 cildlik sənəd kimi saxlanılır. 1920-ci ilin aprelindən sonra azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırımın tarixi bilərəkdən təhrif edildi, unuduldu və bu hadisələr Azərbaycan tarixinə Vətəndaş müharibəsi kimi daxil oldu. Yəni 1918-ci ilin mart, aprel, hətta may ayında Azərbaycanın ayrı-ayrı bölgələrində, o cümlədən Bakı şəhərində Vətəndaş Müharibəsi baş vermiş, bu vətəndaş müharibəsinin qəhrəmanı Şaumyan, günahkarları isə guya Azərbaycanın demokratik ziyalılarıdır. 70 il ərzində bu tarix həm dırnaqarası tədqiq olundu, həm də təbliğ olundu. Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bu istiqamətdə işlər yenicə başlamışdır ki, ermənilərin azərbaycanlılara qarşı ərazi iddiaları başladı, azərbaycanlılara qarşı müharibə başladı. Bu müharibədə erməniləri dünyanın ən böyük dövlətləri və ən nüfuzlu təşkilatları dəstəklədi, müdafiə etdi və 1992-ci ilin fevralında Xocalı soyqırımı vaş verdi.

Xocalı soyqırımı əslində erməni məkrini XX əsrin sonlarında bir daha bizə göstərdi. Ermənistanın prezidenti olan Serj Sarkisyan "Tomas de Vala" müsahibə verərkən qeyd etdi ki, "biz Xocalı soyqırımını törətməklə bir daha azərbaycanlılara bildirmək istəyirik ki, bizim düşmənimiz təkcə hərbiçilər deyil, biz mülki əhaliyə qarşı da bu cür qəddarlığı həyata keçirə bilirik və həyata keçirdik". Xocalı soyqırımında nə qocaya, nə uşağa, nə gəlinə, nə də qıza rəhm edilmədi. Heç kimin ağlına gəlməyən ən ağır işgəncələri ermənilər azərbaycanlı əhaliyə qarşı törətdilər. Yüzlərlə insan itirdik, itkinlərimiz, qaçqınlarıımız oldu. Şikəst olanlar və hələ də tapılmayan şəxslər var. Elə ailələr var ki, o ailənin bütün üzvləri bu soyqırımda tamamilə məhv edildi. Biz dərk etdik ki, ermənilər qədər amansız, qəddar, türkə nifrət edən ikinci bir dövlət yoxdur. Düşmənimizin qanı, vicdanı, imanı yoxdur. Biz buna baxmayaraq ruhdan düşmədik, mübarizəmizi davam etdirdik. Bizi müdafiə edən dövlət olmadığını anladıq. Bizim haqq işimizə səs verən dövlət yoxdur. Yeganə dövlət Türkiyə dövlətidir ki, bizim haqq işimizi müdafiə edir, bizə dəstək olur.

Azərbaycanın siyasi hakimiyyətində dəyişiklik olmalıdır. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Xocalıda baş vermiş soyqırımı biz dünyaya tanıtmağa başladıq. Xocalı ilə bağlı danışanda bizə təəccüblə baxan, şübhə ilə baxan dövlətlər var idi. Ancaq biz ruhdan düşmədik. 2012-ci ildə "Xocalıya Ədalət" kampaniyası ilə bağlı İstanbulda Taksim meydanında 1 milyondan artıq insan toplanmışdı. Bir çox dövlətlər hətta uzaq Amerika qitəsi də Azərbaycanın haqq işinə səs verdi, dünyanın bir çox xalqları Xocalı soyqırımını qəbul edib, tanıdılar. Bizə düşmən olan ermənilərin məkrini görə bildilər.

Azərbaycanın dövlət başçısı İlham Əliyevin Xocalı soyqırımının 30 illiyi ilə bağlı imzaladığı sərəncam tarixi bir sənəddir. Bu o deməkdir ki, 44 günlük müharibədən sonra da biz Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımla bağlı siyasətimizi uğurla davam etdiririk. Dövlət başçısı, Ali Baş Komandanın dediyi kimi biz Ermənistanla qonşuluq münasibətlərini bundan sonra da davam etdirə bilərik. Ancaq ermənilərin bizə qarşı həyata keçirdiyi bu soyqırımı heç vaxt unutmayacağıq. Bu siyasətdən imtina etməyəcəyik. Tarix boyu ermənilərin bizlərə qarşı törətdiyi vəhşilikləri təkcə öz millətimizə deyil, bütün dünyaya bəyan etməliyik və bəyan etmək bizim borcumuzdur. Dövlət başçısının xocalı soyqırımının 30 illiyi ilə bağlı vermiş olduğu sərəncam onu göstərir ki, xalq olaraq, dövlət olaraq Ermənistanı 44 günlük müharibədə darmadağın edən bir dövlət olaraq siyasətimiz birdir. Bizim diplomatiyamız hücüm diplomatiyasıdır. Biz Xocalı soyqırımının qurbanlarının qisasını aldıq, onların qanı yerdə qalmadı. Bununla yanaşı siyasətimizdə təkcə Xocalı soyqırımına məruz qalan insanlara yox, ümumiyyətlə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan insanların intiqamını aldıq. Azərbaycanın bütün torpaqlarında, o cümlədən Xocalıda üçrəngli bayrağımız şərəflə dalğalansın. Əminəm ki, bu günlər lap yaxındadır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə